Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanın beynəlxalq səhnədə mövqeyi son illərdə əhəmiyyətli dərəcədə güclənib. Prezident İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri və burada Şeyx Zayed Fondu tərəfindən təsis edilmiş “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması ölkənin regional və qlobal səviyyədə rolunu daha da artırır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məcliisn VI çarğırış deputatı İltizam Yusifov deyib
O əlavə edib ki, 2019-cu ildən təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı”, bəşəriyyət arasında sülh və əməkdaşlığın inkişafına töhfə verən şəxslərə verilir. “Əvvəlki laureatlar arasında BMT Baş katibi Antonio Guterres və Roma Papası Francis kimi tanınmış simalar var.
Azərbaycan Prezidenti bu mükafata regionda sülhün formalaşmasına və qlobal təşəbbüslərin müəllifi olmasına görə layiq görülüb. Xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan razılaşma, regionda stabillik və əməkdaşlıq üçün yeni mərhələ açmışdır. Prezident İlham Əliyevin diplomatik uzaqgörənliyi və liderlik bacarığı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu gücləndirib, ölkəyə qarşı olan etibarı daha da artırıb”, - o qeyd edib.
Azərbaycan-BƏƏ əməkdaşlığının strateji əhəmiyyətinə toxunan İ. Yusifov deyib ki, səfər çərçivəsində Prezident İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb: “Görüşdə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb. Əməkdaşlıq yalnız siyasi və diplomatik sahələrlə məhdudlaşmır; iqtisadiyyat, enerji, bərpaolunan enerji, müdafiə və mədəni-humanitar sahələrdə də intensivləşir.
Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri hərbi uyğunluğun gücləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsində Azərbaycan-BƏƏ əməkdaşlığının strateji əhəmiyyətini bir daha göstərir.
Enerji sahəsində isə “Cənub Qaz Dəhlizi” layihəsində XRG şirkətinin alqı-satqısı, Azərbaycanın enerji resurslarını beynəlxalq bazarlara çıxarılmasında yeni imkanlar açır. BƏƏ-nin investisiyaları alternativ və bərpaolunan enerji sektorunda əməkdaşlığı daha da genişləndirir və gələcəkdə digər sahələrdə də investisiya imkanlarını artırır”.
Azərbaycanın qlobal və regional körpü rolunda olduğunu vurğulayan İ. Yusifov deyib ki, Azərbaycan coğrafi mövqeyi ilə Qərb və Şərq arasında strateji körpü rolunu oynayır. “Zəngəzur dəhlizi və digər nəqliyyat arteriyaları vasitəsilə BƏƏ və digər Körfəz ölkələri Azərbaycanın tranzit imkanlarından faydalanaraq Şimal-Cənub və Qərb-Şərq dəhlizlərinə çıxış əldə edirlər. Bu isə Azərbaycanın regional geosiyasi və geoiqtisadi çəkisini daha da artırır.
Azərbaycan-BƏƏ əməkdaşlığı yalnız iqtisadi deyil, həm də diplomatik və hərbi səviyyədə bölgədə stabilliyin təminatına töhfə verir. Körfəz ölkələri ilə əlaqələrin inkişafı Bakı üçün prioritetdir və bu siyasət artıq regionda Azərbaycanın strateji nüfuzunu artırır”, - o deyib.
O həmçinin əlavə edib ki, Prezident İlham Əliyevin mükafata layiq görülməsi, onun uzaqgörən diplomatiyasının, regional sülh və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir: “Əməkdaşlıq, enerji və müdafiə layihələri ilə Azərbaycan yalnız regionda etibarlı tərəfdaş kimi çıxış etmir, həm də qlobal geoiqtisadi və geosiyasi oyunçular üçün vacib bir mərkəzə çevrilir.
Beləliklə, Azərbaycan Yaxın Şərq və Körfəz ölkələri ilə əməkdaşlıq fonunda həm enerji, həm hərbi, həm də diplomatik sahələrdə yeni balans yaradır, regional stabilliyin təminatında və beynəlxalq aləmdə strateji əhəmiyyətinin möhkəmlənməsində əsas rol oynayır”.
Mürtəza