Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisdə Ana dilimiz və rəqəmsal suverenlik mövzusunda dinləmə keçiriləcək
Məsələ parlamentin İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyası üzrə iş planına daxil edilib. İş planında iki istiqamət ayrıca qeyd olunur: “Azərbaycan dili – milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi” mövzusunda xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinin müzakirəsi və rəqəmsal suverenliyin qorunması, dezinformasiya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi ilə bağlı ictimai dinləmələrin keçirilməsi.
XXI əsrdə dil yalnız məktəbdə, ailədə, mətbuatda və dövlət idarəçiliyində istifadə olunan kommunikasiya vasitəsi deyil. Dil həm də internet axtarışlarında, sosial şəbəkələrdə, elektron hökumətdə, süni intellekt sistemlərində, səsli köməkçilərdə, avtomatik tərcümə proqramlarında, nitqin tanınması texnologiyalarında və rəqəmsal məlumat bazalarında mövcud olmalıdır. Azərbaycan dilinin dövlət dili statusu Konstitusiyanın 21-ci maddəsində təsbit olunub. Konstitusiyaya əsasən, dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Eyni zamanda, ölkə əhalisinin danışdığı digər dillərin sərbəst işlədilməsi və inkişafı da təmin edilir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dövlətin qarşısında daha geniş vəzifələr müəyyənləşdirir. Sənəddə Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafının təmin edilməsi ilə yanaşı, xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına və bu dildən sərbəst istifadə etmələrinə kömək göstərilməsi dövlətin əsas vəzifələrindən biri kimi göstərilir. Bu baxımdan parlamentin gündəliyinə daxil edilən xaricdə Azərbaycan dilinin vəziyyəti məsələsi hüquqi baxımdan müəyyən bazaya malikdir. Son illər diasporun yaşadığı xarici ölkələrdə Azərbaycan dilində təhsil imkanlarının genişləndirilməsi, həftəsonu məktəblərin fəaliyyəti və yeni nəslin ana dilinə çıxışının təmin edilməsidir.
Bu problem yalnız “xaricdə neçə Azərbaycan məktəbi var?” sualından ibarət deyil. Müasir yanaşmada rəqəmsal suverenlik dövlətin öz məlumatlarına, rəqəmsal infrastrukturuna, kritik informasiya sistemlərinə, texnoloji imkanlarına və strateji rəqəmsal resurslarına nə dərəcədə nəzarət edə bilməsi ilə bağlıdır.
Prezident İlham Əliyev 2025-ci ilin sonunda yerli televiziya kanallarına müsahibəsində xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilini mükəmməl bilməsinin vacibliyini vurğulayıb və bəzi ölkələrdə Azərbaycan məktəblərinin olmamasını problem kimi qeyd edərək onlayn məktəblərin yaradılması istiqamətində işlərin aparıldığını bildirib. Bu yanaşma dil siyasətini fiziki sərhədlərdən kənara çıxarır. Azərbaycan dili dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların rəqəmsal mühitdə istifadə edə bildiyi canlı kommunikasiya vasitəsi kimi nəzərdən keçirilir. Bu mənada, süni intellekt Azərbaycan dilini düzgün başa düşməli, nitqi tanımalı, Azərbaycan dilində mətn yarada, müxtəlif dialekt və üslublarla işləyə bilməli, tərcümə və axtarış sistemlərində bu dili dəstəkləməlidir. Bunun üçün isə təkcə texnologiya deyil, böyük həcmdə keyfiyyətli Azərbaycan dilli məlumat bazası lazımdır.
Eyni zamanda, rəqəmsal suverenlik yalnız yerli texnologiya yaratmaq anlamına gəlmir. Əsas məsələ dövlətin və cəmiyyətin informasiya mühitində baş verən prosesləri anlamaq, kritik rəqəmsal infrastrukturu qorumaq, məlumatların təhlükəsizliyini təmin etmək, süni intellektin yaratdığı yeni risklərə hüquqi cavab vermək və vətəndaşların rəqəmsal hüquqlarını qorumaq imkanlarının formalaşdırılmasıdır.
Milli Məclisdə planlaşdırılan iki dinləmənin, yəni Azərbaycan dilinin xaricdə vəziyyəti və rəqəmsal suverenlik məsələlərinin bir-birindən ayrı mövzular kimi deyil, milli suverenliyin müasir dövrdə iki tamamlayıcı istiqaməti kimi müzakirə olunması daha geniş mənzərəni ortaya çıxara bilər. Payız sessiyasında keçiriləcək ictimai dinləmələr bu səbəbdən yalnız mövcud problemlərin sadalanması ilə yekunlaşmır, Azərbaycan dilinin və rəqəmsal mühitin növbəti mərhələdə hansı hüquqi, texnoloji və institusional çərçivədə qorunacağının müzakirəsi baxımından əhəmiyyət daşıyır.
Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü
Komitənin payız sessiyası üçün nəzərdə tutduğu fəaliyyət planında yer alan məsələlər arasında Azərbaycan dili ilə bağlı məsələ olduqca mühüm və günün aktual mövzularındandır. Milli suverenliyin və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi xarici ölkələrdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmənin keçirilməsi həqiqətən də günün tələbindən irəli gəlir. Bu, ilk növbədə, onunla əlaqədardır ki, ümumiyyətlə, xaricdə Azərbaycan dilinin öyrənilməsi və qorunması birbaşa fundamental insan hüquqları ilə bağlıdır.
Beynəlxalq hüquqda dil, sadəcə, ünsiyyət vasitəsi deyil, həm də fərdin kimliyinin və azadlığının tərkib hissəsidir. Bu bağlılıq özünü bir neçə əsas hüquqi və mənəvi müstəvidə göstərir. Məsələyə bir qədər retrospektiv yanaşsaq, görə bilərik ki, ayrı-ayrı dövrlərdə xarici ölkələrdə Azərbaycan dilinin öyrənilməsi və tədris olunması ilə bağlı müxtəlif təşəbbüslərin irəli sürülüb. Vaxtilə Rusiya Federasiyasının Tatarıstan Respublikasında Oğuz Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə hər bazar günü Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi ilə bağlı xüsusi proqramlar həyata keçirilir.
Mən Özbəkistanda olarkən orada bir nəfər mənə yaxınlaşdı. O, Daşkənd Dövlət Universitetinin nəzdində Azərbaycan dili kurslarında Azərbaycan dilinin tədrisi ilə məşğul olan xanım idi. O qeyd etdi ki, bir neçə il bundan əvvəl belə bir təşəbbüs ona daxil olub və Daşkənddə yeni bir mərkəzin açılması ilə bağlı fikir gündəmə gəlib. Həmin dövrdə Özbəkistanda fəaliyyət göstərən diaspor təşkilatları da bu prosesi çox həvəslə dəstəklədilər və burada tələb olunan ehtiyaclar məhz həmin dəstək sayəsində təmin olundu. Çox qısa müddətdə bu fəaliyyət öz bəhrəsini verdi. Amma sonrakı illər müəyyən səbəblərdən bu işdə axsamalar baş verdi.
Yəni bu kimi nümunələr istər-istəməz bir daha bizdə belə bir fikir formalaşdırır ki, belə fəaliyyətlərin sistemli olması üçün çox mütəşəkkil şəkildə əlaqələndirmə işləri həyata keçirilməlidir. Azərbaycan dilinin tədrisi ilə yanaşı, eyni zamanda, milli mədəniyyətin təbliği və tanıdılması ilə bağlı da müsbət nəticələr əldə etmək mümkündür.
Tacir SADIQOV
XQ