Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan xalqının milli sərvəti olan Azərbaycan dili millətin formalaşmasında əsas amillərdən biridir və xalqımızın keçdiyi tarixi-siyasi yol onda öz əksini tapır. Milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi tarix boyu aktual məsələ olub. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dili və milli dəyərlər uğrunda ardıcıl mübarizə aparıb, bu gün isə Prezident İlham Əliyev bu siyasi və mənəvi irsi uğurla davam etdirir.
Prezident İlham Əliyev 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında çıxışında və bu il yanvarın 5-də yerli mətbuata verdiyi müsahibədə Azərbaycan dilinin saflığının qorunmasının milli vəzifə olduğunu bir daha diqqətə çatdırıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru Lalə Qurbanova deyib. O qeyd edib ki, Azərbaycan dili xalqımızın milli kimliyini əks etdirən əsas amillərdən biridir və keçmişlə gələcək arasında möhkəm körpü rolunu oynayır. Tarix boyu müxtəlif yad təsirlərə məruz qalmasına baxmayaraq, dilimiz qorunaraq bu günə gəlib çatıb.
Alimin fikrincə, bu gün hər bir azərbaycanlının borcu ana dilini qorumaq və inkişaf etdirməkdir. Azərbaycan dili milli-mənəvi dəyər olmaqla yanaşı, milli dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayır.
Lalə Qurbanova bildirib ki, Heydər Əliyevin Azərbaycan dilinə sahib çıxılmasında rolu danılmazdır. Ulu Öndər harada yaşamasından asılı olmayaraq, Azərbaycan dilində danışmaqla xalqa nümunə olub. Prezident İlham Əliyev çox dil bilməyin yaxşı olduğunu söyləməklə yanaşı, ana dilinin kölgədə qalmamasının vacibliyini vurğulayır.
Alim Azərbaycan dilinin zənginləşməsində dastanların, atalar sözlərinin və klassik ədəbiyyatın mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, əsərlərdə yersiz yad sözlərin işlədilməsi dilin ahəngdarlığını pozur və gündəlik nitqə mənfi təsir göstərir. Prezident İlham Əliyev xarici kəlmələrin damcı-damcı dilimizi pozduğunu bildirərək cəmiyyəti bu məsələyə ciddi yanaşmağa çağırır.
Mətbuatın dilin qorunmasında xüsusi məsuliyyət daşıdığını qeyd edən müsahibimiz vurğulayıb ki, jurnalistlər ədəbi dil normalarına riayət etməli, Azərbaycan dilində qarşılığı olan sözlərə üstünlük verməlidirlər.
“Prezident İlham Əliyev efir məkanında jurnalistlərin roluna diqqət çəkərək xarici kəlmələrdən istifadənin azaldılmasını tövsiyə edir. Prezident, eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların ana dilini qorumasını dövlət qarşısında mühüm vəzifə kimi dəyərləndirir. Onun təşəbbüsü ilə onlayn Azərbaycan dili məktəblərinin yaradılması bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır. Dövlətimizin başçısının arzusu dünyada yaşayan 50 milyon azərbaycanlının Azərbaycan dilində səlis danışmasıdır”, - deyə L.Qurbanova bildirib.
Sonda alim qeyd edib ki, Azərbaycan dilinin qorunması ailədən başlayır, təhsil və sosial mühitdə formalaşaraq inkişaf edir. Ana dilinə sevgi və sahiblənmə gücləndikcə, milli kimliyimiz də möhkəmlənəcək.