Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
IV MƏQALƏ
Yüksələn Azərbaycan
Bu iki söz müasir Azərbaycan Respublikasına yanaşmaların mərkəzində dayanır – dostlar ondan qürurlanır, bir sıra dairələr isə narahat olurlar. Prezident İlham Əliyev 2024-cü ilin başlanğıcında demişdi ki, Azərbaycanın qələbələri çox “daşları tərpətmişdir” və buna reaksiyaları gözləmək lazımdır. O cümlədən informasiya təxribatları və dezinformasiyalar yeni səviyyəyə yüksələ bilər. Dövlət başçısı bu fikirləri ümumi halda Azərbaycan üçün yeni tarixi mərhələnin başladığını bəyan etməsi fonunda ifadə etmişdir.
Onun fonunda Azərbaycan cəmiyyəti və dövlətinin qarşısında çox mühüm vəzifələrin qoyulduğu tezisini də ölkə rəhbəri xüsusi vurğulamışdır. Özlüyündə bu, çoxaspektli mürəkkəb prosesdir və onun hər biri üzərində dayanmaq imkansızdır. Lakin baxılan mövzu kontekstində bir sıra mühüm faktorlara nəzər salmaq olar.
Başqa tərəfdən, informasiya baxımından bunlar həm Azərbaycanın dövlət olaraq statusunun öncəki mərhələlərdən daha yüksək səviyyəyə qalxdığını, həm də ölkəmizə qarşı fəaliyyətlərin arta biləcəyini ifadə edirdilər.
Son illər baş verən bir sıra hadisələr Azərbaycan Prezidentinin dəqiq proqnoz verdiyini təsdiqləyir. Çox müxtəlif istiqamətlərdən ölkəmizin əleyhinə həmlələr olur. Bu prosesin fonunda Azərbaycan cəmiyyətinin, o cümlədən sosial medianın verdiyi reaksiyaları təhlil etmək gərəkdir.
Burada bizim üçün əhəmiyyətli olan başlıca məqam ölkə rəhbərinin yeni tarixi mərhələdə milli-mənəvi dəyərləri, milli maraqları və müstəqil dövlətçiliyi qorumağın əsas vəzifələrdən biri olduğunu xüsusi vurğulaması ilə bağlıdır. Bu vəzifənin prizmasında sosial şəbəkənin fəaliyyəti, təbii ki, araşdırılmalıdır. Araşdırmaq cəmiyyətin özünümüşahidəsinin bir növüdür. Onun başlıca parametrlərini bu mövzuda II məqalədə vurğulamışıq.
Milli kimlik və müstəqillik
Kənar dairələr əsasən bu iki istiqamət üzrə Azərbaycan cəmiyyətində qeyri-müəyyənlik yaratmağa çalışırlar. Onlar bu məqsədlə bir tərəfdən azərbaycanlıların milli kimliyi, digər tərəfdən isə başqa türk xalqları ilə tarixi münasibətləri kontekstində çox hiyləgər üsulla formalaşdırılmış təxribatçı informasiyaları manipulyasiyadan istifadə edirlər. Öncədən bu kimi həmlələrin haradan və necə gələcəyini müəyyən etmək də çox çətindir. Ancaq ümumi halda kimlərin nə edə biləcəklərini proqnozlaşdırmaq mümkündür.
Təcrübə göstərir ki, vurğulanan istiqamətdə başlıca olaraq hədəf kimi, birincisi, azərbaycanlıların milli kimliyinin artıq elmdə və ictimai şüurda oturuşmuş məzmunda olmadığı təəssüratı yaratmaq, ikincisi, bu şübhəni müxtəlif gizli suallarla, ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı kontekstində hər bir türk xalqına aid etməyə cəhdlər göstərmək.
Buradan ümumi bir qənaət alırlar: ümumiyyətlə, türk xalqlarının ortaq tarixə, mədəniyyətə, həyat tərzinə, siyasi, mənəvi və psixoloji düşüncəyə malik olmaları və bu anlamda “türk ailəsi”nin mövcudluğu sual altındadır.
Öz ağıllarınca formalaşdırdıqları bu absurd qənaətin fonunda isə bir addım da irəli gedərək söyləyirlər ki, belə şərtlər daxilində Türk dünyasının hər hansı birliyi və onun əsasında da TDT-nin gerçək birləşdirici təşkilat olmaq şansı yoxdur.
Deməli, əslində, hər hansı türk cəmiyyətinin milli kimliyi, cəmiyyət və dövlət kimi müstəqilliyini şübhə altına salmaq cəhdi yalnız həmin ölkənin ekzistensial mövcudluq hüdudları ilə məhdudlaşmır – daha ümumi miqyasda bütövlükdə, türk dövlətçiliyinin inkişafına yaradılan informasiya əngəlini ifadə edir. Məhz gerçək aktual hesab etdiyimiz bu xüsusa görə öncəki məqalədə cəmiyyətin özünümüşahidəsi prosesinin başlıca parametrləri olaraq Azərbaycanın güclü dövlət kimi formalaşmasının təməlində “bir millət, iki dövlət” kəlamının xüsusi yer tutduğunu, Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı birləşdirici gücü olmasını və Azərbaycanın Avrasiya məkanında orta güc nümunəsi statusuna yüksəlməsini ön sıraya çıxarmışıq.
