Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Ölkəmizin COP29 təcrübəsi, ekoloji təşəbbüs və layihələri dünya birliyində yüksək dəyərləndirilir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq iqlim proseslərində iştirakını yeni mərhələyə yüksəltdi. Ölkəmiz həmin konfransa təkcə ev sahibi kimi deyil, həm də qlobal iqlim çağırışlarının həllinə töhfə verməyə çalışan fəal tərəfdaş kimi yanaşdı.
COP29 çərçivəsində su təhlükəsizliyinin ayrıca gündəmə gətirilməsi, “Bakı dialoqu”nun təsis edilməsi və bu təşəbbüsün sonrakı konfranslarda davam etdirilməsi Azərbaycanın iqlim diplomatiyasının davamlı xarakter daşıdığını göstərir. Noyabrın 9-dan 20-dək davam edən beynəlxalq toplantıda – COP31-də əldə olunan nəticələr də bu baxımdan diqqət çəkir. Bir tərəfdən, su resurslarının iqlim siyasətinə inteqrasiyası üzrə beynəlxalq əməkdaşlıq genişləndirilir, digər tərəfdən, Xəzər dənizinin ekoloji problemləri qlobal səviyyədə müzakirəyə çıxarılır. Tacikistanla ekoloji tərəfdaşlığın inkişafı və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Türkiyə ilə əməkdaşlığı isə Azərbaycanın regional ekoloji və enerji gündəliyinin daha geniş coğrafiyaya malik olduğunu nümayiş etdirir.
Bu təşəbbüslərin hər biri ayrı-ayrılıqda əhəmiyyətli olsa da, onların ümumi məzmununda vahid strateji yanaşma nəzərə çarpır. Başqa sözlə, iqlim dəyişmələrinin yaratdığı təhlükələrə qarşı birgə fəaliyyətin gücləndirilməsi, təbii ehtiyatların qorunması, “yaşıl” iqtisadiyyatın inkişafının diqqətdə saxlanılması və gələcək nəsillər üçün dayanıqlı ekoloji mühitin təmin edilməsi müşahidə olunur.
Əlbəttə, qarşıda görüləsi işlər az deyil. Xüsusilə Xəzər dənizinin səviyyəsinin enməsi kimi mürəkkəb problemin həlli uzunmüddətli elmi araşdırmaların aparılmasını, 5 sahilyanı dövlətin əlaqələndirilmiş fəaliyyətinin daha da gücləndirilməsini və beynəlxalq maliyyə dəstəyi tələb edir. Eyni zamanda, transsərhəd su ehtiyatlarının qorunması, iqlim dəyişmələrinə uyğunlaşmanın gerçəkləşdirilməsi və bərpaolunan enerji layihələrinin genişləndirilməsi də davamlı hüquqi əməkdaşlıq olmadan istənilən nəticəni vermir.
Bununla belə, Azərbaycanın COP29-dan sonra da beynəlxalq iqlim proseslərində təşəbbüskar mövqeyini qoruması, “Bakı dialoqu”nun davam etdirilməsi və müxtəlif ölkələrlə yeni ekoloji tərəfdaşlıqların qurulması mühüm siyasi və əməli əhəmiyyət daşıyır.
Ekoloji tərəfdaşlığın yeni yönləri
COP31 çərçivəsində Azərbaycanın ekoloji diplomatiyasının digər mühüm istiqaməti Tacikistanla əməkdaşlığın genişləndirilməsi olub. Antalyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Şeralizoda arasında keçirilən görüşdə 2027–2028-ci illər üçün birgə ekoloji əməkdaşlıq proqramının hazırlanması müzakirə edilib. İqlim dəyişmələri ilə mübarizə, biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin mühafizəsi, rəqəmsal ekoloji monitorinq və beynəlxalq maliyyə imkanlarından istifadə kimi məsələlərə xüsusi diqqət yetirilib.
Bu əməkdaşlığın əhəmiyyəti ondan ibarətdir ki, hər iki ölkə müxtəlif təbii-coğrafi xüsusiyyətlərə malik olsa da, iqlim dəyişmələrinin təsirləri ilə bağlı bir sıra ortaq problemlərlə üzləşir. Xüsusilə dağ ekosistemlərinin qorunması, su ehtiyatlarının mühafizəsi, meşələrin bərpası və biomüxtəlifliyin saxlanılması bu ölkələr üçün mühüm önəm daşıyır.
Tacikistanın 2040-cı ilə qədər yaşıllaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində 2 milyard ağacın əkilməsi təşəbbüsü bu baxımdan diqqətəlayiqdir. Bu təşəbbüs təkcə meşə sahələrinin artırılması deyil, həm də iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, torpaq eroziyasının qarşısının alınması, su dövranının qorunması və ekoloji tarazlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Tacikistan tərəfinin Azərbaycanla meşələrin bərpası, tinglərin yetişdirilməsi və yaşıllıqların idarə olunması sahəsində təcrübə mübadiləsi aparmaq təklifi də əməkdaşlığın əməli məzmununu genişləndirmək məqsədi daşıyır.
Görüşdə rəqəmsal ekoloji monitorinq və buzlaqların qorunması məsələlərinin müzakirəsi də xüsusi diqqət çəkir. Belə ki, buzlaqlar dağlıq regionların əsas şirin su mənbələrindən biridir. Onların əriməsi ilk mərhələdə çayların sululuğunun artmasına, sonrakı mərhələdə isə su ehtiyatlarının azalmasına, daşqın və sürüşmə təhlükəsinin yüksəlməsinə gətirib çıxarır.
“Yaşıl keçid”in regional hədəfləri
COP31 çərçivəsində diqqətçəkən digər hadisə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi ilə Türkiyə Külək Enerjisi Assosiasiyası arasında Anlaşma Memorandumunun imzalanmasıdır. Bakıda yerləşən Təmiz Enerji Mərkəzi ilə Türkiyənin müvafiq sahə qurumu arasında əldə olunan razılaşma bərpaolunan enerji texnologiyalarının inkişaf etdirilməsi, enerji səmərəliliyinin artırılması və regional enerji keçidinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Adıçəkilən memorandum xüsusilə quruda və dənizdə külək enerjisi istehsalının inkişafına, institusional əlaqələrin gücləndirilməsinə, qabaqcıl texnologiyaların tətbiqinə və peşəkar bilik mübadiləsinə dəstək göstərilməsini nəzərdə tutur.
Bu əməkdaşlıq Azərbaycanın “yaşıl” enerji strategiyası ilə də uzlaşır. Çünki ölkəmizin qarşıya qoyduğu əsas hədəflərdən biri enerji mənbələrinin şaxələndirilməsi, bərpaolunan enerji istehsalının genişləndirilməsi və mövcud enerji potensialının daha səmərəli istifadəsidir. Azərbaycanın külək və günəş enerjisi sahəsindəki imkanları, xüsusilə Xəzər dənizinin külək potensialı bu istiqamətdə geniş perspektivlər yaradır. Dənizdə külək elektrik stansiyalarının yaradılması təşəbbüsü həm enerji istehsalının artırılmasına, həm də ölkənin gələcəkdə regional təmiz enerji təchizatçılarından birinə çevrilməsinə xidmət edir.
Bu sahədə Türkiyə ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Türkiyə külək energetikası üzrə formalaşdırdığı istehsal, texnologiya, mühəndislik və institusional təcrübə ilə region üçün mühüm tərəfdaşdır. Təcrübə mübadiləsi, birgə texniki layihələr və mütəxəssis hazırlığı Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafına əlavə imkanlar yaradır.
İƏT-in Təmiz Enerji Mərkəzinin bu prosesdə iştirakı əməkdaşlığın regional miqyasını daha da genişləndirir. Mərkəzin missiyası üzv ölkələrdə təmiz enerji təşəbbüslərinin təşviqi, investisiya layihələrinin həyata keçirilməsinə dəstək, maliyyə və texniki resursların cəlb edilməsi, həmçinin institusional potensialın gücləndirilməsindən ibarətdir. Eyni zamanda, adıçəkilən qurumun BMT-nin Sənaye İnkişafı Təşkilatının Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərinin Qlobal Şəbəkəsinə üzv olması da onun beynəlxalq əməkdaşlıq imkanlarını artırır.
COP31-in Azərbaycan pavilyonunda Dövlət Turizm Agentliyi və BMT Turizminin birgə təşkilatçılığı ilə keçirilən “Turizm, ərzaq sistemləri və qida tullantılarının azaldılmasının iqlim baxımından əhəmiyyəti” adlı beynəlxalq müzakirə sessiyası da iştirakçıların böyük marağına səbəb olub. BMT Turizmin İcraçı direktoru Şicun Liu, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Əliyev və Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimovun çıxışlarında turizm sektorunda qida tullantılarının ölçülməsi və azaldılması, yerli istehsalçılarla əməkdaşlığın genişləndirilməsi, eləcə də dövri iqtisadiyyat prinsiplərinin tətbiq edilməsi, dayanıqlı ərzaq sistemlərinin təşviqinin diqqətdə saxlanılması kimi məsələlərin turizmin inkişafındakı rolu müzakirə edilib.
Turizm Bürosu İdarə Heyətinin sədr müavini Rəşad Əliyev isə digər bir tədbirdə – “Dayanıqlı qonaqpərvərlik və turizm” mövzusunda keçirilən panel müzakirədə iştirak edərək, Azərbaycanda beynəlxalq dayanıqlılıq standartlarının, o cümlədən müvafiq proqramların tətbiqi istiqamətində görülən işlər haqqında məlumat verib. Xınalıq kəndi və Basqal qəsəbəsinin timsalında yerli icmaların fəal iştirakı ilə turizmin inkişafının mədəni irsin qorunmasına, əhalinin rifahının yüksəldilməsinə və uzunmüddətli iqtisadi imkanların yaradılmasına verdiyi töhfəni diqqətə çatdırıb.
V.BAYRAMOV
XQ