Azərbaycan buna görə ORDUNU GÜCLƏNDİRİR

03.10.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

O vurğulayıb ki, dünyada müharibə risklərinin, geosiyasi qarşıdurmaların və təhlükəsizlik təhdidlərinin artdığı bir vaxtda Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının əsas dayağı güclü dövlət, güclü ordu və müstəqil siyasət olaraq qalmalıdır və belə də olacaq.

Deputat bildirib ki, tarixin təkrarlanmaması üçün Azərbaycan hərbi baxımdan daim güclü olmalıdır: “Məhz buna görə də müdafiə qabiliyyətinin gücləndirilməsi strateji prioritetdir. Gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik istiqamətinə 9 milyard manata yaxın vəsaitin ayrılması da bu yanaşmanın göstəricisidir. Belə bir deyim var: “Sülh istəyirsənsə müharibəyə hazır olmasılasan, güclü olmalısan”. Burada məqsəd müharibəyə hazırlaşmaq deyil, müharibənin qarşısını alacaq güc yaratmaq və dayanqılı sülhü, təhlükəsizliyi təmin etməkdir. Azərbaycan özünə qarşı yönələn hər hansı təhdidin cavabsız qalmayacağını nümayiş etdirməklə çəkindirmə mexanizmini formalaşdırır”.
Milli Məclis üzvünün fikirincə, milli təhlükəsizliyin digər mühüm istiqaməti isə ideoloji və informasiya təhlükəsizliyidir: “İnternet, sosial şəbəkələr, süni intellekt və kibertexnologiyalar informasiya sərhədlərini faktiki olaraq aradan qaldırıb. Bu şəraitdə cəmiyyətin ən böyük müdafiə vasitələrindən biri təhsilli və savadlı insan kapitalıdır. İnsan nə qədər bilikli olarsa, dezinformasiyanın, saxta xəbərlərin və ideoloji manipulyasiyanın təsirinə düşmək ehtimalı da bir o qədər azalır. Burada vətənpərvərlik də xüsusi əhəmiyyət daşıyır. 44 günlük müharibənin təcrübəsi göstərdi ki, cəmiyyət vahid milli məqsəd ətrafında birləşdikdə ölkə öz maraqlarını gerçəkləşdirmək üçün böyük potensial ortaya qoya bilir”.

Ə.Məhərrəmzadə deyib ki, bu sistemin iqtisadi dayağı isə maliyyə və iqtisadi müstəqillikdir: “Güclü ordu, təhlükəsiz sərhədlər, Qarabağın və Şərqi Zəngəzurun bərpası böyük maliyyə resursları tələb edir. Buna baxmayaraq Azərbaycanın valyuta ehtiyatlarının 90 milyard dollara yaxınlaşması, xarici borcun isə ÜDM-in cəmi 5-6 faizi səviyyəsində olması ölkənin maliyyə dayanıqlığının mühüm göstəricilərindəndir. Xarici borcun valyuta ehtiyatlarından 20 dəfədən çox az olması Azərbaycan iqtisadiyyatının manevr imkanlarını genişləndirir”.

O əlavə edib ki, investisiya göstəriciləri də bu mənzərəni tamamlayır: “İki beynəlxalq investisiya forumu çərçivəsində 20 milyard dollardan çox investisiya kontraktının imzalanması, son forumda idarə etdikləri vəsaitin ümumi həcmi 30 trilyon dolları keçən aparıcı investisiya qurumlarının iştirakı Azərbaycanın iqtisadi potensialına beynəlxalq marağın göstəricisi kimi təqdim olunur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan yalnız enerji resurslarına malik ölkə kimi deyil, kapital üçün yeni imkanlar yaradan iqtisadi məkan kimi də mövqeyini gücləndirməyə çalışır”.
Deputat hesab edir ki, enerji və nəqliyyat amilləri isə Azərbaycanın geoiqtisadi çəkisini daha da artırır: “Neft və qazla yanaşı, yaşıl enerji layihələrinin genişləndirilməsi ölkənin enerji xəritəsində rolunu dəyişir. Paralel olaraq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı Azərbaycanı regional logistika mərkəzlərindən birinə çevirir. Vaxtilə 3-4 milyon ton tranzit yükü hədəf kimi qəbul edilirdisə, bu il gözlənilən həcm 16 milyon tona, strateji hədəf isə 30 milyon tona çatdırılıb”.
Onun fikrincə, bütün bunların üzərində isə müstəqil və çoxvektorlu xarici siyasət dayanır: “Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlər qurmaqla yanaşı, ziddiyyətlərin içində öz maraqlarını qorumağa və dialoq platformaları yaratmağa çalışır. Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və digər formatlarda fəallıq ölkənin beynəlxalq çəkisini artıran amillərdəndir.
Nəticə etibarilə Azərbaycanın qarşısında duran yeni mərhələni bir neçə sözlə ifadə etmək mümkündür: gücü qorumaq, iqtisadi müstəqilliyi möhkəmləndirmək, ideoloji təhlükəsizliyi təmin etmək və beynəlxalq sistemdə milli maraqlara uyğun fəal siyasəti davam etdirmək. YAP və dövlət siyasəti baxımından əsas çağırış da məhz budur: əldə edilmiş siyasi, hərbi və iqtisadi üstünlükləri dayanıqlı inkişaf modelinə çevirmək və Azərbaycanın gələcək nəsillər üçün daha təhlükəsiz, güclü və müstəqil dövlət kimi mövqeyini möhkəmləndirmək”.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью