Azərbaycan cəmiyyətinin “özünütəftiş”i

03.02.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

II məqalə

Milli-etnik mənşə saxta təftişçilik prizmasında

Müxtəlif anlayışlar və terminlərin təftişi, əlbəttə, çox vacibdir və bu, istənilən toplumda ola bilər. Burada başlıca məsələ “təftişi”n ümumi milli maraqlardan kənara çıxmaması ilə bağlıdır. Həmin prizmada indi müəyyən dərəcədə müzakirə predmeti olan “azər”, yoxsa “azəri” sözü daha uyğundur?” sualına cavab axtarışları başa düşüləndir. Bir sıra cəhətdən, hətta vacibdir. Ancaq burada məsələ azərbaycanlıların mənşəyi “türk və ya qeyri-türkdür” dixotomiyası çərçivəsində qoyulmamalıdır. Sual azərbaycanlıların türk etnik mənşəyinə hansı sözün – “azər”, yaxud “azəri”nin daha adekvat olması kontekstində qoyulmalıdır. Belə olmasa, məsələ saxta “özünüyaratma” kimi anlamsız bir məcraya istiqamətlənər və bizim müstəqil dövlət quran qövm kimi müasir mövcudluğumuzun ana şərtləri ilə tərs düşər. 

Təbii ki, “özünütəftiş” kontekstində bugünkü vəziyyət vurğulanan məsələ ilə məhdudlaşmır. Hətta bir sıra elm adamları tərəfindən milli mənşə ilə bağlı qondarma “nəzəri yanaşmalar” irəli sürülür. Onlar məhdud sayda olsalar da, niyyətləri qəbuledilməzdir. Qondarma “tarixi faktlar”a əsaslanaraq və əslində cəmiyyəti çaşdırmaq məqsədi güdən yanaşmalarla Azərbaycan cəmiyyətini tarixi təkamül yolundan sapdırmağa cəhdlər edirlər. 

Bu zaman əksər hallarda həm Azərbaycan cəmiyyətinin əsas mənəvi-əxlaqi, mədəni, ideoloji, psixoloji dəyərlərini, həm də müasir həyat tərzini aşağılamaq cəhdləri müşahidə edilir. Onun fonunda isə Azərbaycan cəmiyyətini müxtəlif məsələlərdə Türkiyə və başqa türk cəmiyyətləri ilə qarşı qoymaq səylərinə rast gəlinir. Bunu daha çox KİV vasitəsilə etməyə çalışanlar vardır. 

Hər iki istiqamət üzərində “özünütəftiş” kontekstində bir qədər detallı dayanaq. Burada psixoloji olaraq çətinlik onunla bağlıdır ki, həqiqi mənada Azərbaycan cəmiyyətinin mənəvi, mədəni, əxlaqi, sosial, psixoloji və digər sferalarda özünütəftiş etməsinə ehtiyac yaranmışdır. Bunun əsas səbəbi Vətən müharibəsindəki qələbənin cəmiyyətə gətirdiyi “yeni novatorluq ruhu”nun şəkilləndirilməsinə (bütün sahələr üzrə məzmunlaşdırılmasına) ciddi tələbatın (və ya sosial və milli sifarişin) meydana gəlməsi ilə əlaqəlidir. 

Biz, əsrlərdən sonra özünüqalibiyyət fəlsəfəsi ilə yeniləşdirmiş toplum olaraq ruhumuza, özünüinkişaf etdirmək üsulumuza “təkrar idraki daxil olmalıyıq”. Toplumsal miqyasda özünüdərketmə situasiyasına təkrar daxilolmanın elmi məntiqi əsasını Lütfi Zadənin qeyri-səlis məntiq təlimi və Con Spenser Braunun “forma” məntiqi təşkil edir. 

Bu iki məntiqin ortaq şərtləri (bu, ayrı tədqiqat mövzusudur) daxilində yeniləşən Azərbaycan cəmiyyətinin və özünün inkişafının yeni mərhələsinə qədəm qoymuş müstəqil Azərbaycan dövlətçiliyinin identikliyinin təkamülünü strateji səviyyədə bizim üçün aktual vəzifəyə çevirmişdir. Qeyd edilən müasir elmi məntiqlərin ortaq idrakı sahəsində yuxarıda vurğuladığımız və birbaşa Azərbaycan cəmiyyəti ilə bağlı olan özünüyeniləşdirmənin elmi obrazını yaratmaq mümkündür. Bu zaman həm cəmiyyətdaxili mühitdə, həm də bütövlükdə türk dövlətləri arasındakı münasibətlər arealında süni yaradılmağa çalışılan qeyri-müəyyənliklərin təbiətini, məqsədini və məzmununu da adekvat dərk etmək olar. Bütövlükdə isə prosesin ümumi nəzəri mənzərəsini yaratmaq şansı əmələ gələ bilər. Həmin ümumi nəzəri mənzərə və ya elmi modelin işığında ayrı-ayrı detalları görmək və qiymətləndirmək mümkündür.

Onu vurğulayaq ki, belə bir məntiqi yanaşma işığında “cəmiyyətin özünütəftişi” nəinki arzuolunandır, hətta bir tarixi-sosial, toplumsal və dövləti sifarişdir. Bu tezisin müstəqil dövlətçilik kontekstində çox əhəmiyyətli və güclü məqsəd özəlliyi tərəfi mövcuddur. O, Azərbaycan dövləti və qövmü üçün həyati vacib məsələdir. 

İndi bu məqam üzərində dayanaq və onun üzərində “təftişin” özünüinkişaf etdirmək fəlsəfəsi çərçivəsində necə ola biləcəyinə nəzər salaq.

“Özünütəftiş” tarixi-sosial və rəsmi sifariş kimi 

Nə yaxşı ki, ənənəvi olaraq azərbaycanlılar özünütənqidə çox həssas olmuşlar. Bizim qövm olaraq həmin keyfiyyətə malik olmağımızı yüksək dəyər kimi qəbul etməliyik. Ancaq o da var ki, bizlər heç də hər zaman cəmiyyət və dövlətin mövcud olan “təbii hüdudları” daxilində hərəkət etmirik – yaradıcılıq potensialımız sərhədsizdir və bu özəllik bir sıra hallarda ümumi maraqlara zərər verə bilir. Məsələn, keçən əsrin 90-cı illərində müstəqilliyi əldə etdik və dərhal uzaqlara “bayraq sancmaq” eşqini dilə gətirdik. Halbuki Azərbaycan müstəqil dövlətçiliyinin “sifarişi” öncə özündə güclü və qalib dövlət qurmağı tələb edirdi (ona görə ki, müstəqilliyin faktiki əldə edilməsi ilə ərazimizə xarici təcavüz zamanca eyni vaxtda olmuşdu). 

Deməli, Azərbaycanın ənənəvi olaraq “özünə yenidən baxmaq” məsələsinə həssaslığı həm böyük üstünlükdür, həm də ona praqmatik yanaşmayanda tarixi-sosial, toplumsal və dövləti sifarişlər yanlış başa düşülə bilər. İndiki mərhələdə də cəmiyyətin özünütəftişi əsas olaraq bu iki mühüm faktorun semantik və məqsəd sahələrində “özünütəsdiqə” çevrilməyə çalışır. Ancaq anlamağımız gərəkdir ki, özünütəftişin bizi qane edən şərtlər daxilində özünütəsdiqi üçün toplumsal miqyasda baza prinsipləri aydın dərk etməliyik. Hər tarixi dönəmdə onlar fərqlənə bilər. Əvvəlki mərhələ üçün adekvat sayılan kriteriyalar, şərtlər indi keçərsiz ola bilər.

Belə məqamlarda liderin irəli sürdüyü fundamental tezislərə çox həssas olmalı və onları qəbul etməliyik. Azərbaycan üçün yeni tarixi mərhələnin başladığını bəyan edən Prezident İlham Əliyev çıxışlarında həmin fundamental tezisləri çox aydın ifadə etmişdir. Əminik ki, Azərbaycan cəmiyyəti “özünütəftişi” həmin tezislərin semantik və məqsəd sərhədləri daxilində aparmalıdır. Onlardan kənara çıxmaq indiki mərhələdə cəmiyyət və dövlət olaraq faydamıza deyildir!

Biz hansı tezisləri nəzərdə tuturuq?

“Özünütəftiş”in fundamental tezisləri

Azərbaycan Prezidenti İlham Əliyev cəmiyyətin yeni tarixi mərhələdə yeniləşməsini zərurət kimi müəyyən etmişdir. Bu mövqenin başlıca tezisi qalib xalqın və dövlətin əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək siyasi, mədəni, ideya, ideoloji, dövlət quruculuğu varisliyi əsasında bütövlük və birliyi tam təmin etmək şərti ilə bütün istiqamətlərdə yeni davranış nümunələrini formalaşdırmaqla bağlıdır. 

Həmin ümumi fəaliyyət çərçivəsində sosial-siyasi, mədəni və digər fəaliyyətlərin konkret istiqamətləri də müəyyən edilmişdir. Bu miqyasda baza tezislər aşağıdakı kimidir: birincisi, Azərbaycan cəmiyyəti identikliyini mütləq qorumalı, saxlamalı, lakin, eyni zamanda, XXI əsrin çağırışlarına adaptasiya etməlidir, ikincisi, Azərbaycan dövləti regional miqyası aşaraq regionlararası və qlobal səviyyələrdə sülh şəraitində yaşamağın başlıca milli kriteriyalarını formalaşdırmalıdır, üçüncüsü, cəmiyyət-hakimiyyət birliyi milli maraqlar üzərində toplumun özünə yenidən baxışını formalaşdırmalı və bu zaman bütövlüyün bütün sferalar üzrə təmini şərtindən kənara çıxmamalıdır. 

Beləliklə, Azərbaycan Prezidenti ümumi strateji inkişaf xəttini dəqiq müəyyən etmişdir. Bu prosesin daha geniş dinamika sahəsini də müəyyənləşdirmişdir. Həmin xüsusiyyət dövlət başçısının fikirlərində aydın əks olunmuşdur. Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də Andiçmə mərasimindəki nitqi zamanı ayrıca vurğulamışdır: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Fikirlərini tam əsaslandırmaq üçün ölkə rəhbəri dörd mühüm faktı vurğulayır.

Birincisi, “Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, – deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur”. 

İkincisi, “Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz, hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!”.

Üçüncüsü, Azərbaycan Prezidenti artıq unudulmaz tarixi fakt olan “bizimlə oynamaq istəyənlərin” istəkləri fonunda dövlətin geosiyasi seçimini bir daha xüsusi vurğulayır: “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır”. 

Nəhayət, dördüncüsü, Azərbaycan Prezidentinin həmişə olduğu kimi, milli maraqlara dayanan ümumi qənaətində hər şeydən öncə hər bir üzvünün güclü və müstəqil olması şərti üzərində bərqərar ola biləcək müstəqil və güclü dövlətlər birliyini yaratmaq zərurəti vurğusudur: “Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.

Dövlət başçısının vurğuladığı fundamental fəaliyyət tezislərinin ümumi məna sahəsi tam aydındır. Burada tarixi təcrübənin müxtəlif aldadıcı geosiyasi əməkdaşlıq təklifləri və modellərinə artıq məsafəli davranmaq zərurətinin qəbul edilməsi ilk sıradadır. Bu əsaslı geosiyasi seçimdən sonra hansı ölkələr və cəmiyyətlərlə strateji müttəfiqliyə üstünlük verilməli olduğu da dəqiq müəyyən edilmişdir: Türk dövlətləri və cəmiyyətləri, yəni Türk dünyası ailəsi ilə! 

Müstəqil dövlətlərin nüfuzlu güc mərkəzi

Vurğulanan iki fakt əsasında ölkə rəhbəri dövlətin başlıca strateji məqsədini də ifadə etmişdir – güclü milli dövlət qurmaqla TDT-ni dünya siyasətinin müstəqil və nüfuzlu güc mərkəzinə çevirmək! Yəni Türk dünyasının hər bir dövləti, birincisi, müstəqil güclü dövlət olmalıdır, ikincisi, həmin dövlətlər maksimum dərəcədə fəaliyyətlərində sinerji yaradaraq təşkilat kimi ədaləti, haqqı, sülhü təmin edən və qarşılıqlı qazanc gətirən əməkdaşlıq platformalarını formalaşdıran güc mərkəzi olmalıdırlar! 

Deməli, bir soydan, kökdən olan xalqların müstəqil güclü dövlətləri dünya miqyasında böyük anlamda konstruktiv, yaradıcı, birləşdirici və faydaverici, yüksək nüfuzu olan təşkilatda birləşməlidirlər! Bu dövlətlərin hər bir cəmiyyəti də avtomatik olaraq mütəmadi “özünütəftiş”ində həmin fundamental tezislərin şərtlərini ciddi nəzərə almalıdırlar. 

Belə alınır ki, hər bir türk xalqı özünü daim daxilən yeniləməlidir, lakin başlıca hədəfi heç zaman arxa plana atmamalıdır. Yəni özünə və digər türk xalqlarına son dərəcə yüksək sayğı ilə baxmalıdır. Bu qənaətin fonunda yuxarıda vurğuladığımız və vurğulamadığımız, lakin Azərbaycan cəmiyyətinin etnik və mədəni mənşəyində çaşqınlıq yaratmağa istiqamətlənmiş fəaliyyətlərin nə dərəcədə “özünütəftiş”ə uyğun olması üzərində düşünə bilərik. 

Kimlərsə, “yeni baxış” adı altında Azərbaycan cəmiyyətinin toplumsal kimliyini, dövlət olaraq identikliyini təhrif etmək amaclı fikirlər ortaya atırsa, bunun cəmiyyətin həqiqi “özünütəftiş”inə heç bir aidiyyəti yoxdur. “Azəri” sözünü “türk olmamaq” anlamında cəmiyyətə sırımağa çalışan varsa, milli kimliyə qəsd edir. Bunu qəbul etmək mümkün deyildir! 

Və yaxud Azərbaycan türkünün kimliyini Səfəvi–Osmanlı və ya məzhəb mənsubluğu dixotomiyası çərçivəsində aktuallaşdırmağa baş vurursa, eyni dərəcədə anti-Azərbaycan mövqe nümayiş etdirir. Belə hərəkətlərin əsas sifarişçilərinin kənarda olduğuna şübhə yoxdur. Çünki çox böyük boyda Azərbaycanda yaşayanlarda Vətən anlamı yüksəkdir. Bunu Vətən müharibəsi də bir daha təsdiq etdi! 

Həmin səbəbdən əsas məsələ də dezinformasiyaların qarşısının alınması mexanizminin mükəmməl hazırlanması ilə bağlıdır. Burada KİV-in üzərinə böyük məsuliyyətin düşdüyünü inkar etmək olmaz! Yəni ortaya atılmış, bölücü, çaşdırıcı düşmənçilik əhvali-ruhiyyəsi yaradan fəaliyyətin gerçəkçi “özünütəftiş” və ya “yeniləşmə” olmadığı cəmiyyətdə təşviq edilməlidir.  

(ardı var)

Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью