Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Böyük Qayıdış siyasəti Azərbaycanın gücünü bir daha göstərir. Bu onu nümayiş etdirir ki, Azərbaycan təkcə müharibə meydanında deyil, eyni zamanda qayıdış məsələsində də güclü bir ölkədir".
Bu sözləri SİA-ya açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, bu istiqamətdə çətinliklərimiz var:
"Ermənistanın mina xəritələrini düzgün verməməsi və digər məsələlər Böyük Qayıdış planının daha gec reallaşmasına səbəb olur. Ancaq ümumi şəkildə həmin ərazilərdə çox möhtəşəm işlər görülür. İstər şəhərlərin salınması, istərsə də burada yeni konsepsiyaların tətbiq edilməsi məsələsində tamamilə müasir texnologiyalarla şəhərsalma və kəndsalma həyata keçirilir. Təsadüfi deyil ki, "ağıllı kənd" və "ağıllı şəhər" layihələri Azərbaycan hökuməti tərəfindən həmin ərazilərdə uğurlu şəkildə icra olunur.
Şəhərsalma və kəndsalma məsələsində digər ölkələr də Azərbaycanın təcrübəsini öyrənmək istəyir və öyrənəcəklər. Azərbaycan bu məsələdə dünyaya uğurlu bir praktika, bir dərs təqdim edir. İnsanlar da əlbəttə ki, sevinə-sevinə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıdırlar. Təsadüfi deyil ki, qısa müddət keçməsinə və həmin ərazilərdə mina xəritələrinin düzgün verilməməsinə baxmayaraq böyük işlər görülüb və bu işlər davamlı xarakter daşıyır. Yeni şəhərlərin, qəsəbələrin və kəndlərin salınması istiqamətində ardıcıl addımlar atılır.
Ümumilikdə Azərbaycanın məqsədi aydındır. Müharibədən əvvəlki dövrdə olduğu kimi, həmin kənd və şəhərlərdə həyat yenidən canlanacaq, insanlar yaşayacaq və qurub-yaradacaqlar. Bu, əlbəttə ki, Azərbaycanın ən böyük arzu və amalıdır və əsas dövlət siyasəti məhz buna yönəlib".