futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sumqayıt” Misli Premyer Liqasında 5 turdan sonra 1 xalla sonuncu sıradadır. “Kimyaçılar” rəqiblərindən bir oyun daha az keçirib.
Komanda cari mövsümdə ilk xalını son turda “Şamaxı” ilə ev matçında qazanıb (1:1).
Bu yay “Sumqayıt”a transfer olunan Renan Santana oyundan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Mövsümdə ilk xalınızı qazandınız. Matçı şərh edərdiniz.
– Düşünürəm ki, pis oynamadıq. Azarkeşlərimizin də dəstəyi ilə üstün tərəf biz idik. Bir xala layiq deyildik. Xırda səhvlərə görə qələbədən olduq.
– Komandanın 4 oyundan sonra 1 xal toplaması gözlənilməzdir. Uğursuzluq nə ilə bağlıdır?
– Bilirik ki, mövsümə ideal başlamamışıq. Bunu istəməzdik, amma qarşıda uzun marafon var. Çalışacağıq ki, xallarımızı artıraq.
– Bir turdan sonra fasilə olacaq. İndiki məqamda bu, sizin üçün faydalıdır?
– Məncə, hə. Toparlanmalı, daha çox birlikdə çalışmalıyıq. Fasilənin bizim üçün faydalı olacağına inanıram.
– Daha əvvəl Braziliya və Portuqaliyada oynamısınız. Azərbaycan sizin üçün yeni təcrübədir. İlkin təəssüratlarınız necədir?
– Burada çox yaxşı komandalar və rəqabət var. Meydançalar möhtəşəmdir, ev oyunlarında azarkeşlərimiz bizi tək qoymur. Azərbaycan çempionatı məndə müsbət təəssürat yaradıb.
– “Sumqayıt”la hədəfləriniz nələrdir?
– Məqsədim ilk növbədə bir idmançı kimi inkişaf etməkdir. Burada yaxşı təcrübə qazanacağıma inanıram. Məşqlərimiz maraqlı və intensivdir. Komandama faydalı olmaq, yaxşı nəticələrə imza atmağı arzulayıram. Hər oyunda məqsədimiz yalnız qələbə qazanmaq olacaq.
Şahin Cəfərov