Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 24-də saat 12:00-da Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın tanınmış yazıçısı, publisisti və ictimai xadimi, Xalq yazıçısı Elmira Axundova ilə görüş keçiriləcək.
Redaktor.az xəbər verir ki, görüş çərçivəsində müəllifin Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” və “Ədəbi gəzintilər: Zaman… Süjetlər… Düşüncə…” adlı kitablarının təqdimat mərasimi baş tutacaq.
Təqdimat mərasimində AYB-in sədri, Xalq Yazıçısı Anar, Xalq yazıçısı Natiq Rəsulzadə, tanınmış jurnalist Mixail Qusman iştirak edəcəklər.
Tədbirdə Elmira Axundovanın zəngin yaradıcılıq yolu, publisistik fəaliyyəti, təqdim olunan kitabların məzmunu və ideya istiqamətləri haqqında ətraflı söhbət aparılacaq. Müəllif kitabların ərsəyə gəlmə prosesi, araşdırmalarının əsas istiqamətləri və yaradıcılıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşəcək.
Görüş zamanı universitetin müəllim və tələbələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq, qonağa ünvanlanan suallar cavablandırılacaq.
Qeyd edək ki, Xalq yazıçısı Elmira Axundovanın Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabında Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq ənənələrinin inkişafı, müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət və fəaliyyəti işıqlandırılır.
Nəşr Azərbaycan multikulturalizmi modelinin formalaşması və inkişafının öyrənilməsi baxımından əhəmiyyət daşıyır.
“Ədəbi gəzintilər: Zaman… Süjetlər… Düşüncə…” kitabında isə müəllifin ədəbiyyat, elm və mədəniyyət xadimlərinə həsr etdiyi portret-oçerklər, məqalələr və ədəbi düşüncələri yer alıb. Nəşrdə görkəmli şəxsiyyətlərin yaradıcılıq yolu, həyat mövqeyi və mənəvi dünyası publisistik üslubda təqdim olunur.