Azərbaycan BƏƏ münasibətləri Cənubi Qafqaz Yaxın Şərq yaxınlaşmasının ana xəttidir CAVANŞİR FEYZİYEV YAZIR

04.02.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəli dialoq mühitində inkişaf tempi ilə diqqət çəkməkdədir. Ərəb dünyasının zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri İƏT-nin və digər beynəlxalq təşkilatların toplantılarında daim birmənalı mövqe tutmuş, Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etmişdir.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və Əbu-Dabidə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında formalaşmış münasibətlərin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirir. Hazırda Azərbaycan–BƏƏ dövlətlər arası münasibətləri siyasi, hərbi, iqtisadi, mədəni və geosiyasi əməkdaşlığın bir arada uzlaşdırıldığı mükəmməl bir modeldir.

BƏƏ Yaxın Şərq və Körfəz regionunda maliyyə, texnologiya, investisiya və təhlükəsizlik sahələrində aparıcı aktorlardan biridir. Azərbaycanın isə Cənubi Qafqazda artan siyasi çəkisi, bütövlükdə qitənin enerji təhlükəsizliyində oynadığı rol və Avrasiya miqyasında nəqliyyat-logistika qovşağı kimi formalaşmış mövqeyi bu iki dövləti təbii tərəfdaşa çevirir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün həm Qərb, həm Şərq, həm də İslam dünyası ilə paralel şəkildə etibarlı əməkdaşlıq platformaları formalaşdıran nadir ölkələrdəndir.

Əbu-Dabidə keçirilən “Sülh Qalxanı–2026” birgə əməliyyat-taktiki təlimləri Azərbaycan və BƏƏ silahlı qüvvələrinin qarşılıqlı fəaliyyət imkanlarını yüksək səviyyədə nümayiş etdirdi. Yaşayış məntəqələrində, dağlıq ərazilərdə və dəniz mühitində antiterror əməliyyatlarının icrası, girovların azad edilməsi, sabotaj və hibrid təhdidlərin neytrallaşdırılması üzrə tapşırıqlar müasir müharibə konsepsiyasının real ssenarilərini əks etdirir.

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra formalaşdırdığı yeni hərbi doktrina, döyüş meydanında sınaqdan çıxmış taktiki yanaşmalar və çevik idarəetmə modeli ilə bu gün təhlükəsizlik sahəsində təcrübə bölüşən dövlət kimi tanınır. Bu kontekstdə BƏƏ ilə hərbi əməkdaşlıq Cənubi Qafqazla Yaxın Şərq və Körfəz regionu arasında təhlükəsizlik körpüsünün qurulduğunu göstərir.

Hərbi əməkdaşlığın institusional müstəvidə möhkəmlənməsi də diqqət çəkir. Müdafiə nazirləri və Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlər, Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ilk iclası və imzalanmış Protokol münasibətlərin uzunmüddətli və sistemli xarakter daşıdığını təsdiqləyir.

Azərbaycan–BƏƏ tərəfdaşlığının əsas seqmentlərindən biri də iqtisadi əməkdaşlıqdır. Son illərdə BƏƏ kapitalı Azərbaycanın qeyri-neft sektorunda, xüsusilə turizm, logistika, daşınmaz əmlak, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində fəal iştirak edir. “Masdar” şirkəti ilə həyata keçirilən 230 MVt gücündə günəş elektrik stansiyası, 1 QVt gücündə quraşdırılacaq günəş və külək enerji layihələri və 2 QVt gücündə dənizdə inteqrasiya olunmuş külək-hidrogen layihələri iqtisadi tərəfdaşlığın strateji nümunəsidir.

Azərbaycan ilə BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Biznes Şurası və işçi qrupların yaradılması, eləcə də “Made in Azerbaijan” təşəbbüsləri iki ölkə arasında işgüzar əlaqələrin, KOB-ların və strateji investisiyaların genişlənməsini təmin edir. Enerji, logistika və investisiya sahələrində uzunmüddətli əməkdaşlıq iki dövlət üçün qarşılıqlı faydalı platforma yaradır.

Azərbaycan–BƏƏ münasibətlərinin əsasında qarşılıqlı etimad və praqmatik əməkdaşlıq dayanır. BƏƏ Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşır, beynəlxalq platformalarda balanslı mövqe nümayiş etdirir. Azərbaycan isə Yaxın Şərqdə sabitliyi dəstəkləyən təşəbbüslərə hər zaman dəstək verir. Bu qarşılıqlı siyasi etimad iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsini şərtləndirən əsas amildir.

Prezident İlham Əliyevin BƏƏ səfərləri, yüksək səviyyəli görüşləri və rəsmi tədbirlərdə iştirakı, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə BƏƏ şirkətlərinin iştirakının təşviqi iki ölkə arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirir.

Ötən illər ərzində ii ölkə arasında imzalanmış çoxsaylı sənədlər Azərbaycan–BƏƏ münasibətlərinin tarixi və geosiyasi baxımdan dayanıqlı, hərtərəfli müttəfiqlik modeli olduğunu göstərir. Bu model təkcə iki dövlətin maraqlarına deyil, Cənubi Qafqaz–Yaxın Şərq–Avrasiya xəttində sabitliyin və dayanıqlı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Mövcud dinamika göstərir ki, tərəfdaşlıq gələcəkdə daha geniş regional və beynəlxalq nəticələr doğuracaq, hər iki ölkənin vətəndaşlarının rifahına töhfə verəcək.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью