Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən illik toplantıları çərçivəsində BVF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib.
Azərbaycan Mərkəzi Bankının sədri, Dünya Bankının ölkəmiz üzrə rəhbəri Taleh Kazımovun da iştirak etdiyi iclasda qlobal iqtisadiyyatın və maliyyə bazarlarının mövcud vəziyyəti, eləcə də inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması və iqtisadi inkişafın dəstəklənməsi istiqamətində BVF və DBQ tərəfindən həyata keçirilən tədbirlər müzakirə olunub.
Anar Kərimov BVF və DBQ-nin illik toplantılarının plenar iclasında iştirak edib. Üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, mərkəzi bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak etdiyi iclasda BVF-nin Sərəncamçı direktoru Kristalina Georgiyeva və DBQ-nin Prezidenti Ajay Banqa dünya iqtisadiyyatının mövcud vəziyyəti, eləcə də qlobal iqtisadi inkişaf perspektivləri və əsas çağırışlar barədə çıxış ediblər. Çıxışlarda qlobal dövlət borcunun artması, xüsusilə inkişaf etməkdə olan ölkələrdə borc dayanıqlılığının təmin edilməsi məsələlərinə də toxunulub.
Bu gün Anar Kərimov BVF-nin Sərəncamçı direktorunun müavini Bo Li ilə görüşüb. Görüşdə Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və inkişaf perspektivləri, əsas makroiqtisadi göstəricilərin dinamikası, eləcə də BVF ilə əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub.
A.Kərimov ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması, qeyri-neft sektorunun inkişafı, büdcə gəlirlərinin şaxələndirilməsi, nəticəəsaslı büdcə mexanizminin tətbiqi və fiskal risklərin monitorinqinin gücləndirilməsi istiqamətində islahatları diqqətə çatdırıb.
Öz növbəsində, Bo Li qlobal iqtisadi artım tempinin zəifləməsi və beynəlxalq iqtisadi mühitdə mövcud olan risklərin ölkələrin inkişaf perspektivlərinə təsiri barədə fikirlərini bölüşüb. O, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələri müsbət qiymətləndirib.
Ölkəmizin nümayəndə heyətinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə isə bankla mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə Dünya Bankı tərəfindən göstərilən davamlı dəstək yüksək qiymətləndirilib, uzunmüddətli tərəfdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafına və institusional potensialının gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Görüşdə, həmçinin dövlət müəssisələrinin monitorinqinə məsul qurumların iştirakı ilə keçirilən Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının 2027-ci ildə Bakı şəhərində təşkilinə dair Dünya Bankı ilə ilkin razılığın əldə edildiyi və bu məqsədlə hazırlıq tədbirlərinin görüldüyü bildirilib.
Səfər çərçivəsində “Bank of America”nın nümayəndələri ilə keçirilən görüşdə isə Azərbaycanın beynəlxalq kapital bazarlarına çıxış imkanları, suveren maliyyələşmə alətlərinin şaxələndirilməsi və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Daha sonra BVF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun icraçı direktoru Patrik Loşevski ilə görüşdə Azərbaycan ilə BVF arasında əməkdaşlığın əsas istiqamətləri, IV maddə üzrə məsləhətləşmələr çərçivəsində qarşılıqlı fəaliyyət və ölkəmizin makroiqtisadi prioritetləri müzakirə olunub. Tərəflər ölkəmizin Seçki Qrupunda təmsilçiliyinin gücləndirilməsi və bu çərçivədə koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Azərbaycan nümayəndə heyəti “Moody’s” beynəlxalq reytinq agentliyinin nümayəndələri ilə də görüşüb. Görüşdə Azərbaycanın suveren kredit profili, beynəlxalq maliyyə bazarlarındakı mövqeyi və investor etimadının gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
A.Kərimov Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsinin ölkənin makroiqtisadi sabitliyinin, güclü fiskal mövqeyinin və xarici dayanıqlılığının beynəlxalq səviyyədə qiymətləndirilməsinin mühüm göstəricisi olduğunu bildirib. O, “Moody’s” agentliyi tərəfindən Azərbaycanın suveren kredit reytinqinin “Ba1”dən “Baa3” səviyyəsinə yüksəldilməsini və reytinq üzrə “müsbət” proqnozun saxlanılmasını həyata keçirilən iqtisadi islahatların nəticələrinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.
Bundan əlavə, Fransanın “Societe Generale” bank qrupu ilə keçirilən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər ölkəmizdə investisiya layihələrinin maliyyələşdirilməsi, özəl sektorun maliyyə imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsal maliyyə həlləri və dayanıqlı maliyyələşdirmə sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
N.ABDALOV
XQ