Azərbaycan banklarının aktivləri 65 mlrd. manatı ötüb

24.11.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bank sektorunun kredit portfeli 14% artaraq 34 milyard manatı üstələyib. İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşıb.

Əhalinin əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord səviyyəyə – 18,7 milyard manata çatıb.

Əliyar Məmmədyarov qeyd edib ki, 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçilərin sayı 2,2 dəfə artaraq 235 min nəfəri ötüb.

Eyni zamanda, əhalinin əmanətlərində dedollarlaşma tendensiyası davam edir. Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır.

AMB rəsmisi vurğulayıb ki, qeyd olunan göstəricilər bank sektoruna olan etimadın bariz nümunəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью