Azərbaycan elektron hökumət sahəsində qlobal mövqeyini gücləndirir Mütəxəssis rəyi

20.11.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı son hesabat ölkəmizdə aparılan sistemli rəqəmsal transformasiyanın konkret nəticəsini ortaya qoyur. İki il ərzində 74-cü yerdən 36 pillə irəliləyərək dünyada 38-ci mövqeyə yüksəlmək və “Çox yüksək EHİİ” kateqoriyasının V3 altqrupuna daxil olmaq texnoloji arxitekturamızın düzgün qurulduğunu göstərir. Bu sıçrayışın ən diqqətçəkən tərəfi Onlayn Xidmətlər İndeksi üzrə 56 pillə irəliləyərək dünya 11-cisi olmağımızdır. Bu göstərici ilə ABŞ, Böyük Britaniya, Kanada və Norveç kimi ölkələri geridə qoymuşuq. Xidmətlərin təqdimatı üzrə Estoniya ilə 10-cu yeri bölüşmək, institusional çərçivə üzrə isə dünyada 1-ci pillədə qərarlaşmaq ekosistemin yetkinliyini təsdiqləyir. Nəticənin arxasında duran əsas texnoloji dayaqlar mygov üzərindən “bir pəncərə” prinsipinin tətbiqi, digital.bridge ilə qurumlararası real vaxt rejimində məlumat mübadiləsi və Rəqəmsal Sənəd Dövriyyəsidir. Dövlət başçısının müəyyən etdiyi rəqəmsal arxitektura xətti, 2026–2028-ci illər Fəaliyyət Planı və Rəqəmsal İnkişaf Şurasının koordinasiyası bu proseslərin sistemli şəkildə icrasına şərait yaradaraq dövlət xidmətlərində bürokratiyanı və insan faktorunu minimuma endirir".

Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, onlayn xidmətlər İndeksi üzrə əldə olunan 11-ci yer göstərir ki, dövlətin rəqəmsal xidmət infrastrukturu artıq qlobal liderlər səviyyəsindədir. Növbəti mərhələdə telekommunikasiya infrastrukturunun daha da genişlənməsi və insan kapitalının rəqəmsal bacarıqlarının artırılması ilə ümumi reytinqdə ilk 20-liyə daxil olmaq tamamilə real hədəfdir.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью