Azərbaycan 9 ayda nə satıb, nə alıb?

12.11.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın ixracı nominal ifadədə 38,1 faiz artaraq 25 milyard 552,6 milyon ABŞ dollarına çatıb. İdxal isə 20,4 faiz azalaraq 13 milyard 345,9 milyon dollar təşkil edib.

Modern.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ölkənin xarici ticarət dövriyyəsi 38 milyard 898,5 milyon dollar olub. İxrac idxalı 12 milyard 206,7 milyon dollar üstələyib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi nominal ifadədə 10,3 faiz artsa da, real ifadədə 14,7 faiz azalıb. İxracda real artım 5,4 faiz, idxalda isə real azalma 37 faiz olub.

Bu dövrdə Azərbaycanın hüquqi və fiziki şəxsləri 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. 127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən məhsul gətirilib.

Qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb

Doqquz ayda qeyri-neft-qaz məhsullarının ixracı nominal ifadədə 2,5 dəfə artaraq 6 milyard 651,6 milyon dollara çatıb. Bu istiqamətdə real artım 76,9 faiz təşkil edib.

Ayrı-ayrı məhsullar üzrə işlənməmiş, yarımişlənmiş və ya toz şəklində qızıl ixracının dəyəri 3 milyard 781,6 milyon dollar olub. Qızıl ixracı nominal ifadədə 15,9 dəfə, real ifadədə isə 6,9 dəfə artıb.

Təzə meyvə ixracından 441 milyon dollar, təzə tərəvəz ixracından 185,7 milyon dollar, pambıq lifi ixracından isə 151,4 milyon dollar gəlir əldə olunub.

Ölkəyə 50 mindən çox minik avtomobili gətirilib

Yanvar–sentyabr aylarında Azərbaycana 943,2 milyon dollar dəyərində 50 min 898 minik avtomobili idxal olunub. Minik avtomobillərinin idxalı real ifadədə 34,9 faiz, nominal ifadədə isə 34,1 faiz azalıb.

Həmçinin ölkəyə 340,7 milyon dollarlıq dərman vasitələri, 224 milyon dollarlıq buğda və 177,2 milyon dollarlıq bitki yağları gətirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью