Azər Məmmədov Qərb derbisində məğlubiyyətin əsas səbəbini açıqladı

28.11.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının çıxışından razı qaldığını, lakin nəticənin ədalətli olmadığını düşündüyünü deyib:

“Bu, Qərb derbisidir və “Turan Tovuz”la oyun bizim üçün çox vacib idi. Çempionatın liderlərindən biri, fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçularımızın Tovuzda yaxşı çıxış etdiyini düşünürəm. Rəqib turnir cədvəlində bizdən öndə olsa da, asanlıqla təslim olmayacağımızı göstərdik. Təəssüf ki, meydanı məğlub tərk etdik. Məncə, bu oyunda ən azı bir xal qazanmağa layiq idik”.

Məmmədov Gəncədən Tovuza gələn azarkeşlərə və göstərdikləri mübarizəyə görə futbolçularına təşəkkür edib.

Vaxtilə “Turan”da çıxış etmiş mütəxəssis əvvəlki illərdə keçirilən Qərb derbilərini də xatırladıb:

“Mənim oynadığım illər Tovuz futbolunun ən yaxşı dövrlərindən biri idi. Düşünürəm ki, 2004/2005 mövsümü Azərbaycan futbolunun ən maraqlı mövsümlərindən olub. O vaxt Qərb derbilərində azarkeşlərin sayı daha çox idi. Bununla yanaşı, bu gün də xoş atmosfer var idi”.

Baş məşqçi komandasının standart vəziyyətlərdə və uzun ötürmələr zamanı müdafiədə çətinlik çəkdiyini etiraf edib:

“Həftə ərzində bu cür vəziyyətlərdə müdafiə olunmaq üzərində işlədik. Ancaq fiziki göstəricilər və boy baxımından futbolçularımız rəqibin standart vəziyyətlərdə hücuma qoşulan oyunçularından geri qalırlar. Təəssüf ki, hər iki qolda uzun ötürmələrin və standart vəziyyətlərin qarşısını ala bilmədik”.

Məmmədov qarşılaşmanın sonlarında əsəbiləşməsinin səbəbini də açıqlayıb:

“Futbolçulardan rəqibin uzun ötürmələrinin qarşısını almağı istəmişdim. Təəssüf ki, tapşırığı yerinə yetirə bilmədilər. Buna görə əsəbiləşdim. Çünki bir və ya üç xal qazanmaq istəyiriksə, rəqibin uzun ötürmələrinə mane olmalıydıq”.

Gəncə təmsilçisinin çalışdırıcısı qarşıdakı “Qəbələ” və “Sumqayıt”la görüşlərdə də komandasının qələbə üçün mübarizə aparacağını vurğulayıb:

“Mən həmişə deyirəm ki, hər oyuna qələbə məqsədilə çıxmalıyıq. Baş məşqçi kimi futbolçulardan ilk növbədə müdafiədə diqqətli olmağı və qol buraxmamağı tələb edirəm. Səkkiz turdan sonra ilk dəfədir ki, səfərdə qapımızda iki qol görürük. “Turan Tovuz”la matça da üç xal üçün çıxmışdıq. Növbəti qarşılaşmalarda da hədəfimiz dəyişməyəcək”.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью