Azərbaycan Avrasiyanın məkan məlumatları şəbəkəsində

16.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində keçirilən Avrasiya Məkan Məlumatları İnfrastrukturu İdarəetmə Komitəsinin 12-ci konfransında iştirak edib. Toplantı rəqəmsal transformasiya, geoməkan məlumatlarının idarə olunması və rəqəmsal xəritə texnologiyalarının tətbiqi mövzularına həsr edilib.

Dövlət Xidmətindən verilən məlumata görə, “Rəqəmsal transformasiya şəraitində milli məkan məlumatları infrastrukturları: intellektual geoməkan ekosistemi və ərazilərin rəqəmsal əkizləri” mövzusunda keçirilən konfransda xidmətin rəis müavini qurumun fəaliyyəti, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatı və ünvan reyestrinin aparılması, daşınmaz əmlakın kadastrı, torpaq münasibətlərinin tənzimlənməsi və Azərbaycanın torpaq fondu kimi bir sıra sahələr barədə məlumat verib. Toplantıda üzv ölkələrin təcrübəsi, 3D xəritələrin və peyk təsvirlərinin torpaq idarəçiliyində tətbiqi, habelə ölkələrarası məlumat mübadiləsi məsələləri müzakirə olunub.

Konfrans çərçivəsində Azərbaycanın ESDI-yə üzv olması rəsmi olaraq təsdiqlənib. Sonda tərəflər arasında gələcək əməkdaşlığın prioritet istiqamətləri müəyyən edilib.

Qeyd edək ki, Avrasiya Məkan Məlumatları İnfrastrukturu region ölkələri arasında coğrafi və məkan məlumatlarının inteqrasiyasını, standartlaşdırılmasını və qarşılıqlı təhlükəsiz mübadiləsini təmin edən beynəlxalq təşəbbüs qrupudur. Buraya Koreya, Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Azərbaycan, Tacikistan və Özbəkistan dövlətləri üzvdür.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью