Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 29-da ATO Konqres Mərkəzində XXI Ankara Kitab Sərgisinin açılış mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə Türkiyənin dövlət və hökumət nümayəndələri, təhsil, mədəniyyət sahəsinin təmsilçiləri iştirak ediblər.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu, XXI Ankara Kitab Sərgisi Təşkilat komitəsi və "Eylül Fuarcılık" qurumunun rəhbəri Remzi Çayır çıxış edərək sərgi haqqında məlumat verib, onun əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sərginin təşkilini yüksək qiymətləndirərək ilk dəfə olaraq Azərbaycanın Ankara Beynəlxalq Kitab Sərgisinin "Fəxri qonaq ölkəsi" seçilməsinə görə Təşkilat komitəsinə təşəkkürünü bildirib.
Sərginin fəxri qonaqları Türkiyəli alim Kamal Sayar və Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov kitab və mütaliənin əhəmiyyətindən, qardaş ölkələrin ədəbi-mədəni əlaqələrindən bəhs ediblər.
Sonra Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəqs və musiqi nömrələri təqdim olunub.
Daha sonra sərgi məkanında Azərbaycan stendinin açılışı keçirilib.