Azərbaycan beynəlxalq təhsil sərgisində

17.10.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Astana, 17 oktyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada keçirilən “International Education Fair 2026” (IEF) beynəlxalq təhsil sərgisində Azərbaycan da təmsil olunur.

AZƏRTAC xəbər verir ki, sərgidə xarici universitetlərin nümayəndələri ziyarətçilərə təhsil proqramları, qəbul şərtləri və təqaüd imkanları barədə məlumat verirlər.

“Study in Azerbaijan” layihəsinin direktoru Şəbnəm Səfərova AZƏRTAC-a açıqlamasında bildirib ki, ziyarətçilərə Azərbaycanın ali təhsil müəssisələri, onların tədris proqramları və ölkədə təhsil almağın üstünlükləri barədə məlumat verilir.

Onun sözlərinə görə, təkcə şagird və tələbələr deyil, onların valideynləri də yaxınlaşaraq Azərbaycanda ali təhsil müəssisələri və təhsil mühiti ilə maraqlanırlar.

Ş.Səfərova qeyd edib ki, onlar bu cür sərgilərdə artıq bir neçə dəfə iştirak ediblər. Lakin bu dəfə Azərbaycanda təhsil almağa xüsusi maraq hiss edilir.

“İnsanlar artıq Azərbaycanda təhsil almaqla bağlı məlumatlı şəkildə bizə yaxınlaşırlar. Məhz Azərbaycanda təhsil almaq niyyəti ilə müraciət edib məlumat almaq istəyirlər. Bu da onu göstərir ki, son bir neçə ildə müəyyən qədər də olsa, məqsədimizə çatmışıq və insanları Azərbaycanda təhsil haqqında məlumatlandıra bilmişik”, – deyə Ş.Səfərova bildirib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva da AZƏRTAC-a açıqlamasında bildirib ki, universitetin nümayəndələri belə genişmiqyaslı beynəlxalq təhsil sərgisində iştirak etməkdən məmnundur.

Onun sözlərinə görə, sərgi başlamazdan əvvəl də universitetlərlə çoxsaylı görüşlər keçirilib. Sərgidə isə Azərbaycan universitetlərinə marağın artdığı müşahidə olunur. Bir çox gənc ölkəmizdə təhsil almaq imkanları ilə maraqlanır.

S.Əliyeva qeyd edib ki, ziyarətçilər Azərbaycanı artıq tanıyır və Azərbaycana böyük hörmətlə yanaşırlar.

“Biz də bununla fəxr edirik ki, uşaqlar yalnız instituta daxil olmaq yox, ölkəmiz haqqında məlumat toplayıb sonra universitet seçirlər”, – deyə o vurğulayıb.

Beş şəhəri əhatə edən beynəlxalq təhsil sərgisi Astanadan sonra oktyabrın 18-də Almatıda, 20-də Bişkekdə, 22-də isə Daşkənddə keçiriləcək. Sərgi turuna oktyabrın 24-də Bakıda yekun vurulacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью