Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Elə bu səbəbdən də dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır. Necə deyərlər, xalq öz dilini, dil isə onu yaşadan xalqı qorumuş, indiki biçimdə formalaşdırmışdır.
Xalqımız tarix boyu müxtəlif təsirlərə, ərazi işğalına məruz qalsa da, ana dilinin özünəməxsusluğunu, zənginliyini və saflığını qoruyub saxlamış, zənginləşdirmişdir. 70 illik SSRİ kimi böyük imperiyanın tərkibində yaşayan Azərbaycan xalqı rus mədəniyyətinin hegemonluğu və ifrat ideoloji-siyasi təsiri şəraitində milli-mənəvi dəyərlərinin ifadəçisi olan ana dilini unutmamış, onu göz bəbəyi kimi qorumuşdur. Milli ideallara bağlı şəxsiyyət olan Ulu Öndər Heydər Əliyev dühası hələ respublikaya birinci rəhbərliyi dövründə böyük vətənpərvərliklə, siyasi iradə və əzmlə nəinki ana dilinin sıxışdırılmasına yol verməmiş, eyni zamanda, onun inkişafına xidmət edən çoxsaylı tədbirlər həyata keçirmişdir. 1969-cu ilin sentyabrında Azərbaycan Dövlət Universitetinin 50 ililk yubileyində Azərbaycan dilində səlis çıxış edən respublika rəhbəri Heydər Əliyev ana dilinin qorunması və yayılması ilə bağlı cəmiyyətə mühüm siyasi mesaj vermiş, sonrakı mərhələdə üç cildlik "Azərbaycan dili" dərsliyini dövlət mükafatına layiq görmüş, Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunun inkişafına böyük dəstək vermişdir.
1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması isə Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük tarixi xidmətlərindən biri kimi bu gün də böyük ehtiramla xatırlanır. Ulu Öndər Heydər Əliyevin həmin vaxt böyük israrla irəli sürdüyü bu təşəbbüs ittifaq rəhbərliyi tərəfindən müsbət qarşılanmamış, bir çoxları bunu milli ayrı-seçkilik siyasətinin təzahürü kimi qələmə vermişdi. Belə bir addımın guya digər müttəfiq respublikalarda mənfi reaksiya doğuracağı iddia edilmişdi. Konstitusiyanı hazırlayan komissiyanın rəhbəri Heydər Əliyev bütün bu iddialara qarşı tutarlı arqumentlərlə çıxış edərək öz təşəbbüsünün kifayət qədər real olduğunu sübuta yetirmişdi. Maneələrə, ciddi təzyiqlərə baxmayaraq, böyük strateq konstitusiya layihəsindən Azərbaycan dilini dövlət dili kimi təsbit edən 73-cü maddənin çıxarılması barədə təkliflərlə razılaşmamışdı. Beləliklə, Azərbaycan dili dövlət dili statusu almış, bu addım respublikada xalqın milli ruhunun oyanışı, mədəni-tarixi inkişafının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdi.
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilərkən dövlət dilinin Azərbaycan dili adlandırılması haqqında qərarın ümumxalq dəstəyi qazanması da milli həmrəyliyin və dövlətçilik düşüncəsinin mühüm göstəricisi oldu. Konstitusiyanın 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi və bununla da ana dilimizin hüquqi statusu ən yüksək səviyyədə təmin olundu.
Ümummilli Lider Heydər Əliyev müstəqil dövlət quruculuğunun ayrılmaz hissəsi kimi dil siyasətinə xüsusi önəm verirdi. Ulu Öndərin 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan dilinin bütün sahələrdə geniş tətbiqi üçün yeni mərhələ açdı. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dövlət dilinin qorunması istiqamətində sistemli fəaliyyətə başlanıldı.
Daha sonra Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Bu qərar latın qrafikalı əlifbaya keçidin başa çatmasının və Azərbaycan dilinin inkişafına dövlət qayğısının təzahürü kimi tarixə düşdü.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Azərbaycan dilinin qorunmasına, dilimizə daim qayğı göstərilməsinə və onun yad təsirlərdən qorunmasına önəm verən dövlətimizin başçısı qeyd edib: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm strateji istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib.
Bunlarla yanaşı, Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı da bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini