Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycan və ABŞ arasında, eyni zamanda İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən iqtisadiyyat, enerji, investisiya və texnologiya sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalanıb.
Məhz imzalanan müqavilələrin maliyyə dəyəri 7,5 milyard dollardır. Bu sənədlərdən biri “Kritik mineralların və nadir torpaq elementlərinin hasilatı və emalında təchizatın təmin edilməsi” adlı Azərbaycan və ABŞ arasında imzalanan çərçivə sənədidir.
Sənədi Azərbaycan tərəfindən iqtisadiyyat naziri Mikayıl Cabbarov, ABŞ tərəfindən isə ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr imzalayıb.
Bununla yanaşı, SOCAR, “TotalEnergies”, XRG və BOTAŞ arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsindən hasil olunacaq təbii qazın bir hissəsinin - hasilatın 50 faizinin (30 milyard kub metr) 15 il müddətində Türkiyə bazarına uzunmüddətli satışı üzrə saziş imzalanıb.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies”in kəşfiyyat və hasilat üzrə Avropa regionu üzrə böyük vitse-prezidenti Martina Opizzi, XRG-in beynəlxalq qaz üzrə prezidenti Mohammed Al-Aryani, BOTAŞ-ın direktoru və direktorlar şurasının sədri Abdulvahit Fidan imzalayıblar.
Qeyd edək ki, məhz Beynəlxalq Enerji Forumunda ABŞ ilə Azərbaycan arasında imzalanan sənədlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsi, xüsusilə də Azərbaycanda biznes və texnoloji yönümlü sahələrin inkişafı və ABŞ investisiyasının ölkəmizə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ ilə Azərbaycan arasında iqtisadi və investisiya yönümlü müqavilələrin imzalanması hər iki ölkə üçün önəmlidir:
“Əlbəttə ki, ABŞ ilə Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin və əməkdaşlığın genişlənməsi, xüsusilə də yeni investiya layihələrinin həyata keçirilməsi, həm ABŞ, həm də Azərbaycan üçün çox mühümdür. Bu, daha çox Azərbaycan üçün önəmlidir.
ABŞ-la investisiya layihələrinin həyata keçirilməsi ölkəmizdə yeni iş yerlərinin açılmasına, yeni texnoloji avadanlıqların gəlməsinə, yeni bazarlara çıxış imkanlarının yaranmasına, ixrac potensialının artmasına gətirib çıxaracaq və enerji daşıyıcılarının hasilatına çox ciddi töfhə verəcək.
ABŞ kimi ölkə ilə investisiya layihələri üzrə əməkdaşlığın genişlənməsi və dərinləşməsi Azərbaycanda iqtisadi dayanıqlığın möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Ona görə də ABŞ ilə Azərbaycan arasında imzalanan müqavilələri təqdirə layiq hesab edirəm”.
Yunis Abdullayev
“Cebheinfo.az”
Açar sözlər: Azərbaycan–ABŞ Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin