Azərbaycan dilinin tədrisinə aid yeni dərs vəsaiti çap olunub

24.11.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dərs prosesində biz müəllimlərin qarşılaşdığı əsas çətinliklərdən biri şagirdlərə mürəkkəb qrammatik qaydaları əzbərlətmək deyil, onlara dilin məntiqini sevdirərək öyrətməkdir. Bu mənada, həmkarlarım Sərvər Şirinov və Əli Şirinovun müəllifliyi ilə yeni çapdan çıxan dərs vəsaiti mənim üçün xüsusilə maraqlı oldu.

Kitabı vərəqlədikcə ilk diqqətimi çəkən məqam mövzuların çox sadə, axıcı və şagirdin qavraya biləcəyi dildə izah olunmasıdır. Məktəblilər, abituriyentlər, eləcə də MİQ-ə  hazırlaşanlar, adətən, dilin incəliklərində çaşqınlıq yaşayırlar. Müəlliflər bu problemi aradan qaldırmaq üçün kitabda “Metodiki kömək”, “Maraqlıdır”, “Yadda saxla” və “Xüsusi qeyd” kimi çox uğurlu bölmələr yaradıblar. Bu qeydlər quru nəzəriyyəni canlı nümunələrlə birləşdirir və oxucunun diqqətini məhz imtahanlarda qarşıya çıxa biləcək əsas məqamlara yönəldir. Kitabda dilin dörd əsas bacarığının – dinləmə, danışma, oxu və yazının inkişafına yönəlmiş materialların və mövzu testlərinin yer alması isə vəsaiti daha da sanballı edir.
Əslində, kitabın bu qədər praktik alınması təsadüfi deyil. Burada müasir elmi yanaşma ilə uzunillik pedaqoji təcrübənin vəhdəti açıq-aydın hiss olunur. AMEA-nın Dilçilik İnstitutunun dissertantı Sərvər Şirinovun elmi axtarışları ilə Əli müəllimin illərlə məktəb mühitində qazandığı zəngin təcrübə  bir araya gələrək ortaya çox dəyərli bir iş qoyub.

Həm bir dilçi, həm də tədris prosesinin içində olan bir müəllim kimi deyə bilərəm ki, bu vəsait təkcə imtahana hazırlaşanlar üçün deyil, dilimizin qrammatik quruluşunu dərindən mənimsəmək istəyən hər kəs üçün stolüstü kitab ola bilər. Həmkarlarımı bu uğurlu nəşr münasibətilə ürəkdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram.

Zaur Məhərrəmov
Müəllim-filoloq 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью