Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri strateji tərəfdaşlığı yeni mərhələdə ŞƏRH

03.02.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri və Əbu-Dabidə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın növbəti mərhələyə keçdiyinin göstəricisidir. Bu səfərin diqqətçəkən məqamlarından biri də Şeyx Zayed Fondunun təsis etdiyi və qlobal miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə Azərbaycan Prezidentinə təqdim olunması olacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının politoloqu, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov məlumat verib. O qeyd edib ki, bu mükafat təkcə fərdi liderlik qiymətləndirilməsi deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasətdə mövqeyinin və Prezident İlham Əliyevin regionda formalaşdırdığı siyasi modelin beynəlxalq legitimliyinin göstəricisi kimi dəyərləndirilməlidir. Ümumilikdə Azərbaycan ilə BƏƏ arasında münasibətlər uzun müddətdir ki, yalnız ikitərəfli diplomatik əlaqələr çərçivəsində deyil, daha geniş geosiyasi və geoiqtisadi kontekstdə inkişaf edir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, investisiya mühiti və İslam dünyasında siyasi sabitliyin qorunması məsələlərində tərəflərin mövqeləri üst-üstə düşür: “Ümumilikdə son 5-6 ildə ikitərəfli münasibətlərdə yeni dinamikanı görməkdəyik. 2020-ci il Vətən müharibəsindən sonra BƏƏ-nin Azərbaycanın bərpa və yenidənqurma proseslərinə marağı, bu münasibətlərin praqmatik və strateji xarakter daşıdığını təsdiqləyir”.

Z.Məmmədov bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyev ilə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən görüş regional və qlobal proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqaz, Yaxın Şərq və Avrasiya məkanında baş verən transformasiyalar fonunda Azərbaycan–BƏƏ xətti sabitlik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli kimi çıxış edir.

“Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, dövlətimizin başçısının BƏƏ-yə səfəri, Əbu-Dabidə keçirilən yüksəksəviyyəli görüş Azərbaycan–BƏƏ münasibətlərinin formal diplomatiya mərhələsindən çıxaraq geosiyasi tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir. Bu proseslər, həm Azərbaycanın artan beynəlxalq nüfuzunun, həm də Prezident İlham Əliyevin regional lider kimi qəbul olunmasının göstəricisidir. İndiki mərhələdə Azərbaycan–BƏƏ xətti Yaxın Şərq–Cənubi Qafqaz–Avrasiya oxunda sabitlik yaradan siyasi koordinasiya modeli kimi diqqət çəkir və bu modelin perspektivləri olduqca genişdir”, - deyə politoloq bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью