Azərbaycan Almaniya tərəfdaşlığı geniş iqtisadi potensiala malikdir

18.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın xarici işlər naziri Yohan Vadefulun Azərbaycana səfəri, Prezident İlham Əliyevin onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi, eləcə də Ceyhun Bayramovla keçirilən görüşlər iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından önəmlidir. Səfər çərçivəsində səsləndirilən fikirlər göstərir ki, rəsmi Berlin Azərbaycanı Cənubi Qafqazda etibarlı iqtisadi tərəfdaş, Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat qovşağı və enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli təchizatçı kimi qiymətləndirir.

Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin mövcud səviyyəsi ticarət göstəricilərində də əksini tapır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib. Bunun 550,07 milyon dolları Azərbaycanın Almaniyaya ixracının, 826,1 milyon dolları isə idxalının payına düşüb. Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında yeddinci yerdə qərarlaşıb.

Birgə mətbuat konfransında Ceyhun Bayramov cari ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin təxminən 1 milyard dollara çatdığını açıqlayıb. Nazir, həmçinin Almaniya ilə investisiya əməkdaşlığının göstəricilərinə diqqət çəkib. Onun sözlərinə görə, indiyədək Almaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 950 milyon dollara, Azərbaycanın Almaniyaya investisiyaları isə 670 milyon dollardan artıq məbləğə çatıb. Azərbaycanda 280 Almaniya şirkəti qeydiyyatdan keçib, onlardan 210-u hazırda fəaliyyət göstərir. Dövlət Neft Fondunun Almaniya şirkətlərinin qiymətli kağızlarına və müxtəlif fondlara yatırımları isə 1,8 milyard dollar təşkil edir.

Bu göstəricilər əməkdaşlığın geniş iqtisadi potensiala malik olduğunu göstərir. Xüsusilə alman şirkətlərinin qeyri-neft sektorunda iştirakı, sənaye istehsalı, texnoloji avadanlıqlar, kənd təsərrüfatı və logistika sahələrində birgə layihələrin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından əhəmiyyətlidir.

Daha geniş müstəvidə Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri də bu tərəfdaşlığın əhəmiyyətini artırır. 2025-ci ildə Azərbaycanla Aİ ölkələri arasında mal ticarətinin dövriyyəsi 19,77 milyard dollar olub. Azərbaycanın Avropa İttifaqına ixracı 16,9 milyard dollar, idxalı isə 2,826 milyard dollar təşkil edib. 2026-cı ilin yanvar-sentyabr aylarında isə qarşılıqlı mal ticarəti 15,12 milyard dollara çatıb. Bu müddətdə Aİ ölkələrinin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 40,63 faiz olub.

Almaniya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Avropa bazarındakı mövqeyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Avropa İttifaqının Azərbaycanın ən böyük ixrac bazarı olması, enerji və nəqliyyat sahələrində əməkdaşlığa maraq göstərməsi rəsmi Berlinin Bakı ilə münasibətlərinə əlavə iqtisadi məzmun qazandırır.

Yeri gəlmişkən, Ceyhun Bayramov birgə mətbuat konfransında 2026-cı ildən Almaniyaya təbii qaz ixracına başlanıldığını və bununla Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatdığını bildirib. Almaniyanın xarici işlər naziri Yohan Vadeful isə Azərbaycanı ölkəsinin enerji iqtisadiyyatı üçün əvəzolunmaz tərəfdaş adlandıraraq bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

SOCAR 2026-cı ilin yanvarından Almaniyaya və Avstriyaya qaz tədarükünə başlayıb. Almaniyanın SEFE şirkəti ilə imzalanmış 10 illik müqaviləyə əsasən, Almaniyaya ildə 1,5 milyard kubmetr qaz tədarükü nəzərdə tutulur. Qaz Avropaya Trans-Adriatik Boru Kəməri vasitəsilə çatdırılır.

Azərbaycanın Avropa bazarındakı enerji mövqeyini ixrac statistikası da təsdiqləyir. 2025-ci ildə Avropaya 12,8 milyard kubmetr təbii qaz ixrac olunub. Həmin il Avropa İttifaqına xam neft ixracı 21,1 milyon tonu ötüb. Bu, Azərbaycanın ümumi xam neft ixracının 90,2 faizinə bərabərdir. Belə bir mənzərə Azərbaycanın Avropa enerji bazarında etibarlı təchizatçı rolunu göstərir.

Digər mühüm istiqamət Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsidir. Ceyhun Bayramovun sözlərinə görə, layihə Almaniya tərəfi ilə də müzakirə olunub və Berlin bu təşəbbüsü faydalı hesab edir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan layihə Xəzər regionunda istehsal olunan yaşıl enerjinin Avropa bazarına ötürülməsi üçün yeni imkanlar yarada bilər. 

Azərbaycanın Avropa üçün əhəmiyyətini artıran əsas amillərdən biri də onun coğrafi mövqeyi və beynəlxalq nəqliyyat marşrutlarında iştirakıdır. Xüsusilə Orta Dəhliz Avropa ilə Mərkəzi Asiya arasında ticarət əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bu marağın iqtisadi əsasları kifayət qədər güclüdür. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən Orta Dəhliz vasitəsilə 4,1 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur. Ümumilikdə isə cari ilin ilk 9 ayında ölkə ərazisindən tranzit daşımaların həcmi 12 milyon tonu ötüb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası bu marşrutun əsas infrastruktur dayaqlarıdır. Almaniya şirkətlərinin həmin imkanlardan faydalanması, logistika mərkəzlərinin yaradılması və tranzit xidmətlərinə investisiya yatırması üçün geniş perspektivlər mövcuddur.

Azərbaycanın nəqliyyat imkanları Avropa şirkətlərinə Asiya bazarlarına alternativ və daha çevik çıxış imkanı yaradır. Bu səbəbdən Berlinin Orta Dəhlizə marağı yalnız nəqliyyat sahəsi ilə bağlı kommersiya məsələsi kimi qiymətləndirilə bilməz. Söhbət Avropa və Asiya arasında yeni təchizat zəncirlərinin formalaşmasından, ticarət marşrutlarının şaxələndirilməsindən və regional logistika imkanlarının genişləndirilməsindən gedir.

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafında turizm də perspektivli sahələrdən biridir. Ceyhun Bayramovun açıqlamasına görə, 2025-ci ildə Almaniyadan Azərbaycana 24 mindən çox turist gəlib. 2026-cı ilin ilk 10 ayında isə bu göstərici 25 mini ötüb. Nazir iki ölkə arasında müntəzəm birbaşa uçuşların sayının artırılmasında Azərbaycanın maraqlı olduğunu bildirib. Bu addım turist axınının genişlənməsi ilə yanaşı, işgüzar səfərlərin, şirkətlərarası əlaqələrin və qarşılıqlı investisiya təşəbbüslərinin inkişafına da müsbət təsir göstərə bilər.

Vadefulun Azərbaycana səfəri göstərir ki, Almaniya ölkəmizlə iqtisadi münasibətləri daha geniş istiqamətlər üzrə inkişaf etdirmək niyyətindədir. Enerji təchizatı, yaşıl enerji layihələri, Orta Dəhliz, investisiyalar, sənaye və turizm sahələrində müzakirə olunan məsələlər bu marağın konkret istiqamətlərini ortaya qoyur.

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılaşma da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şuranın fəaliyyəti şirkətlər arasında birbaşa əlaqələrin qurulmasına, investisiya layihələrinin müəyyənləşdirilməsinə və mövcud iqtisadi potensialın reallaşdırılmasına kömək edə bilər.

Musa BAĞIRLI

XQ

Ekspert rəyi

Emin QƏRİBLİ,

İqtisadçı-ekspert

Almaniya dünya iqtisadiyyatının mühüm oyunçularından biridir. Bildiyimiz kimi, bu ölkə inkişaf etmiş iqtisadiyyata malikdir və Avropa İttifaqının ən güclü iqtisadiyyatlarından biri, hətta ən güclüsüdür. Almaniya, eyni zamanda, yüksək texnologiyalı məhsullar istehsal edən ölkə kimi tanınır.

Məlumdur ki, bu ildən Almaniyaya qaz tədarükünə başlamışıq. Almaniyanın Avropada mühüm iqtisadi gücə malik dövlət olduğunu nəzərə alsaq, Avropa bazarında, xüsusilə də Almaniya iqtisadiyyatında Azərbaycanın payının artırılması ölkəmizin maraqlarına uyğundur. 

Enerji məsələsi Almaniya üçün olduğu qədər, bütövlükdə Avropa İttifaqı üçün də böyük əhəmiyyət daşıyır. Çünki enerji təminatı Avropa İttifaqının iqtisadi artımına və sosial göstəricilərinə birbaşa təsir edən amillərdəndir. 

Digər tərəfdən, Almaniyanın dünyada gedən proseslərə və nəqliyyat dəhlizlərinin inkişafına marağının artdığını görürük. Azərbaycanın beynəlxalq mövqeyi gücləndikcə, ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlarının əhəmiyyəti də artır. ABŞ və Çin bu proseslərdə fəal iştirak edirlər. Avropa ölkələri, xüsusilə Almaniya da regionda və beynəlxalq nəqliyyat əlaqələrində mövqelərini qorumağın və gücləndirməyin vacibliyini anlayırlar. Son dövrlərdə Avropa İttifaqı rəhbərliyinin Azərbaycana investisiyaların artırılması ilə bağlı çağırışları da bu marağın göstəricisidir.

Əslində, bu istiqamətlərə vaxtında investisiya yatırılmasa, gələcəkdə mövqelərin itirilməsi riski yarana bilər. Bunu ayrı-ayrı bazarlarda gedən proseslərdə də müşahidə edirik. İnkişaf etmiş ölkələrin, xüsusilə Çinin müxtəlif sahələrdə mövqelərini gücləndirməsi Avropanın rəqabət imkanlarına təsir göstərir. 

Bununla yanaşı, biz sənaye kooperasiyasının qurulmasında da maraqlıyıq. Almaniya dünya bazarında yüksək texnologiyalı və sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış ölkədir. Bu baxımdan, alternativ enerji sahəsində Almaniya ilə əməkdaşlıq bizim üçün olduqca faydalı olardı. 

Düşünürəm ki, Almaniya investisiyalarının artması ölkəmizin maliyyə sektorunun inkişafına da müsbət təsir göstərə bilər. Hazırda Almaniyanın iri bankları və maliyyə institutları ilə müəyyən əlaqələrimiz mövcuddur. Bu institutlarla əməkdaşlığın genişləndirilməsi maliyyə sistemimizin şaxələndirilməsinə və inkişafına xidmət edə bilər.

Əminəm ki, bu münasibətlərin inkişafı təkcə Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı, xüsusilə də Almaniya arasında əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью