Azərbaycan AİPA nın 47 ci Baş Assambleyasında təmsil olunub

23.11.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında (AİPA) nümayəndə heyətinin rəhbəri Zaur Şükürov noyabrın 17-20-də Filippin Respublikasının Manila şəhərində səfərdə olub.

525.az xəbər verir ki, Milli Məclisin deputatı AİPA-nın 47-ci Baş Assambleyasında və AİPA-Azərbaycan Dialoqunda iştirak edib.

AIPA-nın 47-ci Baş Assambleyasının noyabrın 18-də keçirilən plenar iclasında çıxış edən Zaur Şükürov ASEAN-nın regionda sülhün, inkişafın təmin edilməsi və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində fəaliyyətinə toxunaraq, Azərbaycanın və Milli Məclisin ASEAN və AİPA ilə fəal əməkdaşlığı, bu xüsusda parlamentlərarası əlaqələrin rolunu vurğulayıb.

Deputat Qoşulmama Hərəkatının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş Parlament Şəbəkəsi (QH PŞ) ilə AİPA arasında 2023-cü ildə imzalanmış Anlaşma Memorondumunun əhəmiyyətinə diqqət çəkib. Eyni zamanda, AİPA üzv dövlətlərin QH PŞ platformasında davamlı olaraq yaxından iştirakının tərəflər üçün faydalı ola biləcəyini qeyd edib.

Milli Məclisin deputatı Zaur Şükürov AIPA-nın 47-ci Baş Assambleyası çərçivəsində AIPA-Azərbaycan dialoqunda təqdimatla çıxış edib.

Təqdimatda Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu, parlament diplomatiyası, bu xüsusda ASEAN bölgəsi ilə əməkdaşlığımızın perspektivləri, ASEAN-nın əsas hüquqi-siyasi sənədi olan Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinə (TAC) ölkəmizin qoşulması imkanları barədə danışıb.

O, eyni zamanda, Azərbaycan Milli Məclisi və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə AIPA arasında əlaqələrin inkişafı, enerji, nəqliyyat, bağlantı, o cümlədən Zəngəzur dəhlizi və TRİPP layihəsi, investisiya strategiyamız, mədəniyyətlərarası dialoqa verdiyimiz əhəmiyyətli töhfə və beynəlxalq humanitar layihələrdə iştirakımız barədə məlumat verib.

Dialoq əsnasında deputat xüsusilə də, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin məhv edilməsinə, ekosid, urbisid, mina terroruna, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində işğaldan azad etdiyimiz torpaqlarımıza Böyük Qayıdışa dair Dövlət Proqramına, Prezident İlham Əliyevin sülh təşəbbüslərinə və Ermənistan-Azərbaycan normallaşma prosesinə diqqət çəkib.

Milli Məclisin deputatı üzv dövlətlərin nümayəndələrinin çıxışları və sualları ilə əlaqədar şərh və cavablarını səsləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью