Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Azərbaycan Çexiyada çox yaxşı nüfuza və müsbət imicə malikdir. Düşünürəm ki, bu, onilliklərə söykənən tarixi əlaqələrimizlə, eləcə də iki ölkə arasındakı siyasi, ictimai və iqtisadi münasibətlərlə bağlıdır. Həmçinin bu gün davam edən intensiv əməkdaşlığın da burada böyük rolu var”.
525.az xəbər verir ku, bunu Çexiyanın Sənaye və Nəqliyyat Konfederasiyasının vitse-prezidenti Radek Spicar Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
O bildirib ki, Azərbaycana biznes nümayəndə heyətinin tərkibində səfər etmək istəyən şirkətlərdən çoxsaylı müraciətlər daxil olub. Lakin hökumət təyyarəsində yerlərin məhdud olması səbəbindən bütün şirkətləri nümayəndə heyətinə daxil etmək mümkün olmayıb.
Əlavə edib ki, ölkəsi Azərbaycanın neft hasilatına əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalı, sənaye və xidmətlər sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata keçid, eləcə də regionun aparıcı ölkəsinə və mərkəzinə çevrilmək istiqamətində həyata keçirdiyi iddialı və maraqlı strategiyanı diqqətlə izləyirik: “Düşünürəm ki, bu məqsədə çatmaq yolunda Çexiyadan daha yaxşı tərəfdaş tapmaq çətindir. Bəs nə üçün məhz Çexiya? Çünki biz tarixən Avropanın sənaye mərkəzlərindən biri olmuşuq. Bu ənənə Avstriya-Macarıstan imperiyası dövründən başlayır və bu gün də davam edir. Avropanın ən çox sənayeləşmiş iqtisadiyyatı Almaniya və ya Fransa deyil, Çexiyadır. Bu sənaye ənənəsi bu gün də qorunub saxlanılır. Nümayəndə heyətimizdə elə şirkətlər var ki, onların tarixi bir neçə il və ya onilliklə deyil, yüz ildən çox sənaye istehsalı ənənəsi ilə ölçülür. Heyətimizə daxil olan şirkətlər təkcə Çexiyada və ya əsas fəaliyyət məkanımız olan Avropa İttifaqında deyil, bütün dünyada uğurla fəaliyyət göstərirlər. Hətta ABŞ, Cənub-Şərqi Asiya, Latın Amerikası və Afrika kimi rəqabətin güclü, tələblərin yüksək olduğu bazarlarda bəzi şirkətlərimiz Avropada olduğundan daha uğurlu nəticələr əldə edirlər. Nümayəndə heyətimizdə ən yüksək keyfiyyət standartlarına cavab verən və Almaniya, eləcə də Çin istehsalçıları ilə rəqabət aparmaq iqtidarında olan metro qatarları istehsal edən şirkətlər var. Həmçinin qatar və avtobus istehsalçıları, müdafiə sənayesi şirkətləri, mürəkkəb ərazilərdə hava limanları və aerodromlar inşa etmək imkanına malik müəssisələr təmsil olunur. Biz dünyada təyyarəni layihələndirmədən son istehsal mərhələsinədək tam şəkildə hazırlamaq qabiliyyətinə malik cəmi yeddi ölkədən biriyik. Məhz bu bilik və təcrübəni, tarixi sənaye ənənələrimizi Azərbaycana təqdim edirik”.
Onun sözlərinə görə, biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi, birgə müəssisələrin yaradılması və uzunmüddətli tərəfdaşlıqların qurulması Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər.
Pərvanə Sultanova