Azərbaycan dövlətçiliyinin əbədilik amalı

11.10.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Tarix ziddiyyətlərlə dolu olan zaman axınıdır. Bəli, vaxt var idi, biz torpaqlarımızın işğal tarixini məktəblərdə şagirdlərə, efirlərdə millətə və digər sosial qruplara, dünyaya terrora, haqsızlığa, ədalətsizliyə məruz qalmağımızı böyük həsrətlə, böyük yanğı ilə, hiddətlə çatdırırdıq. Lakin indi isə biz azad etdiyimiz ərazilərin azadlıq tarixlərini böyük qürurla dərsliklərə və digər platformalara qızıl hərflərlə yazırıq. Bu, bir reallıqdır və tarix elə məqamları yetişdirir ki, illərlə, əsrlərlə xalqın qəlbində gəzdirdiyi həsrət bir liderin qətiyyəti, bir sərkərdənin iradəsi, bir xalqın milli birliyi ilə gerçəyə çevrilir. Qarabağ heç də bizim üçün sadəcə bir coğrafi məkan deyildi. O, xalqımızın mənəvi yaddaşı, milli qüruru, tarixi ədalətə inamı və yarımçıq qalmış arzularının rəmzi idi . Bir sərkərdənin ən böyük şah əsəri Vətən torpağını azad etmək, bir Ali Baş Komandanın ən böyük tarixi missiyası isə xalqının yurd həsrətinə son qoymaqdır. Bu müqəddəs missiya hər kəsə nəsib olmur.
2020-ci il tarixi Zəfəri bizim tariximizdə dönüş nöqtəsi oldu. Torpağa sevgisi olan hər kəs bilir ki, düşmən tapdağı altında olan torpaqların sakinləri özlərini həyatda zəif və sınmış hiss edirlər. Amma bu dönüş nöqtəsi illərin qubarına, illərin siyasi nöqsanlarına, illərlə yığılıb qalmış torpaq nisgilinə son qoydu. Bu Zəfərin fəlsəfi mahiyyəti millətin özünəinamını bərpa etdi, möhkəmləndirdi, dövlətçilik iradəsini nümayiş etdirdi. Elə müqəddəs anlar var ki, onların qiyməti yalnız həmin günlə deyil, hadisənin gələcək nəslin taleyinə, dövlətin siyasi taleyinə olan təsiri ilə ölçülür. Bəli, biz öz Zəfər Günümüzlə buna görə qürur duyuruq. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və Liderin siyasi iradəsi bu tarixi nəticələri bizə bəxş etdi. Tarixi Zəfərimiz böyük şərəfdir, çünki biz Zəfər ölkəsiyik. Onu qorumaq isə Vətən və dövlət anlayışını bilən, onları vicdanla sevən hər kəs üçün məsuliyyətdir.
Qarabağ Zəfərinin əsas və böyük mənası da budur ki, bu tarixi nailiyyət yalnız qürur mənbəyi deyil, həm də əmanətdir. Bu əmanəti qorumaq üçün bu gün var gücü ilə çalışan böyük diplomatiyamız və qətiyyətlə, ləyaqətlə verilən siyasi qərarlarımızdır. Necə ki, biz erməni terrorunun kökünü kəsdik, dövlətimiz üçün təhlükə yaradan bütün neqativ proseslərin də kökünü kəsəcəyik. Dövlət maraqları naminə verilən qərarlardan heç kim çəkinməsin, qorxmasın. Əksinə, dövlət hamımızın sığındığı böyük bir ocaq, müqəddəs bir məbəddir. Ocağımızı sönməyə qoymamaq hamımızın borcudur.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью