Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
TAP kəməri ilə “köhnə qitə”nin 12 ölkəsinə 60 milyard kubmetr “mavi yanacaq” ixrac olunub
Ölkəmizin Avropa İttifaqı ilə enerji əməkdaşlığı uğurla davam edir. “Mavi yanacağ”a tələbatın artdığı indiki şəraitdə Avropa istehlakçıları potensial qaz tədarükçüsü kimi ölkəmizə daha çox güvənirlər. Elə Azərbaycanın hazırda Avropanın 12 ölkəsinə qaz ixrac etməsi də bunun əyani sübutudur.
Bu arada, “köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən Trans-Adriatik Qaz Boru Kəməri ilə Avropa qitəsinə nəql olunun qazın həcmi 60 milyard kubmetrə çatıb. Bu barədə boru kəmərinin operatoru olan TAP AG konsorsiumu məlumat yayıb. Qurum, eyni zamanda, bu göstəricini Avropanın enerji təhlükəsizliyinə və qaz təchizatının şaxələndirilməsinə verilən davamlı töhfə kimi dəyərləndirib.
Azərbaycan Avropa İttifaqı ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqları davam etdirir. İyulun 13-də “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bu barədə deyib: “Biz bu ildən Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Bu, bizim ümumi strategiyamızın tərkib hissəsidir ki, Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirək. Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Bəli, biz artıq 16 ölkəyə boru kəmərləri ilə qaz nəql edirik. Bu baxımdan bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək”.
Hazırda Avropa İttifaqının digər üzvləri ilə də həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqların getdiyini bildirən dövlətimizin başçısı bununla bağlı müraciətlərin olduğunu vurğulayıb. Prezident hazırda Azərbaycanı etibarlı tərəfdaş, proqnozlaşdırıla bilən mənbə kimi xarakterizə edərək deyib ki, 10 il əvvəl ilə müqayisədə ölkəmizin bu sahədə rolu indi daha vacibdir.
Azərbaycanın Avropanın qaza olan tələbatının ödənilməsi üçün imkanları isə olduqca genişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmizin təsdiq olunmuş təbii qaz ehtiyatları, təxminən, 2,5 trilyon kubmetrdən 2,6 trilyon kubmetrədək qiymətləndirilir. Həmin ehtiyatların əsas hissəsi “Şahdəniz”, “Abşeron”, “Babək” və “Ümid” kimi iri yataqların payına düşür. Son illər hasilatı artırmaqla Avropa bazarlarına daha çox qaz çıxarılmasına nail olmaq məqsədilə ölkəmizdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşa forumunda bu barədə məlumat verən Prezident İlham Əliyev “mavi yanacaq” hasilatını artırmaq üçün müvafiq işçi proqramın tərtib edildiyini və sərmayə portfelinin yaradıldığını diqqətə çatdıraraq deyib: “Eyni zamanda, bərpaolunan enerji ilə bağlı işlər görülür. Bunun sayəsində biz qaza qənaət edəcəyik. 2032-ci ilə qədər biz bərpaolunan enerjinin həcmini 8 giqavata çatdıracağıq və bu, bizə ildə 2-3 milyard kubmetr qaza qənaət etməyə kifayət edəcək. Bu gün həmin qaz elektrik enerjisinin istehsalı üçün sərf edilir. Yəni bu iki vacib faktor: qaz hasilat portfeli və profili genişləndirilir və lazımi olan bazar var”.
Bununla yanaşı, nəqliyyat infrastrukturunu genişləndirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı ölkəmizin qaz ixracı infrastrukturunun 2022-ci il Rusiya–Ukrayna müharibəsindən əvvəlki dövrə uyğun tərtib edildiyini xatırladaraq deyib ki, müharibə başlayandan sonra Azərbaycan qazına tələbat kəskin artdığından Avropa Komissiyasından hasilatın artırılması ilə bağlı müraciətlər çoxalıb. 2022-ci illə müqayisədə Avropa İttifaqına qaz ixracının 65 faiz artdığını diqqətə çatdıran Prezident İlham Əliyev bu rəqəmin getdikcə artacağını vurğulayıb.
Yaşıl gündəliyin aktuallıq kəsb etdiyi indiki şəraitdə Avropa banklarının yanacaq enerjisinə sərmayə qoymaq istəmədiklərini vurğulayan dövlətimizin başçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfəri zamanı maliyyə resursları və uzunmüddətli müqavilələrlə bağlı məsələlərin müzakirə edildiyini bildirib. Qaz ixracı zamanı infrastrukturun şaxələndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev deyib: “Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik. Məsələn, Suriyaya qaz nəql edirik. Yəni biz Suriyadan qonşu ölkələrə də keçə bilərik, orada da böyük tələbat var. Yəni Avropalı tərəfdaşlarımız ilə təmaslarımızda biz onu, mesajı çatdırırıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var və birgə səy göstərərək qaz nəqli sistemini genişləndirməyə ehtiyac var”.
Göründüyü kimi, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin uğurlu fəaliyyəti nəticəsində ölkəmizin Avropa ittifaqı ilə enerji sahəsində əməkdaşlığı getdikcə genişlənir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropa bazarlarına nəql edən bu nəhəng boru kəmərinin uzunluğu 878 kilometr təşkil edir. Yunanıstan–Türkiyə sərhədində TANAP-a birləşən qaz kəməri Yunanıstan və Albaniyadan, eləcə də Adriatik dənizinin dibindən keçməklə İtaliyadək uzanır.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ilə təxminən 10 milyard kubmetr təşkil edir və bazar tələbi, eləcə də tənzimləyici qurumların razılığı olduğu təqdirdə bu həcmin ildə 20 milyard kubmetrə qədər artırılması mümkündür. Layihənin idarəedici direktoru Luka Skiepatti bir qədər əvvəl mətbuata müsahibəsində bildirib ki, Trans-Adriatik Qaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya qərarının 2027-ci ilin birinci rübündə qəbul ediləcəyi gözlənilir. Onun sözlərinə görə, 2025-ci ilin iyul ayında başladılmış bazar testinin öhdəlik yaratmayan mərhələsi hələ də davam edir və proses növbəti mərhələlərə keçir. Bu mərhələlər çərçivəsində potensial genişləndirmə əlavə şəkildə işlənəcək və qiymətləndiriləcək, o cümlədən məsləhətləşmələr aparılacaq və yekun layihə təklifi hazırlanacaq.
Qeyd edək ki, Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının 2-ci işlənmə mərhələsi çərçivəsində hasil edilən təbii qazın TAP kəməri vasitəsilə Avropaya nəqlinə isə həmin il dekabrın 31-də başlanılıb. Prosesin ilk günündə kəmərlə 10,7 milyon kubmetr qazın Avropaya ixracı qeydə alınıb. Bununla da ölkəmiz tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarmaq imkanı qazanıb.
2021-ci ildə ölkəmizdən “köhnə qitə”yə 8 milyard 150 milyon kubmetr təbii qaz ixrac olunub. Avropada Azərbaycan qazına tələbatın getdikcə çoxalması ilə əlaqədar həm alıcı ölkələrin, həm də “mavi yanacağ”ın həcmi ildən-ilə artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, bunun da 12-si Avropa dövlətləridir. 2025-ci ildə həmin ölkələrə 12,5 milyard kubmetr qaz ixrac olunub. Ümumilikdə, ötən müddətdə TAP Avropaya 60 milyard kubmetrdən artıq Azərbaycan qazı nəql edib.
Mirbağır YAQUBZADƏ
XQ