Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Davos İqtisadi Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə ilk regional konfransı məhz Bakıda keçirilib. Bu dünyanın iqtisadi beyin mərkəzlərinin ölkəmizə diqqətinin əyani göstəricisi hesab olunur.
Eyni zamanda, Azərbaycan bu nüfuzlu platforma ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Xüsusilə rəqəmsal iqtisadiyyatın gücləndirilməsi sahəsində əməkdaşlıq diqqət çəkir. Davos İqtisadi Forumunun regiondakı Dördüncü Sənaye İnqilabı Mərkəzi də Bakıda fəaliyyət göstərir.
Bununla yanaşı, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq sistemdə baş verən struktur dəyişiklikləri və Azərbaycanın bu proseslərə verdiyi cavabı aydın şəkildə əks etdirir. Müsahibədə səsləndirilən fikirlərdən belə nəticə çıxır ki, beynəlxalq münasibətlər artıq normativ hüquq çərçivəsindən daha çox güc balansı, real imkanlar və milli maraqlar üzərində formalaşır.
Dövlət başçısının vurğuladığı əsas məqam ondan ibarətdir ki, beynəlxalq hüququn selektiv tətbiq olunduğu bir şəraitdə hər bir dövlət öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün müstəqil qərarvermə qabiliyyətinə malik olmalıdır.
Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət, xüsusilə suverenliyin və ərazi bütövlüyünün bərpası bu yanaşmanın praktik nəticəsi kimi çıxış edir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, əldə olunan nəticələr yalnız gücə əsaslanmayıb, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsipləri ilə ziddiyyət təşkil etməyib.
Müsahibənin mühüm istiqamətlərindən biri Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqdır. Prezident İlham Əliyevin sülh prosesinə verdiyi qiymət regionda postmünaqişə mərhələsinin başa çatdığını və əməkdaşlıq mərhələsinə keçidin başlandığını göstərir. Azərbaycan–Ermənistan münasibətlərində müşahidə olunan transformasiya, xüsusilə nəqliyyat və enerji sahəsində atılan addımlar, sülhün yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret maraqlar üzərində qurulduğunu nümayiş etdirir. Bu yanaşma qarşıdurma risklərini minimuma endirən rasional model kimi təqdim olunur.
Paralel olaraq qeyd etməliyik ki, Azərbaycan Davos İqtisadi Forumuna və burada müzakirə olunan məsələlərə xüsusi önəm verir. Forumun rəhbərliyi də öz növbəsində Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırır.
Bu isə qarşılıqlı fayda əsasında münasibətlərin getdikcə gücləndiyini göstərir. Bu əməkdaşlıq rəqəmsal inkişaf strategiyasının daha uğurla icrasına, eləcə də Davos İqtisadi Forumu vasitəsilə qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycana cəlb olunmasına və tətbiqinə imkan yaradır.
Hazırkı dövrdə qlobal risklər və çağırışlar artmaqdadır. Davos İqtisadi Forumunun son hesabatlarında da qlobal geosiyasi risklərin yüksəlməsi xüsusi vurğulanır. Bu risklər fonunda Cənubi Qafqazda yeni geosiyasi nizam formalaşır. Həmin nizam Azərbaycanın birbaşa iştirakı və ölkəmizin müəyyənləşdirdiyi strategiya əsasında yaranır.
Azərbaycan Cənubi Qafqazda sülhə və sabitliyə töhfə verən əsas ölkədir. Ermənistanla benzin ixracı sahəsində əməkdaşlığın bərpası, eləcə də Azərbaycan ərazisi üzərindən Ermənistana daşınan yüklərlə bağlı mövcud qadağaların aradan qaldırılması bunu bir daha təsdiqləyir:
“Bütün bunlar Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini genişləndirdiyini göstərir. Eyni zamanda, hazırda Azərbaycandan mavi qaz alan ölkələrin sayı 16-ya çatıb".
Təkcə bu fakt Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfənin birmənalı şəkildə unikal göstəricisidir.
Bu baxımdan Davos İqtisadi Forumu ilə əməkdaşlıq, xüsusilə geosiyasi risklərin qabaqcadan qiymətləndirilməsi region və Azərbaycan iqtisadiyyatı ilə bağlı preventiv tədbirlərin görülməsinə də imkan yaradacaq.
Digər tərəfdən, təhlükəsizlik məsələləri ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın daxili sabitliyinin təmin edildiyini və əsas risklərin regional və qlobal proseslərlə əlaqəli olduğunu ortaya qoyur. Xüsusilə regionda baş verən qeyri-sabitliklərin fonunda Bakının əsas prioriteti proqnozlaşdırıla bilən mühitin qorunmasıdır. Bu mövqe Azərbaycanın həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından riskləri qabaqlamağa yönəlmiş siyasət apardığını göstərir.
Prezident İlham Əliyevin Davos müsahibəsi Azərbaycanın dəyişən beynəlxalq sistemdə öz davranış modelini formalaşdırdığını göstərir.
Bir sözlə, bu model normativ ideallardan daha çox real güc, iqtisadi potensial və regional məsuliyyət üzərində qurulub. Azərbaycan özünü yalnız regional aktor kimi deyil, eyni zamanda, qlobal proseslərə təsir göstərə bilən, strateji resurslara və siyasi iradəyə malik dövlət kimi təqdim edir.
Eyni zamanda, bu yanaşma ölkənin yaxın və orta perspektivdə beynəlxalq mövqeyinin qorunmasına və möhkəmlənməsinə xidmət edir.