Azərbaycan cəmiyyətinin özünümüşahidə yetkinliyi

19.09.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

II MƏQALƏ

Özünüdərkə qurulan informasiya tələləri

Ulu öndər Heydər Əliyevin sovet dövründə özünüdərkin müxtəlif aspektlərinə verdiyi töhfələr müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyətinin ayaqda qalmasına güclü fayda verdi. Bu barədə kimsə o zaman danışmırdı, lakin dilin statusu, milli-mənəvi dəyərlərə hörmət, mədəniyyətin cəmiyyətdə yaratdığı “immunitet”, hazırlanmış kadrların əksəriyyətinin Vətən sadiqliyi toplumu tamamilə dağılmaqdan hifz edən faktorlar oldu. Kənardan nə qədər pozucu təsirlər oldusa, cəmiyyətin artıq yerini möhkəmlətmiş özünümüşahidə mexanizmləri son anda müqavimətin əsas mexanizmi kimi özünü göstərdi. Onun başlıca əlaməti güclü təzyiqlərə baxmayaraq, məhz xalqın ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsi oldu. Bununla cəmiyyətdə özünüdərkin oturuşmuş mexanizmləri stimullaşdırıldı və o, daha geniş əhatədə özünüdərkin real faktorlarına çevrildi.

Ancaq müstəqilliyin ilk günündən başlayaraq Azərbaycan cəmiyyətini ənənəvi özünüdərk müstəvisindən çıxarmağa yönəlmiş informasiya tələləri qurmağa başladılar. O prosesin təməlində bir konseptual aldatma (saxtalıq, hiyləgərlik) yerləşdirilmişdi. Yəni ənənəvi özünümüşahidə ilə yeni media və texnoloji müşahidə arasında ziddiyyət yaradırdılar. Bu zaman media və yeni texnoloji müşahidə dərin qatlarda ənənəvi müşahidə mexanizmlərinə qarşı birgə tətbiq olunurdu. Burada başlıca fəaliyyət üsulu nədən ibarət idi? Bizcə, xüsusi həssas dönəm olan 1991- 1993-cü illərə ayrıca baxmaq lazımdır.

1991-1993-cü illər: mənəviəxlaqi dəyərlərə hücumlar

Azərbaycan müstəqilliyini əldə etdiyi dönəmdə Qərbdə xüsusi məqsədli informasiya təsiri doktrinaları hazırlanırdı. Eyni zamanda, Rusiya və İranda çoxdan praktikadan keçirilmiş pozucu fəaliyyət yanaşmaları mövcud idi. Bu üç cəbhədən müstəqilliyinə nail olmuş Azərbaycan xalqının kimliyinə, ənənəsinə, adətinə, özünü yeniləyə biləcək qabiliyyətinə, mədəni xüsusiyyətlərinə, ziyalılarına, siyasi liderlərinə və daxili bütövlüyü təmin edən əsas faktorlara qarşı sistemli təsirlər getdikcə güclənirdi.

1991-1993-cü ilin ilk yarısında bu pozucu proses pik həddinə çatmışdı. Azərbaycan cəmiyyəti, onun siyasi liderləri və ziyalıları, tarixi, görkəmli şəxsiyyətləri, adət-ənənəsi müxtəlif üsullarla aşağılanır və dini kimliyinə qarşı kənardan təxribatçı təsirlər özünü göstərirdi. Bu zaman KİV-dən geniş istifadə etdilər. Burada əsasən kriminal, ailə ənənəsinə uyğun gəlməyən informasiyalar, azərbaycanlıların, ümumiyyətlə, guya müasir bəşəri dəyərlərə uyğun olmayan həyat tərzi keçirmələri görüntüsü yaratmağa xidmət edən fikirlər ortaya atmaq kimi üsullardan istifadə olunurdu.

Məsələn, kriminal xarakterli elə cinayətləri qabardırdılar ki, azərbaycanlıların “tükü biz-biz” olurdu. Həmin dövrdə KİV-də çalışan adamlardan biri kimi bunlar gözümüzün qabağında baş verirdi. Aparılan sosioloji sorğularda da həmişə nədənsə guya cəmiyyətin məhz cinayət xarakterli, kriminal mahiyyətli informasiyalara üstünlük verdiyi ilk sırada göstərilirdi.

İndiki mərhələdən baxanda, bu, Azərbaycanda medianın özünə cəmiyyətin obrazını yaratmaq şəraitini yaratmaq və həmin situasiyaya təkrar dərketmə kontekstində daxil olmaqla KİV-də yaradılan cəmiyyətin təhrif olunmuş obrazını “obyektiv təhlil etmək” nümunəsidir. Azərbaycan cəmiyyətinin həmin dövrdə KİVdə yaradılan “ilğım obrazı”nın başlıca əlamətləri aşağıdakılar idi:

– Azərbaycan cəmiyyəti sivil deyil;

– Azərbaycanlılar müasir düşüncəli insanlar deyillər;

– Azərbaycan mədəniyyəti, siyasi, elmi və digər dəyərləri saxtadır;

– Azərbaycanda kriminallıq aparıcıdır;

– Azərbaycanlılar sivil dövlət qura bilməzlər və s.

Ancaq çox əlamətdardır ki, o dönəmdə düşmənlər məqsədlərinə nail ola bilmədilər.

Birincisi, ulu öndər Heydər Əliyevin sovet dönəmində formalaşdırdığı dövlətçilik faktorları bu və ya digər formada həmin pozucu tendensiyalarla açıq mübarizə apardılar.

İkincisi, ənənəvi özünümüşahidə mexanizmləri işlək idi və media və texnoloji özünümüşahidə son həddə üstünük qazana bilmədi.

Üçüncüsü, Azərbaycan KİV-də həm görkəmli jurnalistlər–idarəedicilər, həm də təbiətən vətənpərvər jurnalistlər az deyildilər. Gecə-gündüz onlar mübarizə aparırdılar. O zamanlar redaksiyalar işini səhərə yaxın bitirirdi. Əksəriyyətin qəlbində və işində Vətən, Azərbaycan, müstəqillik, millilik aparıcı yer tuturdu. Yəni düşmən faktiki olaraq Azərbaycan KİV-ni yenə bilmədi – onun sağlam kəsimi sözün həqiqi mənasında Vətəni qoruya bildi!

Bunlar onu göstərir ki, pozucu media və texnoloji özünümüşahidə üsulları geniş himayədarlığa malik olsa da, Azərbaycan cəmiyyətinin ənənəvi özünüdərk mühitini tam parçalaya bilmədi – biz qalib gəldik!

Dirçəliş və təşəbbüsü ələ almaq dönəmi

Ulu öndər Heydər Əliyev xalqın dəvəti ilə yenidən hakimiyyətə gəldikdən sonra tədrici, davamlı və qətiyyətli şəkildə cəmiyyətin özünümüşahidəsinin dövlətçilik istiqamətində inkişafı Azərbaycan hakimiyyəti tərəfindən stimullaşdırıldı. Paralel olaraq kənar təsirlər də gücləndi. Lakin Ulu öndər böyük məharətlə Azərbaycan KİV-nin cəmiyyətin obyektiv obrazını yaratması üçün ciddi addımlar atdı.

Onların sırasında mətbuatın milli kəsiminə yaradılan geniş imkanlar, onun yeni texniki vasitələrlə təchizi və çox önəmli olan qorunması xüsusi yer tutur. Ümummilli lider 1993-2000-ci illər müddətində dəfələrlə Azərbaycan mətbuat orqanlarına güclü dövlətlərin məcburedici təsir cəhdlərini neytrallaşdırmış və jurnalistləri qorumuşdur. Bununla bağlı kifayət qədər fakt göstərə bilərik.

Məsələn, həmin dönəmdə böyük qonşularımızdan biri o vaxta Prezident olan Heydər Əliyevə Azərbaycanın konkret bir mətbu orqanından şikayət etmişdi. Onda dövlət başçısı həmin qəzetin təsisçisini yanına çağırmış və iradları o da dinləmişdir. Ancaq həmin qəzet öz fəaliyyətini əvvəlki kimi davam etdirmişdir. Yəni ulu öndər Azərbaycan mətbuatının müstəqil fəaliyyət göstərməsinə daim çalışmışdır.

Ulu öndər Heydər Əliyevin bu qətiyyəti 1993-cü ildən başlayaraq Azərbaycan KİV-nin cəmiyyətin özünümüşahidəsi və dərkində dövlətçiliyə uyğun rol oynamasını təmin etmişdir. Bununla Avrasiya məkanında çox maraqlı tendensiya meydana gəlmişdir. Konkret olaraq, postsovet məkanında Azərbaycan “rəngli inqilablar” tələsinə düşməyən dövlət kimi özünü təsdiq etmişdir.

Sonrakı təcrübə göstərdi ki, həmin dönəmdən başlayaraq bir sıra postsovet ölkəsi məhz özünüdərkin təhrif olunmuş obrazına yuvarlandığından cəmiyyət çox əziyyət çəkmişdir. Onlar özlərinə Sorosun və ya digər Qərb informasiya maqnatının gözü ilə baxmışlar. Bu da faktiki olaraq cəmiyyətin özünümüşahidə qabiliyyətinin itməsi demək idi. İndi Ukrayna, Gürcüstan, Ermənistan və başqa bəzi ölkələrin yaşadıqları bu baxımdan düşündürücüdür.

Bütün bunların fonunda Azərbaycanın özünümüşahidə kontekstində hansı nailiyyətlər əldə etdiyini qısa təqdim etmək olar. Daha doğrusu, tədqiqatlarda ümumi qəbul edilən hansı əsas istiqamətlər üzrə Azərbaycan riskləri aradan qaldıraraq prosesləri tənzimləyə bildi. Bunun üçün 1993-cü ildən başlayaraq Azərbaycanda təsirini getdikcə artıran yeni özünümüşahidə mexanizmlərinə qısa nəzər salaq.

Yeni özünümüşahidə mexanizmləri

İlk sırada, əlbəttə, media və sosial şəbəkələr yerləşir. Burada üç aspekt üzvi surətdə birləşir – mətnlərin paylaşılması, müxtəlif sosial, siyasi, mənəvi, əxlaqi, mədəni, psixoloji normaların müzakirəsi və bu əsasda sağlam tənqidi mühitin yaradılması. XXI əsrin ilk onilliklərinə qədər Azərbaycanda sosial şəbəkələr “medianın arxasınca” getmişdir. Mediada da əsas olaraq peşəkar qəzetçilik uğrunda mübarizə aparıcı olmuşdur. Azərbaycan media mühiti bu bağlılıqda yüksək səviyyəli xüsusi peşəkar qəzetçilik nümunəsi yarada bilmişdir. Onun təhlili ayrıca mövzudur.

Burada onu deyək ki, peşəkar qəzetçiliyin Azərbaycan nümunəsi müasir mərhələdə əsas olaraq dövlətçiliyin cəmiyyətdə daha geniş təşviqini özündə ehtiva edir. Bununla yanaşı, Azərbaycan jurnalistlərini informasiyanın obyektiv verilməsi, yəni posthəqiqət deyil, obyektiv həqiqət məsələsi daha çox məşğul etmişdir. Buradan özünümüşahidənin iki mühüm aspektini müəyyən edə bilərik.

Birincisi, Azərbaycanın ənənəvi özünüdərki prosesində mətbuat aparıcı rol oynamışdır. Yəni Azərbaycanda müasir peşəkar qəzetçiliyin başlıca meyarlarından biri cəmiyyətin bütün sferalarında ənənəvi dəyərlər üzərində yeniləşmə xəttinin daha çox nüfuz qazanması ilə bağlıdır. Bu aspekt elektron KİV və sosial şəbəkələrin aparıcı rol oynadığı dönəmə qədər üstünlük təşkil etmişdir. Hazırda bir sıra tanınmış Azərbaycan jurnalisti peşəkar qəzetçiliyin yeni nümunəsini və normalarını yaratmaq məsələsini aktuallaşdırırlar. Bu, çox vacib məsələdir.

İkincisi, tədricən elektron müşahidə üsullarının Azərbaycan media mühitinə təsirləri artdı. Bu proses ziddiyyətsiz getmir. Hətta azərbaycançı media sərhədləri bəzən pozulur. Aşırı informasiya sərbəstliyi ilğımı yaradılır. Çünki heç zaman tam informasiya sərbəstliyi mövcud olmamışdır və olmayacaq da. Ona görə ki, hər bir deyilən söz kim tərəfindənsə deyilir ki, bu da artıq bəri başdan bir sərhəddir.

Həmin sərhədin semantik və funksional aspektləri qarşılıqlı əlaqədə olurlar və ondan müəyyən mətn yaranır. O, ya “(in) formation”dur (Maykl Skot anlamında), yəni predikativ mahiyyətlidir, ya da konkret məna dayışcısı kimi diskursdur (Y. Habermas anlamında). Öz növbəsində fəlsəfi kontekstdə burada iki mühüm faktor aktuallaşır. Onlardan birincisi M.Skot mənasında informasiyanın özündə substantiv xüsusiyyətləri daşıması ilə bağlıdır. Yəni boş, məqsədsiz və məzmunsuz informasiya olmur.

Doğrudur, bu şotland filosof orta əsrlərdə Aristotelin “bölünməzləri”nin İbn Rüşd tərcüməsində (İbn Rüşd də İbn Sinanın fəlsəfi mövqeyinə əsaslanırdı) məna və məzmununu təhrif etmişdir. Ancaq əsas məqam saxlanılmışdır: hər bir informasiya müəyyən mədəni və sosial məna çalarını ehtiva edir. Bu da informasiyanın ötürülməsini sosiallaşdırır və onun konkret məqsədə xidmət etməsini praktiki müstəviyə gətirir.

Bir neçə əsrdir ki, Qərb fəlsəfi və elmi təfəkkürü məhz M.Skotun verdiyi anlam kontekstində informasiyanı dərk edirlər. Bu da fəlsəfədə və elmdə biliklə informasiyanın konkret münasibətlər sistemini yaratmışdır və indi süni intellekt, ən yeni texnologiyalar, elektron sosial şəbəkələr və digər kommunikasiya vasitələri həmin təsəvvür üzərində bərqərar olurlar. Bu barədə bir sıra filosof, sosioloq və kulturoloqlar geniş tədqiqat aparmışlar. Nümunə kimi Marşall Maklüyeni (XX əsrin əsrin ikinci yarısı Kanada filosofu və sosioloqu) və Niklas Lumanı (XX əsrin ikinci yarısı alman sosioloqu) göstərə bilərik.

Deməli, “informasiya” anlayışının dərki məsələsinin xüsusiyyətləri müasir ən yeni texnologiyalar və həm də elektron sosial şəbəkələrin funksionallaşmasında əsas rol oynamışdır.

Digər aspekt yuxarıda vurğuladığımız kimi, mediada yaradılan mətnin diskursiv mahiyyətli olması ilə bağlıdır. Cəmiyyətin özünümüşahidəsinin fəlsəfi və praktiki tərəfləri üçün bu məqamın xüsusi əhəmiyyəti vardır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью