Azərbaycan Davosda Dünya İqtisadi Forumu Həftəsi çərçivəsində keçirilən yüksək səviyyəli GovTech panelində təmsil olundu

26.01.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Davosda Dünya İqtisadi Forumu həftəsi çərçivəsində Əməkdaşlıq Evində, “House of Collaboration” platformasında Avropa və Avrasiya ölkələrindən olan siyasi liderləri və rəqəmsal transformasiya üzrə ekspertləri bir araya gətirən “GovTech Miqyasda: Keçmişi sadəcə rəqəmsallaşdırmaq deyil, Süni İntellekt dövrünü idarə etmək” adlı mühüm yüksək səviyyəli panel müzakirəsi keçirilib.

Gununsesi.info xəbər verir ki, panelə Estoniya və Azərbaycanın beynəlxalq arenada təmsilçisi olan, B.EST Solutions şirkətinin təsisçisi və baş icraçı direktoru, Femmes Digitales – Texnologiyada Qadınlara Dəstək təşəbbüsünün sədri və Davosun 100 Qadını icmasının üzvü Jana Krimpe moderatorluq edib.

Davosda keçirilən müzakirələrin bir çoxu innovasiya və yeni yaranan texnologiyalara fokuslansa da, bu panel “hökumətlərin real siyasi, hüquqi və institusional şəraitdə rəqəmsal və süni intellekt əsaslı sistemləri milli miqyasda necə uğurla tətbiq edə bilməsi” kimi daha mürəkkəb və kritik bir sualara toxunur.

Paneldə vurğulanmışdır ki, müasir GovTech artıq təkcə dövlət xidmətlərinin rəqəmsallaşdırılması demək deyil. Bu həmçinin, etimadın, məlumatların, süni intellektin və institutların siyasi dövrlər boyunca təhlükəsiz, dayanıqlı və miqyaslana bilən şəkildə idarə olunmasını ifadə edir.

Panel diskusiyasında milli səviyyədə praktiki təcrübəyə malik yüksək vəzifəli rəhbərlər iştirak etdilər:

-Taavi Rõivas, Auve Tech-in İdarə Heyətinin sədri və Estoniyanın sabiq Baş naziri, Estoniyanın dünyada tanınan rəqəmsal dövlət modeli üzrə təcrübələrini bölüşdü.

-Eugen Osmochescu, Moldova Respublikasının Baş nazirinin müavini və İqtisadi İnkişaf və Rəqəmsallaşma naziri, real siyasi və institusional təzyiqlər şəraitində həyata keçirilən rəqəmsal islahatlardan danışdı.

-Fariz Cəfərov, 4SİM/C4IR Azerbaijan (Dünya İqtisadi Forumu) üzrə İcraçı direktor, Azərbaycanın süni intellektin idarə olunması və dövlət səviyyəsində Sənaye 4.0-a yanaşması ilə bağlı qabaqcıl baxışını təqdim etdi.

Müzakirə olunan əsas mövzular isə aşağıdakılardır:

-GovTech həllərinin milli miqyasda tətbiqi üçün tələb olunan siyasi və institusional qərarlar

-Süni intellektin reaktiv deyil, proaktiv şəkildə idarə olunması

-Texnologiya ilə yanaşı etimadın və institutların mərkəzi rolu

-Rəqəmsal suverenlik və dövlətlərin hansı sahələri mütləq şəkildə öz nəzarətində saxlamalı olduğu

Panelin moderatoru qismində çıxış edən Jana Krimpe, Azərbaycanın qlobal süni intellektin idarə olunması ilə bağlı müzakirələrdə artan rolunu xüsusi vurğuladı və ölkənin C4IR Azerbaijan kimi platformalar vasitəsilə məsuliyyətli və gələcəyə yönəlik rəqəmsal siyasət çərçivələrinin formalaşdırılmasında fəal iştirak etdiyini qeyd etdi.

Sessiyanın əsas məqamlarından biri ölkələrarası əməkdaşlıqla bağlı verilən güclü mesaj oldu. Bu, Estoniyanın praktik rəqəmsal idarəetmə təcrübəsinin, Moldovanın islahat yolu üzrə əldə etdiyi təcrübənin və Azərbaycanın süni intellekt sahəsində liderliyinin beynəlxalq miqyasda ortaq irəliləyişə necə çevrilə biləcəyini nümayiş etdirdi.

Panelin əsas nəticəsi isə aydın idi: GovTech-in geniş miqyasda tətbiqi texnologiya hekayəsi deyil, idarəetmə hekayəsidir.

Süni intellekt dövründə uğur qazanmağı hədəfləyən hökumətlər köhnə proseslərin sadəcə rəqəmsallaşdırılması ilə kifayətlənməməli, əksinə gələcəyi aydın baxış, cəsarət və etimad əsasında idarə etməlidirlər.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью