Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Hücum diplomatiyası və ölkəmizi avantüralardan uzaq tutmaq məharəti
Prezident İlham Əliyev iyulun 13-də keçirilmiş IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında bildirdi ki, hazırda Azərbaycan üçün yeganə risk ölkəni hansısa avantüraya cəlb etmək cəhdləridir: “Keçmişdə də belə cəhdlər olub, lakin onlar daha çox siyasi xarakter daşıyırdı. Biz onları həmişə uğurla dəf etmişik və praktik olaraq dayandırılıb. Bu gün onlar daha ciddi və daha təhlükəli xarakter alıb”.
Qeyd edək ki, Prezident İlham Əliyevin diqqətə çatdırdığımız fikirlərini siyasi və geosiyasi kontekstdə təhlil etdikdə, bir neçə əsas mesaj üzərində dayanmaq mümkündür. Hər halda, dövlətimizin başçısı “avantüra” ifadəsini təsadüfən dilə gətirmir. Deməli, Azərbaycanın öz maraqlarına uyğun olmayan xarici qarşıdurmalara cəlb etmək istəkləri avantüradır. Yəni buna cəhd göstərənlər düşünsünlər. Düşünəcəklərmi? Sualımız ritorikdir.
Əlbəttə, heç kəsin düşünməsinə ehtiyac duymuruq. Heç belə bir gözləntimiz də yoxdur. Çünki mahiyyət etibarilə çox qəddar dünyada yaşayırıq. Elə bir dünya ki, hamı yalnız öz maraq və mənafelərini üstün tutur. Nəinki üstün tutur, eyni zamanda, əlinə keçən hər fürsətdə həmin maraq və mənafeləri diktə etməyə çalışır. Azərbaycan isə heyrətamiz dirəniş nümunəsidir. O dirəniş ki, müəllifi ulu öndər Heydər Əliyev, böyük strateqi Prezident İlham Əliyevdir.
Bəli, Prezident İlham Əliyev bildirir ki, hazırda ölkə üçün ən böyük risk hərbi, iqtisadi və ya sosial problemlərdən daha çox, Azərbaycanın böyük güclər arasındakı rəqabətə cəlb edilməsidir. Bu yanaşma ölkəmizin müstəqil xarici siyasət kursunu qorumaq əzminin vurğulanmasıdır. Bu yanaşma, həmçinin əminlik mesajıdır. Başqa sözlə desək, dövlətimizin başçısı Azərbaycanın üçüncü dövlətlərlə qarşıdurmaya sürüklənməyəcəyinə, regionda yeni hərbi eskalasiyanın təşviqinə, Bakının maraqlarına uyğun gəlməyən geosiyasi bloklaşmalara qoşulmasına təhrik hallarına imkan tanınmayacağına, ən başlıcası, Azərbaycanı alətə çevirmək cəhdlərinə yol verilməyəcəyinə əminlik yaradır.
Yada salaq ki, əvvəllər Azərbaycana təzyiqlər əsasən siyasi müstəvidə, informasiya kampaniyaları ilə və diplomatik təsirlər şəklində idi. İndi mahiyyət qalsa da, təzyiq alətlərindın istifadə arealının genişləndiyini görürük. Belə bir şəraitdə müxtəlif güc mərkəzləri – Qərb, Rusiya, Türkiyə, Çin və digər tərəfdaşlarla münasibətlərdə balansı qorumaq müstəsna vəzifədir. Bakının mesajı konkretdir: heç bir geosiyasi qarşıdurmanın iştirakçısına çevrilməmək.
Bu mesaj, eyni zamanda, milli qərarvermə institutunun müstəqilliyinin vurğulanmasıdır. Nəzərə alaq ki, Prezident İlham Əliyev əksər çıxış və müsahibələrində dolayısı ilə və birbaşa Azərbaycanın xarici siyasət qərarlarının yalnız milli maraqlara əsaslandığını, deməli, kənardan diktə edilən gündəmlərə qoşulmayacağını bildirir. Mövcud siyasi əzmin geosiyasi fonuna diqqət yetirsək, Rusiya ilə Qərb arasında davam edən qarşıdurmanın, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasının, Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin və bu prosesə müxtəlif xarici aktorların təsir göstərmək cəhdlərinin, regiondakı nəqliyyat-kommunikasiya layihələri xüsusunda böyük güclərin maraqlarının kəsişməsinin, Yaxın Şərqdə və qonşu regionlarda davam edən gərginliklərin Cənubi Qafqaza mümkün təsirlərinin üzərində dayanmaq mümkündür. Amma Prezident İlham Əliyevin barəsində söz açdığımız əminliyinin yüksək fazası var və bunu IV Şuşa Qlobal Forumunda da vurğuladı: “Ona görə də, necə deyərlər, özümüzü müdafiə etmək bizə yad deyil, konsolidasiya olunmuş birlik ilə mübarizə aparmaq da. Təhlükəsizliyimizi, sərhədlərimizi, təhdidlərə qarşı mübarizə sistemlərimizi gücləndirmək - hər halda, 2003-cü ildən bəri məşğul olduğumuz bundan ibarətdir. Görünür, gücüm imkan verdiyi qədər bununla məşğul olmağa davam edəcəyəm”.
Məşhur deyimdəki kimi, döyüş alnımıza yazılıb. Daim əli tətikdə olmaq da həmçinin. Əslində, Prezident İlham Əliyevin verdiyi mesaj həm də budur. Yəni ölkəmizin rəhbərliyi Azərbaycanı avantüraya cəlb etmək istəklərinə qarşı dirənişin bitib-tükənməz siyasi potensiala malikliyini bildirməklə də xaricə ismarış ünvanlayır. Bu baxımdan keçilmiş yolun və həmin yola əsasən təcrübənin qazanıldığını bəyan edir: “Bu proses (Azərbaycanı avantüraya çəkmək cəhdləri – red.) heç vaxt bitməyəcək, bax, siz qeyd etdiniz, bir il əvvəl danışdığımızı. Bəli, bir az nəfəs ala bilərdik, amma bu şansımız olmayacaq. Hətta 2020-ci ildə, İkinci Qarabağ müharibəsində Qələbədən sonra bir saniyə belə nəfəsimizi dərmədik. Düzünü desək, bayram etmək üçün nə vaxt, nə də istək var idi. Çünki o qədər çox bayram etmək olar ki, hər şeyi gözdən qaçıra bilərsiniz. Biz dərhal sonrakı hazırlıqlara başladıq. 2023-cü ildən sonra, bu cür açıq təhdidlər və Azərbaycana qarşı sanksiya cəhdləri başlayanda, demək olar ki, bu günə qədər müqavimət göstərdik. İndiyə qədər. Həm də müxtəlif cəbhələrdə”.
Sonda onu da bildirək ki, müasir müstəqillik tarixində Azərbaycan dövlətinin fəaliyyətindəki nəzərəçarpan vacib məqamlardan biri də risklərin idarə olunması sahəsindəki məharətdir. Bu məharət Prezident İlham Əliyevin usta siyasətçi obrazını vurğulayır və bu məharətdə həmin obrazın hücum diplomatiyasına üstünlük fazası var. Nəzərə alaq ki, uğurlarımızı, o cümlədən 44 günlük müharibədəki Zəfərimizi gətirən də məhz belə bir diplomatiya oldu. Dövlətimizin başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında (6 avqust) bildirdiyi kimi: “Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz”.
Ə.RÜSTƏMOV
XQ