Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır. Azərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Müqəddəs Qurban bayramı münasibətilə cari ilin 7-8 iyun tarixlərində Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində “Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər” şüarı altında yardım fəaliyyəti təşkil olunub.
Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müvafiq dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb.
Xeyriyyə aksiyasının təşkil olunmasında Suriyanın “Həyat” Fondu, eləcə də “Səvaidul İhsən” (xeyirxah əllər) və “Bəsmətu Həyat” (həyatın gülüşü) adlı könüllü qrupları da iştirak edib.
Ərəb, türkman, çərkəz və ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşqətrafı vilayətinin Qərbi və Şərqi Quta rayonlarında, növbəti gün isə Homs və Homsətrafı vilayətlərində baş tutub.
Həmin ailələrin böyük əksəriyyətini uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çoxuşaqlı qadınlar təşkil edib.
İki gün ərzində ümumilikdə təxminən 1 500 insan sözügedən yardım fəaliyyətindən faydalanıb.