Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır AÇIQLAMA

22.01.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycanın “Sülh Şurası”na təsisçi üzv kimi dəvət olunması, ilk növbədə, dövlətimizin beynəlxalq miqyasda sülhə verdiyi ardıcıl və prinsipial dəstəyin bariz göstəricisidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, məlumdur ki, ölkəmiz uzun illər ərzində Ermənistanın hərbi işğalı, eləcə də müxtəlif xarici təhdidlərlə üz-üzə qalıb. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq işğala son qoyduqdan və Ermənistan üzərində tarixi Zəfər qazandıqdan sonra revanşizm yolunu deyil, məhz sülh təşəbbüsləri ilə çıxış etməyi üstün tutub.

Deputat qeyd edib ki, bu gün Azərbaycan Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir, regional iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələri vasitəsilə ümumi inkişaf proseslərinə real töhfələr verir:

“Təsadüfi deyil ki, Azərbaycan artıq beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə və vaxtında yerinə yetirən dövlət kimi qəbul olunur. Eyni zamanda, ölkəmiz müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür, siyasi və iqtisadi baxımdan heç bir güc mərkəzindən asılı olmayan suveren mövqeyini qətiyyətlə qoruyur. Məhz bu amillər Azərbaycanın müasir beynəlxalq imicini formalaşdıran əsas sütunlardır”.

Müsahibimiz vurğulayıb ki, bu uğurların təməlində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, yüksək liderlik keyfiyyətləri və qlobal proseslərə çevik yanaşması dayanır:

“Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanın regional və beynəlxalq təşəbbüslərdə fəal iştirakını təmin etməklə yanaşı, ölkəmizin nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Bütün bu faktorlar Azərbaycanın Sülh Şurasına dəvət olunması üçün əsas şərtlərdən biri kimi çıxış edir”.

Aydın Hüseynov: Ölkəmiz müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür, suveren mövqeyini qətiyyətlə qoruyur

Aydın Hüseynov əlavə edib ki, Azərbaycanın yüksək nüfuzu ABŞ ilə münasibətlərin son dövrlərdə yeni mərhələyə qədəm qoymasının da nəticəsidir:

“ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibətdə nümayiş etdirdiyi rəğbət, məhz ölkəmizin sülh təşəbbüsləri ilə çıxış etməsi, iri miqyaslı enerji və iqtisadi layihələr həyata keçirməsi ilə birbaşa bağlıdır. Bu, Azərbaycanın artan beynəlxalq çəkisinin və etibarlı tərəfdaş statusunun göstəricisidir. Gələcək perspektivdə də Azərbaycan regionda böyük enerji və nəqliyyat layihələrinə imza atmaqla yanaşı, siyasi təşəbbüslərdə qətiyyətli mövqeyini davam etdirəcək”.

“Bütün bunlar isə Azərbaycanın regionda uzunmüddətli sülhün və dayanıqlı inkişafın təmin olunmasına verdiyi mühüm töhfə kimi qiymətləndirilməlidir”, - deyə Aydın Hüseynov əlavə edib.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью