Icma.az, Sia Az portalına istinadən məlumat verir.
Prezident İlham Əliyev: “Əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur”
Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında imzalanan sənədlər, ölkələr arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açıb. Azərbaycanın iştirakçısı olduğu görüşlər, təşəbbüsləri, beynəlxalq layihələri ölkəmizin nüfuzunun artdığının və etimadının yüksəldiyinin daha bir göstəricisidir. Müasir dövrümüzdə böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrilib. Azərbaycanda bütün sahələrin inkişafı ilə yanaşı, beynəlxalq münasibətlər, diplomatik əlaqələr uğurla inkişaf edir. Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanşı, Çinlə də əlaqələri uğurlu inkişaf yolundadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi əlaqələrin yüksək səviyyədə oluğunun göstəricisidir. Görüşdə çıxış edən Prezident İlham Əliyevin bildirdiyi kimi, bu səfər münasibətlərimizin bütün sahələrdə daha da inkişafına xidmət edəcək: “Biz sizin səfərinizi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli hesab edirik. Bildiyiniz kimi, aprel ayından etibarən Çin və Azərbaycan artıq hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Ötən il ölkənizə dövlət səfərimdə mənə göstərilən qonaqpərvərliyi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər yüksəksəviyyəli rəsmilərlə müzakirələrim bir daha göstərir ki, hər iki ölkə bir-birini çox yaxşı dost hesab edir”. Dünyanın ən böyük dövlətlərindən olan Çinlə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılması qərarlaşdırılıb. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə Çin Xalq Respublikası kimi qüdrətli ölkə tərəfindən tanınması mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin inkişaf və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir.
“ÇİN ŞİRKƏTLƏRİ HƏM İNVESTOR, HƏM DƏ PODRATÇI QİSMİNDƏ AZƏRBAYCANDA LAYİHƏLƏRDƏ FƏAL İŞTİRAK EDİRLƏR”
Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün addımlar atılmışdır. Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Ötən müddət ərzində dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərləri, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirib. Bu gün Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Ölkələr arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb. Əlbəttə ki, Çin şirkətləri də Azərbaycanda fəaliyyət göstərmək üçün böyük maraq göstərirlər. “Aprel ayından etibarən ölkələrimiz arasında fasiləsiz qarşılıqlı gediş-gəliş var. Çin şirkətləri həm investor, həm də podratçı qismində Azərbaycanda layihələrdə fəal iştirak edirlər. Bir çox vacib layihələr artıq icra olunub, lakin bir çoxları da icra mərhələsindədir. Əlbəttə ki, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə güclü qarşılıqlı dəstəyi Çinin və Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu əyani şəkildə göstərir. Dünən “ŞƏT plyus” formatında Bişkekdə keçirilən yüksəksəviyyəli görüşdə Sədr Si Cinpin hüquq normaları, davranış qaydaları, beynəlxalq münasibətlər, qlobal xəritədə hər bir ölkənin bərabər olması haqqında danışdı. Biz bu çox aydın baxışla tam razıyıq. Qarşılıqlı dəstək, bir-birinin daxili məsələlərinə qarışmama, dünya miqyasında hər bir ölkənin bərabər şəkildə təmsil olunması və qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur”, - deyə Prezident bildirib.
“BİR KƏMƏR, BİR YOL” LAYİHƏSİ AZƏRBAYCAN TƏRƏFİNDƏN TAMAMİLƏ DƏSTƏKLƏNİR”
Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir. Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir. Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən oldu. "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək yolu iqtisadi kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və respublikamızdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə böyük maraq göstərir. Bu gün Azərbaycan və Çin arasında olduqca yaxşı iqtisadi əməkdaşlıq mövcuddur. “Əlbəttə ki, əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərindən əsas oyunçudur”, - deyə Prezident vurgulayıb.
Azərbaycan-Çin əlaqələri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan ilə Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Göründüyü kimi, keçirilən görüşlərlar və imzalanan çoxsaylı sənədlər ölkələr arasında əlaqələri daha da dərinləşdirib.
Zümrüd BAYRAMOVA