İndi bu parametrlər fonunda Azərbaycanda özünümüşahidənin son təzahürünün sosial mediada əksolunma formasına baxaq. Bu, faktiki olaraq, indiki mərhələdə sosial medianın yaratdığı cəmiyyət obrazının əsas cizgiləridir.
Azərbaycan sosial mediası
Obrazlı desək, həm “Şah İsmayıl testi”, həm də BMT-nin Baş Assambleyasında baş verənlərə münasibət məsələsində Azərbaycan mediası yüksək səviyyədə bir həqiqəti ortaya qoydu: böyük əksəriyyət birmənalı surətdə milli dövlətçiliyin, milli-mənəvi dəyərlərə sədaqətin və türk kimliyinin alternativi olmadığının tərəfdarıdır. Bu komponentlər müzakirənin kimlərlə aparılmasından asılı olmayaraq Azərbaycan sosial mediasında dayanıqlı mövqelərini saxlayırlar. Bizcə, yeni tarixi mərhələdə milli maraqlar üzərində dövlətçiliyin inkişafı baxımından olduqca əhəmiyyətli məsələdir. Kimsənin şübhəsi qalmadı ki, Azərbaycan sosial mediası millilik və dövlətçilik məsələlərində yüksək fikir birliyi nümayiş etdirə bilir.
Bununla yanaşı, hər bir cəmiyyətdə olduğu kimi, ifrat kəskin mövqelərə də rast gəlinir. Lakin onlar elə sosial şəbəkələrin özü vasitəsilə qınanılır. Aydın görünür ki, eyni tarixi mərhələdə Azərbaycan sosial mediası özünümüşahidədə özünü tənqid və özünütənzimləmə aspektlərini ehtiva edir. Bu, faktiki olaraq, sosial medianın milli mövqedən özünütəşkil prosesində yeni mərhələyə qədəm qoyması deməkdir.
Bu zaman “Vətən” anlayışı sıx surətdə tarixi aspektlə əlaqələndirilir. “Azərbaycan Vətəndir” anlamı tarixi qaynaqlardan başlayaraq bugünün reallıqları prizmasında qəbul edilir. Onu nəzərə almaq lazımdır ki, Azərbaycan sosial mediasında Vətən mövzusunda hər şeyin rəvan olduğu və avtomatik adekvat yöndə dərketmənin baş verdiyi nəticəsini çıxarmaq olmaz. Burada başlıca məqam kimi sosial medianın özünümüşahidədə prinsipcə milli maraqlar çərçivəsini gözlədiyi tezisi irəli sürülür. Həm də sosial şəbəkələrdə iştirak edənlər özləri radikal, kəskin və milli mövqeyə uyğun olmayan mövqeləri sərt tənqid edərək faktiki olaraq onların aparıcı olmadığını göstərirlər.
Müasir müstəqil dövlətçilik məsələsinə gəldikdə isə, yenə də böyük əksəriyyət “bir millət, iki dövlət” tezisini çox ciddi surətdə nəzərə alır. Həmin çərçivədə Azərbaycanın TDT-də aparıcı birləşdirici güc və orta güc kimi rolundan bəhs edirlər. BMT hadisəsi bunu bir daha göstərdi.
Azərbaycan sosial mediası ölkənin TDT-də birləşdirici rol oynadığına qətiyyən kölgə salmadan onun həm qardaş dövlətlərlə münasibətinə, həm də daha geniş miqyasda əlaqələr qurmaq strategiyasına orta güc olmaq özəlliyi ilə sintezdə yanaşdı. Türk kimliyini aktiv müdafiə fonunda müstəqil siyasət yeritmək haqqını ön sıraya çıxardı. Və bu iki faktorun işığında orta güc olaraq daha geniş geosiyasi məkanlara Azərbaycanın təsir etməsi hüququnu müdafiə etdilər.
Bunların fonunda qardaş Türkiyə sosial media seqmentində proseslər necə getdi?
Türkiyə sosial mediası
Öncə, orada BMT-dəki görüntü əsasında sərt qınaqlar və əsassız ittihamlar özünü göstərdi. Ancaq həm də Azərbaycanın mövqeyini doğru hesab edən videogörüntülər də yayımlandı. Belə hiss olundu ki, sosial medianın Türkiyə seqmenti daha çox kənar manipulyasiya təsirinə düşdü. Lakin həm rəsmi Ankaranın ifadə etdiyi fikirlər, həm də sosial medianın özündə olan müəyyən kəsimin sağlam mövqeyi vəziyyəti sürətlə dəyişdi. Burada Azərbaycan parlamentinin yaydığı informasiyanın da mühüm rol oynadığını deyə bilərik.
Beləliklə, sosial medianın Türkiyə seqmenti Azərbaycana “bir millət, iki dövlət” kəlamının prinsipial tələbləri kontekstində baxmağı hələ daha dərindən öyrənməlidir. Burada bir millətin iki müstəqil demokratik dövlətinin necə qardaş kimi mövcud ola biləcəyinin siyasi, hüquqi, mədəni, mənəvi və s. aspektlərin sirləri vardır. Şuşa Bəyannaməsinin dostluğu, qardaşlığı hansı anlamda müttəfiqliyə proyeksiya etdiyi öyrənilməlidir. Heç bir keçmiş imperiya ambisiyası onları arxa plana ata bilməz. Bu nümunə yalnız Türkiyə və Azərbaycan miqyasında deyil, bütövlükdə, Türk dünyası səviyyəsində prinsipial əhəmiyyət daşıyır.
Bunların fonunda məsələnin niyə məhz indi ortaya atıldığı üzərində düşünmək aktual görünür.
Türk dövlətlərinin növbəti sammiti
Müşahidələr göstərir ki, türk dövlətləri, xüsusilə Azərbaycan TDT-nin möhkəmlənməsi ilə bağlı hər ciddi addım atdıqda əks tərəfdən “stəkanda informasiya burulğanı” yaradılır. Onların da böyük əksəriyyəti Azərbaycan-Türkiyə münasibətlərini hədəf alır. Bu ilin oktyabr ayında İstanbulda keçiriləcək növbəti sammitdə türk birliyinin inkişafı ilə bağlı vacib qərarların qəbul edilməsi gözlənilir. Bu prosesdə Azərbaycanın fəallığı inkaredilməzdir. Görünür, bütün bunları qəbul etmək istəməyən dairələr öz məkrli addımlarını atmaqdadırlar.
Əlbəttə, Azərbaycan və Türkiyə rəsmi dairələri bu kimi hallara qarşı sayıqdırlar. TDT-nin qlobal miqyasda güclü mövqeyi olan təşkilata çevrilməsi yolunda bu iki qardaşı kimsə bir-birindən ayıra bilməz.
Özünümüşahidə yetkinliyi
Yuxarıda vurğulanan məqamlardan bütövlükdə, Azərbaycan cəmiyyətinin özünüdərketmə (özünümüşahidəetmə) xüsusiyyətləri haqqında ümumi qənaətlər əldə etmək olar. Bu proses II Qarabağ müharibəsində əldə edilən böyük Zəfərdən sonra keyfiyyətcə yeni mərhələyə keçmişdir. Azərbaycan cəmiyyəti özünüdərki tarix və müasirliyin qarşılıqlı əlaqəsində həyata keçirməyə çalışır. Bu baxımdan özünümüşahidə cəmiyyətin, II Qarabağ müharibəsindən əvvəlki dönəmə yenidən “idraki daxil olmasına” xüsusi yer verir. Qələbədən sonrakı mərhələdə qələbədən əvvəlki mərhələni dərk etmək mürəkkəb prosesdir. Çünki artıq qiymətləndirmə kriteriyaları içərisində Qələbə parametri də vardır. Bu parametrin 2020-ci ilin payızından öncəki illəri qiymətləndirmədə necə istifadə edilməsi ilə bağlı sual konseptual məzmun daşıyır.
Onu deyək ki, tarixdə elə qalib dövlətlər olmuşdur ki, məhz bu aspektdə fiaskoya uğramışdır. Eyforiyadan yaranan arxayınlıq dövlətçiliyə ciddi ziyan vurmuşdur. Yuxarıda göstərdiyimiz iki nümunə Azərbaycanın bu təhlükəli tələyə düşmədiyini əyani təsdiqləyir. Azərbaycan cəmiyyəti özünüdərkdə (özünümüşahidədə) daha dərin qatlarda milli maraqlara sadiqdir və dövlətçiliyin bunun üzərində bərqərar olmasına inanır. Bunu cəmiyyətin özünümüşahidə yetkinliyinə sahib olduğu və onu inkişaf etdirməkdə qərarlılığı kimi qiymətləndirmək olar.
Bunlarla yanaşı, cəmiyyətin özünümüşahidəsi üçün vacib olan bir məqamı vurğulamaq lazımdır. Cəmiyyətin özünüdərki tənqidi düşüncənin inkişafını tələb edir. Çünki insanlar müxtəlif mövzuları fərqli aspektlərdən qiymətləndirirlər. Bu, ümumiyyətlə, medianın, o cümlədən sosial medianın xarakterik xüsusiyyətidir.
Deməli, hər bir halda fərqli fikirlərə necə yanaşılması məsələsi çox aktualdır. Əgər tənqidi mühit normal formalaşırsa, onda iştirakçılar problemləri daha obyektiv qiymətləndirməyə motivə olurlar. Formalaşan hər bir fikir digər yanaşmaların da aydınlaşdırılmasına yardım edir. Bu da öz növbəsində ictimai diskursun praktiki olaraq səmərəli olmasının baza şərtlərindən biridir. O halda ictimai diskurs fikir mübadiləsi və dialoqun əsas məkanına çevrilə bilir. Azərbaycan cəmiyyəti davamlı olaraq ictimai diskursun yeni səviyyəsinə doğru irəliləyir!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru