Azərbaycan Ağsaqqallar Şurası Prezidentə təbrik ünvanlayıb

07.11.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Ağsaqqallar Şurası 8 Noyabr – Zəfər Günü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az-ın məlumatına görə, təbrik məktubunu Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Şuranın sədri, millət vəkili professor Eldar Quliyev imzalayıb.
Məktubda deyilir:

Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!

Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm tarixi Qələbənin altıncı ildönümü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından ürəkdən təbrik edir, xalqımıza bəxş etdiyiniz misilsiz Zəfərə görə Sizə dərin ehtiram və minnətdarlığımızı bildiririk!

8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən, milli qürur və dövlətçilik salnaməmizin ən parlaq zirvələrindən biridir. Bu möhtəşəm Qələbə Sizin qətiyyətli rəhbərliyiniz, müdrik siyasətiniz, sarsılmaz iradəniz və Müzəffər Ali Baş Komandan kimi nümayiş etdirdiyiniz yüksək sərkərdəlik məharəti, qəhrəman Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində mümkün oldu. Siz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ata vəsiyyətini yerinə yetirdiniz, 30 illik işğala son qoydunuz, tarixi ədaləti bərpa edərək Azərbaycanın ərazi bütövlüyünə nail oldunuz. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərpası bu tarixi Zəfərin məntiqi və möhtəşəm davamı oldu.

Müharibə meydanında qazanılan Qələbəni siyasi və diplomatik müstəvidə də möhkəmləndirən Sizin uzaqgörən siyasətiniz Azərbaycanın beynəlxalq nüfuzunu və mövqelərini daha da gücləndirdi. Bu gün ölkəmiz qalib dövlət kimi regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.

Möhtərəm cənab Prezident!

Bu gün Sizin rəhbərliyinizlə Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdış proqramı çərçivəsində ata-baba torpaqlarına qayıdırlar. Yenidən qurulan şəhər və kəndlərimiz, salınan müasir infrastruktur, açılan məktəblər, xəstəxanalar və digər sosial obyektlər qalib Azərbaycanın gücünü, quruculuq əzmini və gələcəyə inamını nümayiş etdirir. Bütün bunlar Sizin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinizin və Azərbaycan dövlətinin artan iqtisadi-siyasi qüdrətinin parlaq təzahürüdür.

Bu tarixi və qürurverici gündə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvü xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçilik ənənələrinin qorunmasını özünün başlıca vəzifələrindən hesab edir. Biz Sizin rəhbərliyinizlə həyata keçirilən daxili və xarici siyasəti, ölkəmizin tərəqqisinə, milli maraqlarımızın və dövlət suverenliyimizin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətinizi bundan sonra da dəstəkləyəcək, dövlətimizin və xalqımızın mənafeyi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

Möhtərəm cənab Prezident!

Biz fəxr edirik ki, Zəfər Gününün altıncı ildönümündə və 9 Noyabr – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli müqəddəs bayrağımız işğaldan tam azad edilmiş suveren Azərbaycanın  hər qarış torpağında qürurla dalğalanır. Bu əlamətdar gündə bir daha Sizi və Sizin timsalınızda bütün xalqımızı, Azərbaycanın davamlı inkişafı naminə fədakar fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanı 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq! Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da böyük nailiyyətlərə imza atacaq, qüdrətli dövlətimiz və qalib xalqımız qarşısında duran bütün hədəflərə nail olacaqdır.

Yaşasın qalib Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın şanlı Azərbaycan Ordusu!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью