Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənab Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziya kanalına verdiyi müsahibədə Azərbaycanın Avropa Parlamentinin ünvanına səsləndirdiyi daimi və sistemli tənqidlərə münasibətini aydın şəkildə ifadə etmişdir.
Cənab Prezident vurğulamışdır ki, Azərbaycan dövləti artıq Avropa Parlamentinin qəbul etdiyi qərəzli və reallıqdan uzaq qətnamələrə və bəyanatlara reaksiya vermir.
Dövlət başçısının fikrincə, bu tənqidlər konstruktiv dialoq və əməkdaşlıq məqsədi daşımır, əksinə, müəyyən siyasi dairələrin və lobbi qruplarının sifarişi əsasında formalaşdırılır.
Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, əvvəllər Azərbaycan bu cür ittihamlara cavab verməyə, öz mövqeyini izah etməyə çalışırdı.
Lakin zaman keçdikcə aydın oldu ki, Avropa Parlamentində Azərbaycana qarşı formalaşmış yanaşma obyektivlikdən uzaqdır və dəyişməz xarakter daşıyır.
Məhz bu səbəbdən Azərbaycan artıq enerji və resurslarını nəticəsiz polemikalara sərf etmir və bu qurumun mövqeyini ciddi siyasi amil kimi qiymətləndirmir.
Cənab Prezident xüsusi olaraq vurğulamışdır ki, Avropa Parlamentinin bəzi üzvləri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqil xarici siyasət yürütmək hüququnu qəbul edə bilmirlər.