Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycanın ev sahibliyi ilə baş tutan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı(COP29)yüksək təşkilatçılıq və bir sıra mühüm qərarların qəbul edilməsi ilə yadda qaldı.
İndiyədək çox sayda irimiqyaslı beynəlxalq tədbirə uğurla ev sahibliyi edən Azərbaycan COP29-da bütün iştirakçı dövlətlərin fəal iştirakı üçün yaratdığı şəraitlə bir daha yüksək təşkilatçılıq imkanlarına diqqət çəkdi”.
Manset.az xəbər verir ki, bu sözləri Türkiyənin nüfuzlu İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydın Azərbaycanda keçirilən COP29 sammitini şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə bu böyük sammitdə geniş tərkibdə və yüksək səviyyədə iştirak etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 2053-cü il üçün Xalis Sıfır Emissiya Hədəfi və enerji transformasiyası strategiyaları haqqında açıqlamaları dünya ictimaiyyətində böyük diqqət və maraq oyandırdı”.
Professor Mustafa Aydın Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli münasibətinə diqqət çəkərək, rəhbərlik etdiyi İstanbul Aydın Universitetinin təhsildən enerjiyə, ətraf mühitdən texnologiyaya qədər bir çox sahədə ciddi tədqiqatlar və layihələr icra etdiyini bildirib: “Universitetlər təkcə bilik istehsal etməməli, həm də gələcəyin ekoloji şüurlu liderlərinin yetişdirilməsində fəal rol almalıdırlar.
İstanbul Aydın Universiteti iqlim dəyişikliyi ilə mübarizə məsələlərini keçirilən dərslərin məzmununa inteqrasiya edərək tələbələrin ətraf mühit haqqında məlumatlılığını artırmağı hədəfləyir.
Bundan əlavə, biz karbonun təsirlərini azaltmaq üçün müvafiq araşdırmalar apararaq, qlobal problemlərin həlli naminə müxtəlif təkliflərlə çıxış etməyə davam edəcəyik”.