Azərbaycan dünyanın iqlim müzakirələri mərkəzidir

08.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) işə başlayıb

Qlobal iqlim problemlərinə qarşı praktiki həllərin müzakirə olunduğu və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin hədəfləndiyi Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) fəaliyyətə başlayıb. “SOCAR Green”in əsas tərəfdaşlığı ilə keçirilən beynəlxalq məclis bu il xüsusi əhəmiyyət daşıyır. BCAW BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə eyni vaxtda, ilk dəfə Bakıda keçirilir.

Artıq üçüncü dəfə təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim gündəliyinin müxtəlif iştirakçılarını bir platformada birləşdirir. Dövlət və özəl sektorun nümayəndələri, investorlar, beynəlxalq təşkilatlar, alim və tədqiqatçılar, vətəndaş cəmiyyəti, gənclər və şəhər nümayəndələri tədbir çərçivəsində bir araya gələrək iqlim sahəsində konkret təşəbbüsləri, yeni əməkdaşlıq imkanlarını və investisiya perspektivlərini müzakirə edirlər. Tədbirin ilk günü “Enerji keçidi, iqlim maliyyələşməsi və sənaye karbonsuzlaşdırılması” mövzusuna həsr olunub. Gün ərzində COP31-ə hazırlıq, yaşıl enerji sənayesinin inkişafı, metan emissiyalarının azaldılması və karbon bazarları üzrə sessiyalar keçirildi.
BCAW 2026-nın açılış mərasimində Azərbaycanın Energetika və Xarici İşlər nazirliklərinin nümayəndələri, COP29, COP30 və COP31 sədrliyinin təmsilçiləri, UNFCCC, Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) və digər beynəlxalq qurumların rəsmiləri iştirak etdilər.
Mərasimdə COP29-dan COP31-ə qədər olan keçid dövründə qlobal iqlim gündəliyində formalaşmış müsbət dinamikanın saxlanılmasının vacibliyi qeyd olunub. Bununla yanaşı, əvvəlki iqlim sammitlərində müəyyənləşdirilən öhdəliklərin və təşəbbüslərin real layihə və nəticələrə çevrilməsi, eləcə də hökumətlər, biznes, maliyyə qurumları və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi əsas prioritetlər sırasında göstərildi.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev BCAW-nin artan roluna diqqət çəkərək bildirib ki, tədbirin artıq üçüncü dəfə keçirilməsi mühüm göstəricidir. Onun sözlərinə görə, əsas hədəf iqlim üzrə aparılan müzakirələri konkret fəaliyyətə çevirmək, yeni tərəfdaşlıqların yaranmasına şərait yaratmaq və iqlim fəaliyyətini daha da gücləndirməkdir. O, UNFCCC İqlim Həftəsinin də bu il Bakıda təşkil olunmasının COP31 ərəfəsində ölkələr arasında dialoqun genişləndirilməsi və danışıqlar prosesinə töhfə verilməsi baxımından mühüm imkan yaratdığını vurğulayıb: “Növbəti illərdə Azərbaycanda, şübhəsiz ki, yeni iqlim həftələri keçiriləcək. Biz BMT-yə iqlim həftəsinin keçirilməsi ilə bağlı təkliflər göndərmişik və onların həyata keçirilməsini dəstəkləyirik. Ölkəmizin nümayəndələri bu tədbirlərdə iştirak edəcək, Baku Climate Week isə irimiqyaslı hadisədir”. Muxtar Babayev parlament və digər qurumların belə tədbirlərin hazırlanması və keçirilməsində fəal iştirakını vurğulayıb.
COP29-un prezidenti bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Xəzər dənizi ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin zəruridir: “Dünyada yanğınlar, qida, səhiyyə problemləri artır və bunların hamısının səbəbi iqlim dəyişməsidir. “Resursları paylaşmalıyıq. Azərbaycan üçün iqlim gündəmi həm də siyasi əhəmiyyət daşıyır. COP29 göstərdi ki, Azərbaycan bu məsələlərə həssas yanaşır və problemlərin həlli üçün çalışır”.
Energetika naziri Pərviz Şahbazov isə çıxışında bildirib ki, son enerji böhranı və elektrifikasiya, rəqəmsallaşma, süni intellekt, həmçinin məlumat mərkəzləri hesabına artan tələbat göstərib ki, qalıq yanacaqlarından tələsik imtina uğurlu enerji keçidi demək deyil: “Əsas məsələ optimal tempdə bütün ətraf mühit narahatlıqlarını həll etməyə qadir olan təmiz, təhlükəsiz və davamlı enerji sistemini qurmaqdır”. Bununla yanaşı, nazir Azərbaycanın 2032-ci ildən iki yeni yaşıl enerji dəhlizini istifadəyə verilməsi planını açıqladı. Onun sözlərinə görə, digər strateji prioritetlər arasında regional və regionlararası əlaqələr vasitəsilə “yaşıl enerji”ni beynəlxalq bazarlara çıxarmaqdır: “Ümumi gücü 3,9 min meqavat olan “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması layihənin reallığını təsdiqlədib. 2032-ci ildən etibarən həm bu dəhlizin birinci mərhələsinin, həm də “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Əlaqəsi”nin istifadəyə verilməsi gözlənilir”.
COP29-un İqlim Dəyişmələri üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai də məclisin əhəmiyyətinə toxunaraq Bakı İqlim Fəaliyyəti Həftəsinin COP29 çərçivəsində formalaşmış təşəbbüslərin davam etdirilməsi və konkret iqlim tədbirlərinin təşviqi baxımından mühüm platformaya çevrildiyini qeyd edib.
COP31-in baş icraçı direktoru, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank isə Azərbaycanın COP29 dövründə yaratdığı irsin və iqlim diplomatiyasına verdiyi töhfələrin COP31-ə hazırlıq prosesində mühüm rol oynadığını qeyd edib. Fatma Varank bildirib ki, Türkiyə “Sıfır tullantı” hərəkatının təcrübəsinə əsaslanmaq niyyətindədir. COP31 sədri maliyyəyə çıxışın iqlim hədəfləri ilə onların reallaşdırılması arasındakı əsas maneələrdən biri olaraq qaldığını da vurğulayıb: “Məhz bu boşluğu aradan qaldırmaq üçün biz “İqlim Fəaliyyəti Körpüsü”nü hazırlamışıq və həyata keçiririk”. Bununla yanaşı, iqlim maliyyələşdirilməsinə qlobal ehtiyac ildə ­7,5-9 trilyon dollar təşkil etdiyi halda, mövcud maliyyə axınlarının həcmi təxminən 1,9 trilyon dollara çatdığı qeyd olunub.
Bakı İqlim Fəaliyyəti Həftəsinin miqyası da ildən-ilə genişlənir. Ötən il keçirilən proqram çərçivəsində 46 tədbir təşkil olunub və 30-dan artıq mövzu ətrafında müzakirələr aparılıb. BCAW 2026-da isə daha çox sektorun və müxtəlif iştirakçı qruplarının təmsil olunması nəzərdə tutulur. Bu ilki proqramın əsas məqsədi qlobal iqlim gündəliyində müəyyənləşdirilən prioritetləri konkret fəaliyyətlər, yeni tərəfdaşlıqlar və investisiya imkanları ilə əlaqələndirməkdir.
Builki həftə ərzində 15 əsas dəyirmi masanın, eləcə də çoxsaylı tərəfdaş tədbirlərinin keçirilməsi planlaşdırılır. Dəyirmi masaların bir qismi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsi – İcra Forumu ilə əməkdaşlıq əsasında təşkil olunur. Bu isə Bakını iqlim gündəliyinin müzakirə edildiyi mühüm regional və beynəlxalq platformalardan birinə çevirir.

Nurlan ABDALOV
XQ

Ekspert rəyi
Emi Vest,
“Education development center”
təşkilatının baş beynəlxalq texniki məsləhətçisi

Bütün ölkələrin bir araya gəlməsi və iqlimə uyğunlaşma, eləcə də iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində görüləcək işlər barədə açıq müzakirələr apara bilməyimiz həqiqətən də çox sevindiricidir. Mən hesab edirəm ki, belə platformaların əsas üstünlüklərindən biri müxtəlif ölkələrin öz təcrübələrini bölüşməsi, qarşılaşdıqları problemləri müzakirə etməsi və bir-birindən öyrənməsi üçün imkan yaratmasıdır. İqlim dəyişikliyi qlobal xarakter daşıdığı üçün bu məsələlərin həlli də əməkdaşlıq və birgə fəaliyyət tələb edir. Buna görə burada müxtəlif ölkələrin və müxtəlif tərəflərin təmsil olunması çox vacibdir.
Mən bu tədbiri təkcə COP31-ə aparan növbəti mərhələ kimi qiymətləndirməzdim. Mənim üçün burada daha mühüm məqam davamlılığın təmin olunması və COP-lar arasında əməkdaşlığın ardıcıl şəkildə davam etdirilməsidir. Çünki iqlim məsələləri üzrə fəaliyyət bir sammitdən digərinə qədər məhdudlaşmamalıdır. COP zamanı müəyyən edilən məqsədlərin, qəbul olunan qərarların və irəli sürülən təşəbbüslərin real nəticələr verməsi üçün həmin işlərin ilboyu davam etdirilməsi, müzakirələrin konkret fəaliyyətlərlə müşayiət olunması vacibdir.
Düşünürəm ki, ölkələrin iqlimə uyğunlaşma və emissiyaların azaldılması sahəsində səylərini gücləndirməsinə kömək edən, onların bu istiqamətdə motivasiyasını artıran hər bir təşəbbüs çox dəyərlidir. Belə təşəbbüslər ölkələrə öz öhdəliklərini yenidən nəzərdən keçirmək, əldə olunan nəticələri qiymətləndirmək və qarşıdakı mərhələlər üçün daha kon-
kret addımlar müəyyənləşdirmək imkanı verir. Eyni zamanda, bu cür görüşlər yeni tərəfdaşlıqların yaranmasına və müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişlənməsinə şərait yaradır.
Hesab edirəm ki, COP-lar arasındakı dövrdə bu cür tədbirlərin keçirilməsi iqlim gündəliyinin canlı və davamlı saxlanılması baxımından çox faydalıdır. Əsas məsələ ondan ibarətdir ki, biz iqlimlə bağlı müzakirələri davam etdirək, ölkələr arasında əməkdaşlığı gücləndirək və verilən vədlərin real fəaliyyətə çevrilməsinə çalışaq. Bu baxımdan Bakı İqlim Həftəsi kimi təşəbbüslər beynəlxalq iqlim əməkdaşlığının fasiləsizliyini qorumaq və növbəti COP-a qədər əldə olunan dinamikanı saxlamaq üçün mühüm platformadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью