Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Prezident cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri Azərbaycanın müasir xarici siyasət kursunun çoxşaxəli, balanslı və praqmatik mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan razılaşmalar və verilən siyasi-iqtisadi mesajlar Azərbaycanın regional güc statusunun möhkəmləndiyini, eyni zamanda qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqlədi. Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi, iqtisadi dayanıqlıq, logistika marşrutları və siyasi dialoq bir-biri ilə sıx bağlı amillər kimi çıxış edir. Bu kontekstdə Azərbaycanın ərəb dünyası ilə, xüsusilə də enerji ixracatçısı və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə malik olan BƏƏ ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmiz üçün mühüm uğur hesab olunmalıdır. Birləşmiş Ərəb Əmirlikləri regionda maliyyə resursları, investisiya imkanları və innovativ iqtisadi modelə malik qabaqcıl dövlətdir. Azərbaycan isə zəngin enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji ölkədir. Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri bu iki iqtisadi modelin bir-birini tamamladığını bir daha nümayiş etdirdi. Səfər zamanı aparılan müzakirələr göstərdi ki, Azərbaycan–BƏƏ əməkdaşlığı yalnız neft-qaz sektoru ilə məhdudlaşmır. Yaşıl enerji, bərpa olunan enerji mənbələri, “ağıllı şəhər” konsepsiyaları, nəqliyyat-logistika infrastrukturu, kənd təsərrüfatı, maliyyə və investisiya sahələri qarşılıqlı maraq doğuran əsas istiqamətlər kimi ön plana çıxır. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi şaxələndirmə strategiyasına, qeyri-neft sektorunun inkişafına və uzunmüddətli dayanıqlı iqtisadi artım məqsədlərinə xidmət edir. Səfər çərçivəsində Prezident cənab İlham Əliyevə Zeyd Beynəlxalq Mükafatının təqdim olunması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu mükafat beynəlxalq sülhün təşviqi, dövlətlərarası dialoqun gücləndirilməsi və qlobal sabitliyə töhfə verən liderlərə təqdim olunur. Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın sülhə əsaslanan xarici siyasət kursunun, regional sabitliyin təmin olunmasına verdiyi töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Bu mükafat eyni zamanda Azərbaycanın post-münaqişə dövründə konstruktiv mövqeyinin, beynəlxalq hüquqa və dialoqa əsaslanan yanaşmasının təsdiqidir. Azərbaycan artıq regionda yalnız hərbi-siyasi güc deyil, eyni zamanda sülh təşəbbüsləri irəli sürən məsuliyyətli aktor kimi çıxış edir. Prezident İlham Əliyevin Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü səfərin mühüm siyasi hadisələrindən biri kimi dəyərləndirilməlidir. Bu görüş regionda davamlı sülhün təmin olunması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilə bilər. Görüşün neytral və nüfuzlu beynəlxalq platformada baş tutması Azərbaycanın dialoqa açıq olduğunu, sülh prosesində əsas təşəbbüskar rolunu qoruduğunu bir daha təsdiqlədi. Regional sabitlik və təhlükəsizlik birbaşa iqtisadi inkişafla bağlıdır. Bu baxımdan sülh gündəliyinin irəliləməsi Azərbaycanın investisiya cəlbediciliyini artırmaqla yanaşı, Cənubi Qafqazı yeni iqtisadi əməkdaşlıq məkanına çevirə bilər. Səfər çərçivəsində Azərbaycan və BƏƏ prezidentlərinin birgə hərbi təlimləri izləməsi iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərdi. Birgə hərbi təlimlər qarşılıqlı etimadın möhkəmləndirilməsi, hərbi təcrübə mübadiləsi və regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ilə BƏƏ arasında hərbi əməkdaşlığın dərinləşməsi yalnız ikitərəfli münasibətlər üçün deyil, ümumilikdə regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi baxımından da mühüm rol oynayır. Təhlükəsizlik olmadan iqtisadi inkişafın mümkün olmadığı nəzərə alınarsa, bu əməkdaşlığın strateji əhəmiyyəti daha aydın görünür. Ümumilikdə, Prezident cənab İlham Əliyevin Əbu-Dabiyə rəsmi səfəri Azərbaycanın xarici siyasətində strateji dərinliyin artdığını, ölkəmizin həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha sübut etdi. Enerji diplomatiyası, iqtisadi əməkdaşlıq, sülh təşəbbüsləri və hərbi-strateji tərəfdaşlığı özündə birləşdirən bu səfər Azərbaycanın regional liderlik mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq arenada təsir imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tahir Mirkişili
Milli Məclisin deputatı