Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü
[email protected]
Məşhur Litva şairi və tərcüməçisi, bir çox populyar mahnı mətnlərinin müəllifi, habelə Litva-Azərbaycan ədəbi əlaqələrinin böyük hamisi Alfonsas Bukontas (1941-2026) bu ilin sentyabrın 23-də Vilnüsdə əbədiyyətə qovuşub.
Litvalı şair və tərcüməçi, Azərbaycan ədəbiyyatının dostu və təbliğatçısı A. Bukontas.
(Foto: Algimantas Jijyunas)
Alfonsas Bukontas təkcə xalq tərəfindən sevilən bir sənətkar deyil, həm də Litvada Azərbaycan ədəbiyyatının sadiq dostu və fədakar təbliğatçısı olaraq tanınmış, xalqlarımız arasında yeni ədəbi körpülər salmışdır. Oxucular məhz onun Litva dilinə böyük sənətkarlıqla etdiyi poetik tərcümələr sayəsində görkəmli Azərbaycan şairləri Abdulla Şaiqin, Əliağa Kürçaylının, Musa Yaqubun, Fikrət Sadığın, eləcə də çoxillik şəxsi dostluq telləri ilə bağlı olduğu Bəxtiyar Vahabzadənin və İsa İsmayılzadənin yaradıcılığı ilə yaxından tanış ola bilmişlər. O, həmçinin azərbaycanlı Litva partizanı, əslən Ucar rayonu Qazıqumlaq kəndindən olan gənc müəllim və yaradıcılığa yeni başlayan şair Şakir Sadıqovun 1945-1950-ci illərdə "Litva meşə qardaşları ordusu“ sıralarında döyüşərkən qələmə aldığı şeirləri də Litva dilinə tərcümə etmişdir.
A.Bukontasın öz şeirləri də dünyanın bir çox dillərinə, o cümlədən Bəxtiyar Vahabzadə, İsa İsmayılzadə və Tofiq Bayram kimi ustad şairlər tərəfindən dilimizə tərcümə olunaraq Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii jurnallarında və almanaxlarında işıq üzü görmüşdür.
Bununla yanaşı, A.Bukontas 1988-2011-ci illərdə Litva Azərbaycanlıları Cəmiyyətinin mədəni tədbirlərinə də mütəmadi qatılaraq çıxışlar etmiş, çoxmillətli auditoriya qarşısında Azərbaycan poeziyasından etdiyi tərcümələri oxumuşdur. Cəmiyyətin üzvləri – Litva azərbaycanlıları onu hər zaman böyük ehtiramla yad edəcəklər.
Şəxsən mənim üçün Alfonsas təkcə yaxın dost və bir həmkar deyil, həm də Litvadakı həyatımın ilk günlərindən – 1979-cu ildən etibarən mənə Litva etnik mədəniyyətinin zəngin dünyasının qapılarını açan səxavətli bir bələdçi olmuşdur. Bizim birgə yaradıcılıq işlərimiz, Azərbaycan poeziyasından etdiyimiz tərcümələr, tərcümə kitablarına yazdığımız resenziyalar, həmçinin 1985-ci ildə Nizaminin "Leyli və Məcnun" poemasının Litva dilinə tərcüməsi haqqında onun dərin ədəbi-tarixi mülahizələri və qiymətli yazıları hər iki ölkənin mədəni əlaqələr salnaməsində yaddaqalan izlər qoymuşdur.
A.Bukontas və M.Həmzəyev qədim Vilnüs Universitetinin "Alumni" tarixi həyətində. 19 may 1984-cü il.
(Foto: Pyatras Arnoldas Barisas).
Gözəl insan və Azərbaycanı sevən şair Alfonsas Bukontasın vəfatından kədərləndiyimi bildirir, mərhumun ailəsinə, yaxınlarına, dostlarına və bütün Litva yazıçıları ailəsinə həm özümün, həm də Litva Azərbaycanlıları Cəmiyyəti üzvlərinin adından dərin hüznlə başsağlığı verirəm.
A.Bukontasın xatirəsi uzaq Azərbaycanda da onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Sözün və dostluğun sərhəd tanımadığını öz ömrünlə sübut edən, qəlblərdə silinməz izlər və arxanda işıq seli qoyub gedən əziz Dostum! Əlvida, məkanın behişt, ruhun nurla dolsun!
Vilnüs-Bakı, 23 sentyabr 2026-cı il
(Yazı M.Həmzəyevin feysbuk səhifəsindən götürülüb və Litva dilindən tərcümə edilib).