Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli münasibətlərini inkişaf etdirməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Bakı Avropa ilə əməkdaşlığını yalnız enerji təhlükəsizliyi çərçivəsində deyil, siyasi dialoq, nəqliyyat, investisiya və regional təhlükəsizlik məsələləri üzrə də genişləndirməkdə maraqlıdır. Bu baxımdan Azərbaycan-Litva münasibətləri xüsusi əhəmiyyət kəsb edir.
Noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərdə yeni mərhələnin başlanğıcıdır. Azərbaycan artıq Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədlərinə malikdir. Bu, Bakının Brüssellə münasibətlərini inkişaf etdirməklə yanaşı, ayrı-ayrı Avropa dövlətləri ilə birbaşa əməkdaşlığa da xüsusi önəm verdiyini göstərir.
Səfərin ən mühüm siyasi məqamlarından biri Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcək olmasıdır. Vilnüsün Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirməsi məhz bu dövrə təsadüf edir. Litvanın qarşıdakı sədrliyi Bakı ilə Brüssel arasında siyasi dialoqun intensivləşməsi üçün əlavə imkanlar yarada bilər. Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini dəstəkləməsi isə əməkdaşlığın təhlükəsizlik istiqamətində inkişaf perspektivlərini ortaya qoyur.
İqtisadi baxımdan Azərbaycan və Litva arasında mövcud potensialdan hələ tam istifadə olunmur. Noyabrın 26-da Bakıda keçirilməsi nəzərdə tutulan biznes forumu bu istiqamətdə konkret addımların atılması baxımından əhəmiyyətlidir. Azərbaycanın Orta Dəhlizdəki mövqeyi, Ələt Azad İqtisadi Zonasının imkanları, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları Litva şirkətləri üçün yeni investisiya istiqamətləri ola bilər. Eyni zamanda, Baltik dənizi ilə Xəzər regionu arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi hər iki ölkənin iqtisadi maraqlarına uyğundur.
Görüşdə Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə edilməsi də diqqətçəkən məqamlardandır. Prezident İlham Əliyevin son bir ildə Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşındığını açıqlaması regionda iqtisadi normallaşmanın artıq praktiki nəticələr verdiyini göstərir. Bu proses Avropa dövlətlərinin Cənubi Qafqazda həyata keçirilən nəqliyyat layihələrinə marağını artıra bilər. Litvanın da bu istiqamətdə əməkdaşlığa maraq göstərməsi Azərbaycanın regional təşəbbüslərinin Avropa gündəliyində daha geniş yer almasına şərait yarada bilər.
Ümumilikdə, Azərbaycan-Litva strateji tərəfdaşlığına yalnız ikitərəfli münasibətlər kontekstində yanaşmaq doğru olmazdı. Bu əməkdaşlıq Azərbaycanın Baltik regionunda siyasi və iqtisadi əlaqələrinin genişlənməsi, Avropa institutları ilə dialoqunun dərinləşməsi baxımından da əhəmiyyətlidir. Qarşıdakı altı aylıq Litva sədrliyi dövründə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və Cənubi Qafqazda davamlı sülh məsələlərinin Bakı-Brüssel münasibətlərində daha çox ön plana çıxması mümkündür.
Züriyə Qarayeva