Azərbaycan BƏƏ münasibətləri qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanır ŞƏRH

04.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycanın xarici siyasət kursunda prioritet istiqamətlərdən birini böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Azərbaycan öz siyasətində tarixi köklərə istinad edir, ənənələrə, milli-mənəvi dəyərlərə yüksək bağlılıq nümayiş etdirir. Ölkəmizin ərəb dövlətləri ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri də məhz tarixi bağlılıq amilidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Dövlət başçıları arasında keçirilən görüşdə aparılan müzakirələr Azərbaycan–BƏƏ münasibətlərinin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını təsdiqləyir.

“İndiyədək iki ölkə arasında siyasi, iqtisadi, ticarət və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, eləcə də ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Prezident İlham Əliyevin budəfəki səfəri zamanı isə liderlərin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb. Məlumdur ki, Azərbaycanla BƏƏ arasında əlaqələrin inkişafında enerji sektoru mühüm yer tutur. Sözügedən sənədin imzalanması isə enerji tərəfdaşlığının yeni nümunəsi hesab edilə bilər”,- deyə S.Vəliyev vurğulayıb.

Onun sözlərinə görə, ölkələrimiz arasında inkişaf edən sahələrdən biri də müdafiə sahəsidir. Məlumdur ki, Prezident İlham Əliyevin işgüzar səfəri zamanı Azərbaycanın Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığına dair niyyət məktubu imzalanıb. Bundan əlavə, dövlət başçıları iki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.

Samir Vəliyev Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini də mühüm hadisə kimi dəyərləndirərək bu faktı dövlətimizin başçısının regionumuzda sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi xarakterizə edib. “Müasir dünya nizamında hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-nin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı” da məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir. Bu mükafat təkcə diplomatik uğurun deyil, eyni zamanda, Azərbaycanın sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsinin təsdiqidir”, – deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью