Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Azərbaycanla Çin arasında münasibətlər hər zaman yükəsk səviyyədə olub.
Dünyanın ən güclü dövlətlərindən biri olan Çin Azərbaycanla əlaqələrə xüsusi önəm verir.
Prezident İlham Əliyevin bu ölkəyə baş tutan dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Belə ki, bu səfər ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi.
Hərtərəfli strateji tərəfdaşlıq dövlət başçılarının diplomatiyasına və qarşılıqlı razılaşmalara əsaslanır və bu tərəfdaşlıq davamlı, uzunmüddətli xarakter daşıyır.
Rəsmi görüşlərdə də bəyan olundu ki, Bakı və Pekin bir-birini etibarlı tərəfdaş kimi qəbul edir.
Yeni imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da qeyd olunur ki, dövlət başçıları hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq ediblər.
Ölkələrimiz qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə hazır olduqlarını bəyan ediblər.