Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İmişli”nin kapitanı Azər Salahlı “Kəpəz”lə oyundan sonra “Apasport”a müsahibə verib.
– “Kəpəz”lə oyun barədə nə deyə bilərsən?
– Oyunun çətin keçəcəyini bilirdik. Çünki “Kəpəz”in çox yaxşı azarkeşləri var və bu gün də bunu göstərdilər. Stadionda əla futbol ab-havası, gözəl atmosfer var idi. Burada oynamaq həqiqətən də xoş idi. Əlimizdən gələni etdik, yaxşı qol epizodlarımız da oldu. Təəssüf ki, rəqib gözəl qol sayəsində qələbə qazandı. Namiki də vurduğu gözəl qola görə təbrik edirəm.
– Komandanızın sayılmayan qolu barədə nə düşünürsən? Epizodu izlədin?
– Bəli, epizodu izlədim. Düşünürəm ki, həmin epizodu davam etdirmək olardı. Top havada olarkən şübhəli məqam yaranırsa, hakimin dərhal fit çalıb oyunu dayandırması bir qədər yanlış idi. Ən azından epizodun davam etməsinə imkan vermək olardı. Daha sonra VAR-da baxıb qolu ləğv etmək və ya qeydə almaq mümkün idi. Mənim etirazım da məhz buna idi. Orada ayağa basma epizodu ola bilər, cüzi toxunuş da mümkündür. Amma düşünürəm ki, bunun qol epizoduna aidiyyəti yoxdur.
– Komandanızın potensialını necə dəyərləndirirsən? Səncə, daha yüksək pillələr uğrunda mübarizə apara bilərsiniz?
– Düşünürəm ki, oyundan-oyuna daha yaxşı futbol nümayiş etdiririk. Komandamız bugünkü qarşılaşmada da xarakter göstərdi. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edə bilərik. Buna potensialımız çatır.