Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər boyu xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir.
Xalqımızın dahi simaları Azərbaycan dilini, milli şüuru və milli məfkurəni daim yaşatmışlar. Azərbaycan dilinin Azərbaycanda hakim olması formal surətdə dövlət dili elan olunması yox, hər yerdə tətbiq edilməsi, inkişaf etməsi böyük səylərin nəticəsidir. Təəssüflər olsun ki, ana dilimiz çox zaman güclü müqavimətlərlə də rastlaşmışdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Millətin milliliyini təsdiq edən ən başlıca amil onun dilidir. Azərbaycan dili olmasa ədəbiyyat olmaz, musiqi olmaz, mahnılar olmaz.
Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdir. 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olaraq ayrıca maddənin daxil edilməsində çox ciddi səyləri və müstəsna rolu olmuşdur. Ölkəmiz 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoyaraq dövlət dili statusu qazanmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına “Dövlət dili” adlanan 21-ci maddə daxil edildi. Həmin maddədə qeyd olunur:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
“Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafını təmin edir”.
2001-ci il avqustun 9-da Ulu Öndər Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” mühüm bir fərman imzaladı. Həmin fərmanda deyilir: “On ilə yaxın bir müddətdə latın qrafikasından Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilsin.
Ulu öndərin hakimiyyəti dövrü Azərbaycan dilinin dirçəliş mərhələsi kimi qiymətləndirilir. Ümumilli liderimizin yolunu uğurla davam etdirən prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı sərəncamı bu sferada yarana biləcək çətinlikləri aradan qaldırmaqla, əlifba ilə bağlı digər texniki problemləri həll etdi. Ardıcıl qərarlarla 2012-ci il 29 may tarixli, 2012-ci il 23 may tarixli, 2013-cü il 9 aprel tarixli, 2018-ci il noyabr ayının 1-də imzalanan sərəncamlarla dilimizin inkişafına dövlət qayğısı davam etdirildi.
Prezident İlham Əliyev çıxışlarında ana dilimiz haqqında vurğulamışdır ki, “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”. Bu da ölkə başçısının milli-mənəvi dəyərlərə, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini bir daha sübut etmiş olur.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini