Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 28 yanvar, AZƏRTAC
Bildiyimiz kimi, 1971-ci ildən bəri İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçirilir və ölkəmiz illərdir bu Forumda təmsil olunur. Bu tədbir Azərbaycan üçün mühüm diplomatik və iqtisadi platformalardan biridir. Builki toplantı da mühüm əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.
Onun sözlərinə görə, Forum çərçivəsində Prezident İlham Əliyevin müsahibə və görüşləri bir daha göstərdi ki, Azərbaycan bu gün təkcə postmünaqişə dövrünü yaşayan bir ölkə deyil, sülh yaradan, regional və qlobal bağlantılar quran, sabitliyə töhfə verən dövlətdir.
“Forumun ən mühüm hadisələrdən biri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsis sənədinin imzalanması oldu. Bu prosesdə Prezident İlham Əliyevin yalnız iştirakçı deyil, həm də təsisçi üzv kimi çıxış etməsi təbii qürur doğurdu. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan uzun illər müharibə şəraitində olub, torpaqlarımız işğal altında qalıb və onların azad edilməsi zamanı mürəkkəb hərbi-siyasi proseslərdən keçmişik, bu gün ölkəmizin sülh quruculuğunda ön sırada yer alması təsadüfi deyil. Həmçinin işğal olunmuş torpaqlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində azad edildi və Azərbaycan bu sahədə zəngin təcrübə qazandı. Məhz bu təcrübə ölkəmizin Sülh Şurasının yaradılmasında təsisçi üzv kimi yer almasını şərtləndirdi”, - deyə QHT sədri əlavə edib.
İ.Rzazadə bildirib ki, son illərdə Bakı-Vaşinqton münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. ABŞ Prezidenti Azərbaycanın Cənubi Qafqazda regional sabitliyin təmin olunmasında mühüm rol oynayan dövlət kimi çıxış etdiyini açıq şəkildə dilə gətirir. Bu isə Prezident İlham Əliyevin müharibədən sonrakı dövrdə həyata keçirdiyi sülhə yönəlmiş siyasətin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.
“Ölkəmiz bütün dövlətlərlə sıx və dostluq münasibətləri qurmaqla regionda öz siyasi mövqeyini daha da möhkəmləndirib. Bu gün Azərbaycan Cənubi Qafqazın ən mühüm və təsirli dövlətlərindən biri kimi tanınır. Prezident İlham Əliyev Sülh Şurası ilə bağlı çıxışlarında da vurğulayır ki, regionda sülh artıq real məzmun kəsb edir. Bu isə iqtisadi inkişafın sürətlənməsinə, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına ciddi töhfə verir”, - deyə o əlavə edib.
Azərbaycanın sülh siyasətinin təkcə bəyanatlarla deyil, konkret addımlarla təsdiqləndiyini deyən QHT sədri qeyd edib ki, Ermənistana neft məhsullarının ixracı, yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanın sülhə sadiqliyini əməli fəaliyyətlə nümayiş etdirir. Azərbaycan bütün qonşu dövlətlərlə – Gürcüstan, Türkiyə, Mərkəzi Asiya ölkələri və Ermənistanla sülhə və əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasına çalışır. Bunun ən yaxşı nümunələrindən biri isə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Bu, nəqliyyat marşrutu deyil, eyni zamanda, bir çox ölkənin iqtisadi inkişafına xidmət edən strateji layihədir.
“Bütün bunlar onu göstərir ki, Azərbaycan bu gün inkişaf yolunda inamla və ardıcıl şəkildə irəliləyir, eyni zamanda, bütün ölkələrlə səmimi və dostluq münasibətləri quraraq qlobal proseslərdə fəal iştirak edir. Ölkəmiz artıq təkcə regional deyil, həm də beynəlxalq miqyasda mühüm aktor kimi çıxış edərək həm təhlükəsizlik məsələlərinə, həm də sülh gündəliyinə əhəmiyyətli töhfə verir”, - deyə İradə Rizazadə vurğulayıb.