Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İlham Əliyevin BƏƏ səfəri, bu ölkənin rəhbəri ilə görüşü və müzakirə edilən məsələlər göstərir ki, bir neçə il sonra Azərbaycanla BƏƏ arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələcək qədər ciddi potensiala malikdir. Çünki həm enerji sahəsində, həm də iqtisadi istiqamətdə artıq möhkəm əlaqələr formalaşıb".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
Onun sözlərinə görə, son dövrlərdə müdafiə sahəsində əməkdaşlığın müzakirəsi istiqamətində də müəyyən razılaşmalar əldə edilib: "Bu isə göstərir ki, Azərbaycan artıq özünü təkcə Cənubi Qafqaz ölkəsi kimi görmür, eyni zamanda Yaxın Şərq coğrafiyasının da mühüm aktoru kimi dünya siyasətində təmsil oluna biləcək potensiala malikdir. Bu məsələ sırf coğrafi yanaşma kimi başa düşülməməlidir. Bu, iqtisadi və siyasi reallıqlardan, yeni çağırışlardan irəli gələn bir yanaşmadır.
Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan birbaşa Yaxın Şərqin əsas ölkələri – İran və Türkiyə ilə coğrafi sərhədlərə malikdir və bir sıra sahələrdə müttəfiqlik münasibətləri mövcuddur. İranla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri qurulub. Eyni zamanda, regional məsələlərdə bəzən Azərbaycanla İranın maraqları üst-üstə düşür, bəzi hallarda isə risklər yarana bilir. Ümumiyyətlə, Yaxın Şərq regionu böyük iqtisadi potensiala malik olmaqla yanaşı, ciddi risklər də daşıyır. Bu risklər regiondakı dövlətlər arasında sərhəd və geosiyasi qarşıdurmalardan qaynaqlanır.
Bu baxımdan Azərbaycan Yaxın Şərqin iqtisadi-siyasi həyatında baş verən dəyişikliklərə və yeniliklərə yaxından maraq göstərir, eyni zamanda regionun əsas iqtisadi mərkəzlərindən biri kimi öz yerini möhkəmləndirməyə çalışır. Məhz bu kontekstdə Azərbaycan xarici siyasətində Yaxın Şərq istiqaməti getdikcə daha önəmli bir xəttə çevrilir.
Müdafiə sahəsində həm Azərbaycanın, həm də tərəfdaş ölkələrin ciddi investisiyaları mövcuddur və bu sahədə inkişaf xəttinin izlənilməsi imkan verir ki, tərəflər regional təhlükəsizlik məsələlərində əməkdaşlığı genişləndirsinlər. Düşünürəm ki, bu əlaqələr həm Azərbaycan üçün, həm də tərəfdaş ölkələr üçün fayda gətirir və hər hansı ciddi risklərin ortaya çıxması ehtimalı yüksək deyil. Çünki bu ölkələr arasında etnik, dini və ya siyasi-iqtisadi zəmində qarşıdurma mövcud deyil, qarşılıqlı iddialar yoxdur.
Ona görə də Azərbaycanla bu ölkələr arasında münasibətlər tamamilə faydalılıq prinsipi əsasında inkişaf edəcək. Gözləniləndir ki, regional təhlükələrə və ortaq təhdidlərə qarşı əməkdaşlıq zamanla strateji səviyyəyə yüksəlsin və daha da dərinləşdirilsin. Dövlət başçıları arasında əldə edilən razılaşmalar və qarşılıqlı anlaşma bu fikirləri təsdiqləyən real göstəricilərdir".