Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan-Avropa münasibətləri geosiyasi reallıqlar, enerji təhlükəsizliyi və Avrasiya nəqliyyat marşrutlarının inkişafı fonunda yeni məzmun qazanır. Avropanın enerji mənbələrini şaxələndirmək, alternativ nəqliyyat bağlantılarını inkişaf etdirmək və regional təhlükəsizliyi möhkəmləndirmək ehtiyacı Azərbaycanın strateji əhəmiyyətini artırır. Bu baxımdan, noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin IX sammiti və 2028-ci ildə Bakının XII sammitə ev sahibliyi edəcək olması xüsusi siyasi əhəmiyyət daşıyır.
Bu fikirləri politoloq Aytən Qurbanova SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Dublin sammiti Azərbaycanın Avropa ilə əməkdaşlığının artıq yalnız enerji məsələləri ilə məhdudlaşmadığını, təhlükəsizlik, nəqliyyat, investisiya və regional siyasi dialoq istiqamətlərini də əhatə etdiyini göstərib.
Politoloq qeyd edib ki, Azərbaycanın Avropa İttifaqına qaz ixracının artması, bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları və enerji təchizatının şaxələndirilməsində ölkəmizin rolu diqqət çəkən məsələlərdəndir. Sammit çərçivəsində Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması da Azərbaycanın Avropa istiqamətində xarici siyasətinin genişlənməsi baxımından əhəmiyyətlidir. Sənədin enerji, müdafiə və təhlükəsizlik, nəqliyyat, investisiya və texnologiya sahələrini əhatə etməsi münasibətlərin daha geniş strateji məzmun aldığını göstərir.
A.Qurbanova vurğulayıb ki, Orta Dəhlizin inkişafı Azərbaycanla Avropa arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Qlobal təchizat zəncirlərində yaranan risklər fonunda bu marşrutun əhəmiyyəti daha da artır. Azərbaycanın coğrafi mövqeyi, liman və dəmir yolu infrastrukturu ölkəmizi Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevirir. Bununla yanaşı, marşrutun rəqabət qabiliyyətinin yüksəldilməsi üçün infrastrukturun modernləşdirilməsi və tranzit prosedurlarının sadələşdirilməsi zəruridir.
O bildirib ki, Dublin sammitinin digər mühüm istiqamətlərindən biri də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regional kommunikasiyaların inkişafı ilə bağlı müzakirələr olub. Cənubi Qafqazda davamlı sülhün təmin olunması yalnız region ölkələrinin deyil, Avropanın da iqtisadi və təhlükəsizlik maraqlarına uyğundur. Regional kommunikasiyaların açılması Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə və yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər. Bu prosesdə Azərbaycanın mövqeyi dövlət suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı öhdəliklərə hörmət prinsiplərinə əsaslanır.
Politoloqun fikrincə, 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq siyasi mövqeyi və Avropa ilə dialoqu baxımından yeni imkanlar yaradacaq. Bu qərar ölkəmizin regional və beynəlxalq məsələlərin müzakirəsində artan rolunun göstəricisidir. Avropanın çoxsaylı dövlət və hökumət başçılarının Bakıda bir araya gəlməsi Azərbaycanın enerji təhlükəsizliyi, Orta Dəhliz, Xəzərin yaşıl enerji potensialı və Cənubi Qafqazda sülh gündəliyini beynəlxalq müstəvidə təqdim etməsinə imkan verəcək.
A.Qurbanova əlavə edib ki, Dublin sammiti Azərbaycanın Avropa üçün enerji təchizatçısından daha geniş strateji tərəfdaşa çevrildiyini bir daha nümayiş etdirib. 2028-ci ildə Bakıda keçiriləcək sammit isə bu tərəfdaşlığın siyasi, iqtisadi və regional ölçülərini genişləndirmək üçün mühüm fürsət yaradacaq.