Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27.01.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 yanvar, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində simvolik addımlar bəzən rəsmi sənədlərdən daha artıq məna daşıyır və ciddi siyasi məzmunu üzə çıxarır. Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı, Sülh Şurasının Nizamnaməsi sənədinin imzalanması, ABŞ-ın siyasi rəhbərliyi ilə baş tutan görüşlər, eləcə də Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı təşəkkür mesajı ayrı-ayrı, təsadüfi siyasi hadisələr və ya sırf protokol xarakterli jestlər deyil. Bu addımların ardıcıllığı, əslində, Azərbaycan–ABŞ münasibətlərində son dövrlərdə formalaşan sistemli qarşılıqlı anlaşmanın siyasi mənzərəsini ortaya qoyur. Burada nə ani diplomatik jestdən, nə də təsadüfi ünsiyyətdən söhbət gedir. Məsələ daha dərin, quruluş xarakterli və yenilənmiş münasibətlər modelindən ibarətdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, Davos platforması təkcə iqtisadi məsələlərin müzakirə edildiyi məkan deyil, eyni zamanda, böyük güclərin prioritetlərini qeyri-rəsmi şəkildə sınaqdan keçirdiyi qlobal siyasi meydandır. Prezident İlham Əliyevin bu platformada fəal iştirakı Azərbaycanın artıq yalnız regional aktor deyil, daha geniş geosiyasi qovşaq nöqtəsi kimi qəbul edildiyini göstərir. Enerji təhlükəsizliyi, münaqişədən sonrakı mərhələ, regional nizam, nəqliyyat dəhlizləri və Cənubi Qafqazda sabitlik kimi məsələlər ABŞ və Avropa siyasi dairələrinin diqqət mərkəzindədir. Bu gündəmdə Azərbaycan artıq kənardan izləyən tərəf deyil, birbaşa təsir göstərən mühüm aktor kimi çıxış edir. Bu baxımdan Davos çərçivəsində ABŞ nümayəndələri ilə aparılan təmaslar Vaşinqtonun Bakı ilə dialoqu yalnız dəyərlər və demokratiya çərçivəsi ilə məhdudlaşdırmadığını, əksinə təhlükəsizlik və strateji maraqlar prizmasından daha praqmatik yanaşdığını nümayiş etdirir

Davosda Sülh Şurasının Nizamnaməsi sənədinin imzalanması ilk baxışdan texniki xarakter daşıyan addım təsiri bağışlaya bilər. Lakin beynəlxalq siyasətdə məhz bu cür texniki sənədlər real siyasi mühitdə normativ təsir gücü formalaşdırır. Azərbaycan bu addımla özünü yalnız münaqişədən çıxmış dövlət kimi deyil, regional sülh mexanizminin qurulmasında fəal iştirak edən əsas tərəf kimi təqdim edir. ABŞ üçün bu yanaşma xüsusilə əhəmiyyətlidir, çünki Vaşinqton uzun illərdir regionda birbaşa hərbi iştirakdan daha çox institusional və hüquqi mexanizmlər vasitəsilə təsir göstərməyə üstünlük verir. Bu mənada Sülh Şurası sənədi Azərbaycan–ABŞ münasibətlərində dəyərlər səviyyəsində kəsişmə nöqtəsi yaradır və suverenlik, regional sabitlik, çoxtərəfli əməkdaşlıq kimi anlayışlara yeni məzmun qazandırır.

“ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevlə görüşü və daha sonra ünvanladığı təşəkkür mesajı ayrıca diqqətə layiqdir. Donald Trampın siyasi üslubu klassik diplomatik ritorikadan çox, şəxsi münasibətlərə və birbaşa maraqlara əsaslanır. Bu baxımdan, onun təşəkkür mesajı, sadəcə, etik jest deyil. Bu addım Azərbaycanın konkret məsələlərdə ABŞ ilə qarşılıqlı uzlaşan mövqe sərgilədiyinin göstəricisidir. Tramp administrasiyası dövründə Azərbaycan enerji təhlükəsizliyi və regionda tarazlaşdırıcı rol baxımından Vaşinqton üçün etibarlı tərəfdaş kimi dəyərləndirilirdi. Bu xəttin bu gün yenidən aktuallaşması onu göstərir ki, Bakı ABŞ-da baş verən daxili siyasi dəyişikliklərdən asılı olmayaraq, mühüm strateji məsələlərdə öz mövqeyini qoruyub saxlaya bilib. Bu isə kiçik və orta dövlətlər üçün nadir diplomatik uğur hesab olunur.

Azərbaycan–ABŞ münasibətlərində müşahidə edilən bu yaxınlaşma yalnız emosional simpatiya ilə izah oluna bilməz. Burada üç əsas struktur amil ön plana çıxır. Birincisi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ABŞ üçün mühüm strateji əhəmiyyət kəsb edir. İkincisi, Cənubi Qafqazda formalaşan yeni reallıqlar Vaşinqtonu regionda etibarlı tərəfdaş axtarışına sövq edir. Üçüncüsü isə Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, Rusiya, Avropa İttifaqı və ABŞ arasında çevik manevr imkanları onu geosiyasi baxımdan riskli deyil, etibarlı tərəf kimi təqdim edir”, - deyə A.Əliyev vurğulayıb.

Politoloq əlavə edib ki, bu gün müşahidə olunan proseslər Azərbaycan–ABŞ münasibətlərində, sadəcə, taktiki yaxınlaşma deyil, strateji dialoqa keçidin ilkin cizgilərini xatırladır. Davosda verilən mesajlar, sülh institutları üzərindən aparılan siyasət və yüksək səviyyəli şəxsi diplomatiya bir-birini tamamlayan ünsürlərdir. Əsas məsələ ondan ibarətdir ki, Bakı bu münasibətləri asılılıq yaratmadan, qarşılıqlı maraqlar balansı əsasında inkişaf etdirməyi bacarır. Məhz buna görə Prezident İlham Əliyevin son diplomatik addımları təkcə cari siyasi gündəmin deyil, Azərbaycanın uzunmüddətli xarici siyasət kursunun məntiqi davamı kimi dəyərləndirilməlidir. Bu kursun nəticəsi isə onu göstərir ki, Azərbaycan artıq qlobal siyasətdə mövqe axtaran deyil, mövqeyi nəzərə alınan dövlətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью